Bakıda təzə gəlinin qızıllarını girov qoydular, qohumlar arasında qanlı dava düşdü — Şok təfərrüat

KRİMİNAL 07 okt 2021, 12:30
Bakının Nizami rayonunda 1992-ci il təvəllüdlü Sərdar Vəliyev bacısının əri Baba Babayevə (ad və soyadlar şərti verilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin iyunun 20-də, saat 22.45-də Nizami rayonu Tofiq Abbasov küçəsindəki mənzildə baş verib. 

Belə ki, Sərdar bacısını həkimə aparmaması ilə bağlı Baba ilə mübahisə edib. O, mübahisə zamanı Babanın sifət nahiyəsinə iki dəfə yumruqla vurub, ona müxtəlif dərəcəli xəsarətlər yetirib. 

İstintaq orqanı tərəfindən Sərdarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Bu cinayət işi baxılması üçün Nizami rayon Məhkəməsinə göndərilib. Məhkəmədə ifadə verən Sərdar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Baba onun bacısı Nazilənin həyat yoldaşıdır: “Onlar 2019-cu ildə ailə həyatı qurublar. Həmçinin bizim digər qohumluq əlaqələrimiz də var. Ailə həyatı qurduqdan sonra Baba bacımı yola vermədiyindən dəfələrlə ailədə söz-söhbət olub. 2021-ci ilin iyunun təxminən ortalarında bacım mənə bildirdi ki, Baba onun və öz anası Sevilin evdə olan qızıllarını satıb. Nazilə bundan xəbər tutdudan sonra qaynanasına məlumat verdi. Buna görə evdə söz-söhbət olduğundan Baba Naziləni döydü”. 

Təqsirləndirilən şəxsin sözlərinə görə, iyunun 19-da bacısına zəng edərək hal-əhval tutub: “Bacım halı olmadığını, zəhərləndiyini, Babanın isə onu həkimə aparmadığını dedi. Atam Yusifə və anam Lumuzərə  bacımın əşyalarını yığaraq gətirmək lazım olduğunu, onlardan ailə olmadığını dedim. Bu məqsədlə atam və anam ilə birlikdə iyunun 21-də, saat 21.40-da Babagilin yaşadığı ünvana getdik. Qardaşım Raziyə, bibim oğlu Şahinə və Mustafaya bildirdim ki, iki yük maşını tutsunlar, əşyaları götürəcəyik. Babagil yaşayan ünvana çataraq mənzilin qapısını döydük. Bacım Nazilə qapını açdı. Biz evə daxil olanda Baba və anası evdə idilər. Qonaq otağına keçdik. Baba divanda əyləşdi. Ona dedim ki, bura gəlmələrinin səbəbini bilirsən, artıq bıçaq sümüyə dirənib, dərdin nədir, bacım zəhərlənib, həkimə aparmırsan, qızıllarını girova qoyubsan. Baba başa düşmədiyini dedi. Bununla bağlı aramızda mübahisə düşdü. Baba bacımın qolundan tutdu, “Nazilə, bu nə məsələdir” deyə bildirdi. Baba qolumdan tutaraq bayıra çıxmağımı dedi”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, həmin vaxt əsəbini cilovlaya bilməyib və Babanın sifət nahiyəsinə iki dəfə şillə ilə zərbə endirib: “Babanın burun nahiyəsindən qan axmağa başladı. Atam araya girdi, bizi araladı. Biz bacımın azyaşlı qızını götürərək həyətə düşdük. Həmin vaxt qardaşım və bibim uşaqları yük maşını ilə həyətə gəldilər. Onlara yuxarı qalxmamalarını, Babanı döydüyümü dedim. Bu vaxt anam həyətə düşdü və uşağı mənzilə apardı”. 

Sərdar qeyd edib ki, bundan sonra hadisə yerinə polis əməkdaşları gəlib və onları 25-ci polis şöbəsinə aparıblar. 

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Babanın sözlərinə görə, iyunun 20-də yaşadığı evdə olarkən qapı döyülüb: “Qapını açan zaman qaynatam Yusif, qaynanam Lumuzər və qaynım Sərdarın olduğunu gördüm. Onları qarşıladım və birlikdə qonaq otağına keçdik. Anam Sevil mətbəxə çay gətirməyə getdi. Qonaq otağında olduğumuz vaxt qaynım Sərdar mənə bacısını hədələdiyimi dedi. Mən də bunu başa düşmədiyimi, elə bir hadisə baş vermədiyini dedim. Ona evimdə belə danışdığına görə irad tutdum. Həmin vaxt divanda əyləşmişdim. Sərdar oturduğu stoldan duraraq mənə tərəf gəldi, qəfil yumruqla sifət nahiyəmə iki dəfə zərbə endirdi. Nə baş verdiyini anlamadım. Həmin an qaynatam araya girdi. Zərbədən burun nahiyəmdən qan axdı. Səs-küyə anam mətbəxdən gəldi və burunumdan qan axdığını görərək qışqırmağa başladı. Bunu görən Sərdar azyaşlı qızımı götürərək evdən çıxdı. Qaynatam Yusifə bu dəqiqə uşağını evə gətirməsələr, polis çağıracağımı dedim. Bundan sonra qaynanam həyətdən qızımı evə gətirdi”. 

Babanın sözlərinə görə, həmin vaxt qapı döyülüb:”Qapının arxasında kiçik qaynım Razi və Şahinin içəri girmək istədiklərini gördüm. Anam dayıma məlumat vermişdi. Aradan 10 dəqiqə keçdi, evə polis əməkdaşları gəldilər”.
 
Zərərçəkmiş təqsirləndirilən şəxs ilə barışmadığını, onun barəsində ciddi tədbir görülməsini istəyib. 

Cinayət işi üzrə şahid qismində ifadə verən Nazilə bildirib ki, 2019-cu ildə Baba ilə ailə həyatı qurub və birlikdə yaşayıblar: “İyunun 17-də gecə evdə olarkən özümü pis hiss etdim. Zəhərləndiyimi bildim. Babaya bu barədə dedim. Səhəri gün tezdən Baba anası Sevilə bildirdi ki, məni həkimə aparacaqdır. Qaynanam həkimə ehtiyac olmadığını, heç bir zəhərlənmə olmadığını dedi. Baba acıq edərək evdən getdi”. 

Nazilənin sözlərinə görə, iyunun 19-da qardaşı Sərdar ona zəng edib: “Zəhərlənməyim barədə ona məlumat verdim. Həm də Babanın qızıllarımı girova qoyduğunu dedim”. 

Nazilə daha sonra ifadəsində baş verən olaydan danışıb. 

Məhkəmənin hökmü ilə Sərdarın hər ay qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla, 1 il müddətinə islah işləri cəzasına məhkum edilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top