"Pulum olmadığı üçün silah oğurladım" — Sabiq polis işçisi

KRİMİNAL 26 okt 2021, 10:45
Sabunçu rayon Polis İdarəsinin əməkdaşları Musa Allahverdiyev və Elxan Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Demokrat.az xəbər verir ki, bu cinayət işinə  Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

İttihama görə, Sabunçu rayon Polis İdarəsindəki “Zəfər K” tapançalarından birinin yoxa çıxması 2020-ci ilin dekabrında üzə çıxıb. Bakı şəhər Baş Polis İdarəsindən gələn yoxlama nəticəsində məlum olub ki, silahların sayında əskiklik var. 

Silahın axtarışları dörd ay davam edib və 2021-ci ilin aprelində həm Musa Allahverdiyev, həm də Post-Patrul Xidmətinin əməkdaşı Elxan Mustafayev bu məsələ ilə əlaqədar saxlanıb. 

Daha sonra hər iki polis işçisi həbs edilib.

Müəyyən olunub ki, Musa Allahverdiyev polis idarəsinin növbətçi hissəsindəki saxlanc yerindən silahı götürüb, dostu olan Elxan Mustafayevə məxsus bağında gizlədib. Silahın olduğu çantada tapançadan əlavə, qandal, dəyənək və s. də olub.

Hər iki polis işçilərinə Cinayət Məcəlləsinin 228.1 (qanunsuz silah saxlama) və 232.2.3 (şəxs tərəfindən qulluq mövqeyindən istifadə etməklə odlu silahı, döyüş sursatını, partlayıcı maddələri talama) maddələrilə ittiham verilib.

Məhkəmədə ifadə verən Musa Allahverdiyev deyib ki, pula ehtiyacı olduğu üçün silahı götürüb və onu satmaq istəyib. Onun sözlərinə görə, bağa apardığı çantanın içində tapança olmasından dostu xəbərsiz idi, ona bu haqda heç nə deməmişdi.

Elxan Mustafayev özü də sözügedən silahın oğurlanmasında, gizlədilməsində özünü təqsirli bilməyib. O bildirib ki, Musa Allahverdiyevin işdən tapança götürməsindən, onu satmaq istəməsindən və bağa gətirdiyi çantada gizlətməsindən məlumatı olmayıb.

Qeyd edək ki, 2020-ci ilin dekabrında yoxlama zamanı silahın yoxa çıxdığı aşkarlananda bir sıra şəxslər cəzalandırılıb, o cümlədən növbətçi hissənin rəisi Səhrab Rzayev vəzifəsindən azad edilərək, sərəncama göndərilib. 

Fariz Məlikli
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
30 noy 2021, 23:26
Top