Türk dövlətlərinin ittifaqı dünyada mövcud olan birliklər sırasında layiqli yerini tutmaqdadır

GÜNDƏM 12 noy 2021, 15:10
İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü ilk nöbvədə qurumun məsləhətçi və məşvərətçi təşkilat çərçivəsini adlayaraq tam təsisatlı funksional beynəlxalq təşkilata çevirilərək Türk Dövlətləri Təşkilatı adlandırılması ilə yadda qalacaq. Bu, təşkilatın fəaliyyətində ciddi dönüş yaradacaq bir addımdır.

Şuranın indiki mərhələyə qədəm qoymasında son 2 ildə quruma sədrlik edən Azərbaycanın hansı rolu olub? Və ya ötən dövrdə Azərbaycanın Şuraya sədrliyi nə dərəcədə uğurlu olub? Türkdilli dövlətləri birləşdirən təşkilatın daha da güclənməsi, nüfuzunun yüksəlməsi üçün nə kimi addımlar atılıb?

Vurğulamaq vacibdir ki, 2019-cu ildə Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Görüşü mühüm mesajlarla, qərarlarla tarixdə öz yerini alıb. Türk Şurasının VII Zirvə görüşü Naxçıvan Sazişinin imzalanmasının onuncu ildönümünə təsadüf etmişdi və bu baxımdan rəmzi xarakter daşıyırdı. Prezident İlham Əliyev iclasda çıxışı zamanı məhz bu məsələ üzərində xüsusi dayanmışdı: “2009-cu ilin oktyabrında dövlət başçılarının Azərbaycanın qədim şəhəri Naxçıvanda keçirilmiş Zirvə Görüşündə ölkələrimiz arasında əməkdaşlığın təsisatlanmış yeni formatı yaradıldı. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan bölgəsi arasında Zəngəzur yerləşir. Vaxtilə Zəngəzur bölgəsinin Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi böyük türk dünyasını coğrafi baxımdan parçaladı. Ancaq Naxçıvanda qəbul etdiyimiz qərarlarla və birgə işimizlə biz türk dünyasının birliyini daha da gücləndirdik və qardaşlığımızı davam etdiririk. Bu mənada Türk Şurasının yaradılmasına dair qərarın məhz Naxçıvanda keçirilmiş Zirvə Görüşündə qəbul edilməsi türk dünyası üçün böyük rəmzi əhəmiyyətə də malikdir”. 

Prezidentın bu mesajı tarixi həqiqətləri ifadə etməklə yanaşı, gələcəyə istiqamətlənmiş bir bəyanat idi. Bu bəyanat, həm də türk dövlətlərinin birgə hərəkət etməsinin vacibliyini tarixi kontekstdən önə çəkirdi. Cəmi bir il sonra 2020-ci ildə Azərbaycanın 44 günlük tarixi zəfəri Prezidentin Zəngəzur mesajının təsadüf olmadığını isbatladı. Dəhlizin açılması ilə bağlı məsələ 10 noyabr tarixli üçtərəfli Bəyanatda əks olundu və artıq bu istiqamətdə görülən işlər göz önündədir.

Türk dövlətlərinin, ümumilikdə 160 milyona yaxın sayda əhali kontingentini əhatə etdiyini nəzərə alsaq, bu gücün birgə hərəkətinin təkcə siyasi baxımdan deyil, iqtisadi cəhətdən də böyük önəm daşıdığını görərik. Düzdür, bu gün regionda həyata keçirilən beynəlxalq və regional layihələrdə türk ölkələrinin əməkdaşlığı mövcuddur. Fəqət, Zəngəzur dəhlizinin açılması ilə bu bağlılıq ən üst səviyyəyə daşınacaq. Dəhliz türk dövlətlərinin əməkdaşlığı üçün yeni və əvəzolunmaz bir nəfəslikdir. Üzv ölkələr arasında yük və sərnişin daşımalarının həcminə olduqca müsbət qatqı verəcək Zəngəzur dəhlizinin eyni zamanda, türk toplumunun inteqrasiyası, təmasların intensivləşməsinə səbəb olacağı şübhəsizdir.  

