Ata və analığından işgəncə görən azyaşlılardan tükürpədən ifadələr: “Başımızı kəsib, kanala atacağını deyib” — ŞOK FAKTLAR


KRİMİNAL 28 sen 2021, 17:03
Bakının Sabunçu rayonunda 1976-cı il təvəllüdlü Sədi Babayev və onun həyat yoldaşı, 1981-ci il təvəllüdlü Samirə azyaşlı övladlarına işgəncə veriblər.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Sabunçu rayonu, Zabrat qəsəbəsində baş verib. Həmin qəsəbədə yaşayan Sədi arvadı ilə birlikdə onun birinci arvadı Məhəbbətdən olan oğlanları – 2014-cü il təvəllüdlü Əli və 2015-ci il təvəllüdlü Orucu ana babaları və xalaları birlikdə yaşamalarını istədikləri üçün dəhşətli işgəncə veriblər.

Ər-arvad azyaşlılara niyə işgəncə verib?

Sədi ikinci arvadı ilə birlikdə azyaşlı övladlarının bu istəklərindən çəkindirmək məqsədi ilə azyaşlıları yaşadıqları ünvanda mütəmadi olaraq əl və müxtəlif küt əşyalarla döyüblər, bədənləri üzərinə qaynar su tökməklə və siqaretlə yandırmaqla, bədən nahiyəsini qaynar suya saldıqdan sonra həmin hissəyə duz basmaqla, ayağından kəndirlə asmaqla, boğazına kəndir salaraq sıxmaqla və sair zorakı hərəkətləri ediblər.
İstintaq orqanı tərəfindən Sədinin barəsində Cinayət Məcəlləsinin 133.2.1-ci (iki və ya daha çox şəxsə qarşı və ya girov götürülən yaxud oğurlanmış şəxsə qarşı və ya sifarişlə əzab vermə), 133.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən əzab vermə), 133.2.4-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı əzab vermə) maddələri ilə, Samirə isə Cinayət Məcəlləsinin 127.2.2-ci (xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində qəsdən sağlamlığa az ağır zərər vurma), 133.2.1, 133.2.3 və 133.2.4-cü maddələri ilə ittiham elan edilib.

“Uşaqları xalasına verdim”

Bu cinayət işi baxılması üçün Sabunçu rayon Məhkəməsinə göndərilib. Məhkəmədə ifadə verən Sədi ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, bildirib ki, 1998-1999-cu ildən Sabunçu rayonu, Zabrat qəsəbəsində nömrəsiz fərdi yaşayış evdə yaşayıb: “Əvvəllər Ağcabədi rayonu, Gələbədin kənd orta məktəbinə getmişəm. Sonradan məktəbdə oxumamışam. Buna görə də məktəbdən çıxaraq kənddə təsərrüfat işləri ilə məşğul olmuşam. 1994-cü ildə hərbi xidmətə getmışəm. 1998-ci ildə isə hərbi xidmətdən qayıtmışam. 2000-ci ildə Ləman ilə ailə qurmuşam. Birgə nikahımızdan 2001-ci ildə oğlum Səid, və 2002-ci ildə isə qızım Zərnigar  doğuldu. Oğlum yetkinlik yaşına çatıb, qızım isə xalası ilə birlikdə yaşayır. Hərdən də bizə gəlib-gedir. 2012-ci ildə Ləman beynindəki xəstəliklə əlaqədar vəfat etdi. Bundan bir il sonra 2013-cü ildə Fəridə ilə rəsmi nikahla ailə qurdum. Birgə nikahdan 2014-cü ildə Əli, 2015-ci ildə Oruc doğuldu. 2017-ci ildə Fəridə xəstəliklə əlaqədar olaraq vəfat etdi. Həmin vaxt da uşaqları baxımsız qalmasın deyə, onları xalası, yəni Fəridənin bacısı Təranəyə verdim. Həmin vaxtdan uşaqlar xalası ilə birlikdə Ağcabədi rayonunda yaşamağa başladılar”.

“Uşaqlarımı vermək istəmədi”

Sədinin sözlərinə görə, 2017-ci il tarixdə Samirə ilə rəsmi nikaha daxil olmaqla ailə qurub: “Samirə ilə ailə qurduqdan sonra uşaqlarımı Təranədən götürmək üçün 2018-ci ilin fevralında Ağcabədi rayon İcra Hakimiyyətinə müraciət etdim. İcra Hakimiyyətinin qərarı ilə uşaqlar mənə qaytarıldı. Uşaqların babası Rəhim və xalası uşaqlarını mənə qaytarmadılar. Buna görə də Ağcabədi rayon Məhkəməsinə müraciət etdim və iddiam təmin olundu, uşaqların mənə verilməsi barədə qərar qəbul olundu. Buna baxmayaraq onlar uşaqları mənə vermədilər.  Apelyasiya şikayəti verdilər, Şirvan Apelyasiya Məhkəməsi Ağcabədi rayon Məhkəməsinin qətnaməsini qüvvədə saxladı və uşaqların mənə qaytarılması barədə qərar qəbul etdi. Lakin onlar uşaqları yenə də vermək istəmədi”.

