Azərbaycan gənclərinin İranda dini təhsil almasının qarşısı mütləq şəkildə alınmalıdır — Deputat

GÜNDƏM 14 okt 2021, 18:32
“Hər sahədə müəyyən yazılmamış qanunlar var. Hansısa xarici dövlətin siyasətçisi, deputatı, naziri, yaxud politoloqu ölkəyə qarşı ittihamlarla çıxış edirsə, ona uyğun cavab verməlidir. Politoloqa cavabı politoloq, nazirə nazir, din xadimlərinə digər ölkənin din xadimi bildirməlidir. İranın hansısa əyalət mollasının ittihamlarına azərbaycanlı din xadimləri cavab verməli idi. Çox yaxşı olardı ki, Qafqaz Müsəlmanları İdarəsi, onun xadimləri İranın mollalarına və dini rəhbərlərinə əsaslandırılmış şəkildə Azərbaycanın haqlı mövqeyini bildirərdilər. Lakin yaşanan gərginlikdə biz bunun şahidi olmadıq”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev azərbaycanlı din xadimlərinin İranla yaşanan gərginlik zamanı laqeyd münasibəti barədə danışarkən bildirib.

Deputat qeyd edib ki, Azərbaycan cəmiyyəti din xadimlərinin İrana cavab verməsini gözləyirdi:

“Bu, normal yanaşmadır və din xadimlərinin atmalı olduğu addım məhz bu idi. Təəssüf ki, ölkədə bir çox din xadimləri özlərini İranın molla-fars rejiminə aid etdikləri, onları özləri üçün rəhbər kimi qəbul etdikləri üçün ictimai şəkildə münasibətlərini bildirmirlər. Bu da Azərbaycan xalqı tərəfindən haqlı olaraq narazılıqla qarşılanır. Onlar istinad edirlər ki, din dövlətdən ayrıdır və siyasi proseslərə müdaxilə etmək istəmirlər. Bu tip bəyanatlarla çıxış etmək problemin həlli və ya vəziyyətdən çıxış yolu deyil. Hər kəs yaşadığı, mənsub olduğu ölkənin mənafeyini qorumalıdır, o cümlədən din xadimləri. Din dövlətdən ayrıdır, amma hər bir vətəndaşın siyasi mövqeyi olmalıdır. Xüsusilə milli və təhlükəsizlik məsələlərində statusundan, cəmiyyətdə tutduğu mövqedən asılı olmayaraq, hər kəs öz siyasi mövqeyini bildirməlidir. Din xadimləri də vətəndaş kimi dövlət maraqlarından çıxış etməli idilər. İranın əyalət mollasının ittihamlarına, fikirlərinə azərbaycanlı din xadimlərinin səssiz qalması başa düşülən deyil. Təəssüf ki, İranın Azərbaycana qarşı ittihamlarında və yaşanan gərginlikdə azərbaycanlı dindarların passiv mövqeyini müşahidə etdik. Bu, yolverilməzdir və cəmiyyət bunu qəbul etmir”.

Deputatın sözlərinə görə, din xadimlərinin iki dövlət arasında yaşanan gərginlik zamanı səssiz qalması bizim üçün siqnal oldu:

“Azərbaycan gənclərinin İranda dini təhsil almasının qarşısı mütləq şəkildə alınmalıdır. Dini təhsil yalnız Azərbaycan daxilində təşkil olunmalıdır. Hansısa ölkədə dini təhsil almaq o ölkənin dini qurumlarının, həmçinin xüsusi xidmət orqanlarının təsir dairəsinə düşmək deməkdir. Xüsusilə savadsız, təhsili olmayan gənclər bu təsir dairəsinə düşdükdə öz dövlətinin yox, həmin ölkənin maraqlarına xidmət edir. Düşünürəm ki, bu, Azərbaycan üçün ciddi təhlükədir. İran-Azərbaycan münasibətində azərbaycanlı din xadimlərinin münasibətini gördükdən sonra dini siyasətimizi yenidən nəzərdən keçirməliyik. Dinlə bağlı xüsusi konsepsiyanın hazırlanması zəruridir. Gənclərin savadsız mollaların mənasız məruzələrini, nağıllarını dinləməyinin qarşısını almaq lazımdır”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top