Bütövlükdə, Bakı iclasında verilən bəyanatlar, Azərbaycanın sədrliyi dövründə atılan addımlar bu qurumun daha da güclənməsinə olan ümidləri doğruldub. Türkdilli dövlətlər arasında əməkdaşlığın güclənməsi, həqiqi birliyə çevrilməsi həmişə Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri olub. İki il ərzində Azərbaycan Türk Şurasına sədrliyi dövründə eyni kökdən gələn türkdilli ölkələr və xalqlar arasında dostluğun, qardaşlığın və əməkdaşlığın daha da möhkəmləndirilməsinə də ciddi töhfələr verib. Baxmayaraq ki, Azərbaycanın sədrliyi COVID-19 pandemiyası dövrünə təsadüf edib və yaranan çətinliklərə rəğmən, əminliklə vurğulamaq mümkündür ki, bu dövrdə türkdilli dövlətlər arasında həm ikitərəfli, həm də çoxtərəfli səviyyələrdə dostluq və əməkdaşlıq əlaqələri daha da möhkəmlənib, Türk Şurasının dünyada nüfuzunun daha da artırılmasına nail olunub. Bunu görmək üçün 2 il ərzində gerçəkləşən tədbirlərə diqqət edək. 

2020-ci il aprelin 10-da Şuranın Prezident İlham Əliyevin təşəbbüsü ilə COVID-19 pandemiyasına həsr olunmuş fövqəladə Zirvə Görüşü keçirilib və bu görüş dövlət və hökumət başçıları səviyyəsində pandemiyaya həsr olunmuş, videokonfrans vasitəsilə təşkil edilmiş ilk beynəlxalq toplantı kimi tarixə düşüb. Tədbirin nəticəsi olaraq ölkələr arasında pandemiya və sonrakı dövr ərzində əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı hədəflər müəyyənləşib və icrasına başlanılıb.

Azərbaycanın sədrliyi dövründə təşkilat çərçivəsində mövcud əməkdaşlıq istiqamətlərinin genişlənməsinə misal kimi, səhiyyə, miqrasiya, kənd təsərrüfatı, energetika, media, prokurorluq, ədliyyə və humanitar sahələrdə yeni əməkdaşlıq mexanizmlərinin qurulmasını göstərmək mümkündür. 2020-ci il ərzində  videokonfrans vasitəsilə Türk Şurasına üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin,  nəqliyyat nazirlərinin, iqtisadiyyat nazirlərinin və gömrükdən məsul qurumların rəhbərlərinin, miqrasiyadan məsul qurumların rəhbərlərinin, turizmdən məsul nazirlərin iclasları keçirilib, mühüm qərarlar qəbul olunub. Bundan başqa, Bakıda Türk Şurasının Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclası, İstanbul şəhərində isə “Əfqanıstandakı vəziyyət və son inkişaflar işığında onun Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzv dövlətlərinə təsiri” mövzusunda Xarici İşlər Nazirləri Şurasının fövqəladə iclası  baş tutub. 

Bütün bunlar 2020-ci ildə Türk Şurasının Azərbaycanın sədrliyi ilə pandemiyanın doğurduğu çətinlikləri dəf edərək fəaliyyətinin miqyasını genişləndirdiyini isbatlayır.

Cari ildə də eyni templə fəaliyyət ortaya qoyulub. 2021-ci il martın 31-də videokonfrans vasitəsilə Türk Şurasının qeyri-rəsmi Zirvə Görüşü baş tutub və bu Azərbaycanın təşkilata sədrliyi dövründə dövlət başçıları səviyyəsində sayca ikinci tədbir olub.

İşğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulması layihələrinə Türk Şurasına üzv və müşahidəçi ölkələrdən olan şirkətlər və iş adamlarının marağı nəzərə alınmaqla, Bakı şəhərində “Azərbaycanın işğaldan azad edilmiş Qarabağ regionunun bərpasına və inkişafına həsr olunmuş” biznes forum təşkil olunub.

Cari ildə türkdilli dövlətlər arasında media sahəsində əməkdaşlıq istiqamətində də addımlar atılıb. Azərbaycan və Türkiyə arasında artıq media platforması yaradılıb. Bundan başqa, Bakıda Türk Şurasının Mediadan məsul nazir və rəsmilərin iclası keçirilib və ardınca İstanbul şəhərində “Dərin kökə sahib keçmiş, güclü gələcək” mövzusunda Türk Şurası Media Forumu təşkil olunub.

Şuranın 2021- ci ildəki fəaliyyəti təhsil, gənclər, kənd təsərrüfatı və digər sahələrdə həyata keçirdiyi tədbirlərlə zəngindir.
 
Azərbaycanın sədrliyi dövründə diqqəti cəlb edən digər mühüm istiqamət üzv ölkələr arasında əməkdaşlığın inkişaf etdirilməsi ilə yanaşı, Türk Şurasının digər mötəbər beynəlxalq təşkilatlarla əlaqələrinin inkişaf etdirilməsidir. Bu sırada BMT, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, İqtisadi Əməkdaşlıq Təşkilatı ilə səmərəli əməkdaşlıq münasibətlərinin davam etdirilməsini, Ümumdünya Səhiyyə Təşkilatı ilə faydalı əməkdaşlıq çərçivəsinin qurulmasını ayrıca qeyd etmək mümkündür. 

Xüsusi vurğulanmalı məqam Azərbaycanın Türk Şurasına sədrliyinin həm də ölkəmiz üçün olduqca tarixi bir dövrə 44 günlük Vətən müharibəsinə təsadüf etməsidir. Bu, eyni zamanda, təşkilat üçün bir sınaq dövrü oldu. Şura Azərbaycanın haqq işi ilə bağlı yetərli mövqe sərgilədimi- sualına cavab tapmaq üçün atılan addımlara diqqət etmək yetər.  Müharibə dövründə türkdilli dövlətlərin xalqlarının da Azərbaycan xalqına dəstəyinin ardıcıl olaraq ifadə etməsinin şahidi olduq. Ölkəmizin beynəlxalq hüquqa və ədalətə əsaslanan mövqeyi Türk Şurası Katibliyi tərəfindən davamlı olaraq birmənalı dəstəkləndi, 2020-ci ilin iyul ayında Ermənistanın Azərbaycanla dövlət sərhədi boyu Tovuz rayonu istiqamətində törətdiyi təxribat barədə, 44 günlük müharibə dövründə Azərbaycanı dəstəkləyən, Ermənistan  tərəfindən Gəncə və Bərdə şəhərlərinin raket atəşinə tutulmasını qınayan bəyanatlar verildi. Türk Şurası heyəti 2020-ci il oktyabrın 20-də Ermənistan tərəfindən raket atəşinə məruz qalmış Gəncə şəhərini ziyarət etdi, eyni zamanda, 2021-ci ilin yanvar ayında Türk Şurası, TÜRKSOY və Türk Mədəniyyəti və İrsi Fondunun nümayəndələri işğaldan azad edilmiş Ağdam və Füzuli rayonlarını ziyarət etdi, düşmən tərəfindən işğal edilmiş ərazilərimizdə onilliklər ərzində törədilmiş vəhşi əməllərin nəticələri ilə əyani şəkildə tanış oldular. Həmçinin, Türk Şurası Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın 2023-cü ildə Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi təşəbbüsünün müəllifidir. Sadalananlar Azərbaycanın Zəfərinin Türk dünyasında birliyin və həmrəyliyin daha da gücləndirilməsində mühüm rol oynadığını ortaya qoyur.  

Coğrafiyası genişlənən Türk Şurasının məhz Azərbaycanın sədrliyi dövründə beynəlxalq nüfuzunun artırılması və digər beynəlxalq təşkilatlarla əlaqələrinin genişlənməsi danılmaz faktdır. İstanbul Zirvə Görüşündə Türk Şurasının Türk Dövlətləri Təşkilatı adlandırılması barədə qərar da bu istiqamətdə həyata keçirilən işlərə ciddi töhfə verəcək.  Mayası eyni soydan, kökdən gələn birlikdən yoğrulan Türk dövlətlərinin ittifaqı dünyada mövcud olan birliklər sırasında layiqli yerini tutmaqdadır.

Bir 8 nəfər və açıq hava şəkili ola bilərBir 13 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilər
Bir 2 nəfər və oturan insanlar şəkili ola bilərBir 4 nəfər, oturan insanlar və ayaqüstə duran insanlar şəkili ola bilər

Elman Babayev
Əməkdar jurnalist
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top