“Sənədləri göstərdim”

Sədi qeyd edib ki, məhkəmənin qərarı icra olunub, 2019-cu ilin aprelində şaqlar ona qaytarılıb: “Həmin vaxtdan övladlarım Əli və Oruc ilə Zabrat qəsəbəsində yerləşən evimdə yaşamışıq. 2019-cu ilin oktyabrın 22-də arvadım Samirə, övladlarım Əli və Oruc evdə olduğumuz vaxt həyətin darvazası döyüldü. Əvvəlcə qapını açmadım. Daha sonra qapının arxasından uşaqların babası Rəhim və xalası Təranəni polis əməkdaşları ilə birlikdə gəlmələrini eşitdim. Polis əməkdaşları bizi guya uşaqları incitməyimiz ilə əlaqədar şikayəti ilə bağlı gəldiklərini bildirdilər. Mən də onlara uşaqların mənə verilməsi və babalarına görüş verilməməyi ilə bağlı sənədləri göstərdim”.

“İşgəncə verməmişik”

Sədinin ifadəsinə görə, buna baxmayaraq bir nəfər polis əməkdaşı hasardan həyətə keçib, həyətin darvazasını açıb: “Polis əməkdaşları məni və arvadım Samirəni 15-ci polis bölməsinə gətirdilər. Polis əməkdaşları uşaqları babaları Rəhimə verdilər. Orada təhqiqatçı arvadıma hədə qorxu gəldi, ondan guya uşaqları döyməsi məzmununda izahat aldı. Samirə də polis əməkdaşının istəyinə uyğun olaraq uşaqları döyməsi ilə bağlı izahat verdi. Azyaşlı övladlarım Əli və Oruc 6 ay bizimlə yaşayıb, heç vaxt özüç və arvadım tərəfindən azyaşlıları döyməmişik, vurmamışıq və işgəncə verməmişik. Oğlum Əlinin həyətdə oynayarkən, həyətdə olan iydə ağacında göyərçin görüb. Göyərçini tutmaq üçün ağaca çıxıb, daha sonra ağacdan yerə yıxılaraq xəsarət alıb. Azyaşlıların üzərində aşkar edilmiş digər xəsarətləri özüm və arvadım yetirməyib. Həmin xəsarətlərin uşaqların babaları və xalası tərəfindən yetirildiyini fikirləşirəm. Azyaşlılar bizdə qaldıqları müddət ərzində babaları və xalaları görüşməyib, ünsiyyətdə olmayıblar”.

“Biz ac olduğumuz vaxt quru çörək və çiy kartof veriblər”

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Əlinin sözlərinə görə, babası Rəhim ilə birlikdə Ağcabədi rayonu, Aşağı Qıyamadınllı kəndində yaşayır: “Məndən başqa yaşca balaca bir qardaşım var. Qardaşımın adı Orucdur.  O da bizimlə birlikdə yaşayır. Məktəbə hələ yaşımız çatmadığından getmirik. Ata Sədi və analığım Samirə məni və qardaşımı mütəmadi olaraq incidib. Həmişə atamız və analığımız yemək yeyəndə bizi bir küncə qoyublar, əllərimizi və ayaqlarımızı yuxarı qaldırdıblar. Yeməyi yeyib qurtardıqdan sonra bizə əllərimizi aşağı salmağa icazə veriblər. Biz ac olduğumuz vaxt quru çörək və çiy kartof veriblər, bunları yeməyimizi bildiriblər. Bizi tez-tez ac saxlayıblar. Atamız, analığımız məni və qardaşımı ağacla vururublar. Atam evdə olmayanda da analığımız bizə daha da pis döyüb, mənə, qardaşıma evdə bütün işləri gördürdüb”.

“Analığım boğazıma kəndir bağlayaraq sıxdı”

Azyaşlının sözlərinə görə, hətta analığı Samirə balaca qardaşının və özünün paltarlarını vannaya qoyaraq üstünə su töküb, paraşok əlavə etdirərək həmin paltarları ona yudurdub: “Hətta analığım bir neçə dəfə boğazıma kəndir bağlayaraq sıxdı, nəfəsim kəsiləndə kəndiri açdı. Bir neçə dəfə də Nuranə əlləri ilə onun sifətini cırmaqlamışdır. Bir dəfə də Samirədən içmək üçün çay istədim. Samirə isti çayı üzümə atdı. Həmin vaxt üzüm yandı. Atam və analığım mənimlə qardaşımı ayaqqabı ilə də döyüb. Atam siqaretlə də bir dəfə alnıma da vuraraq söndürdü. Həmin vaxt alnımda yanmasını hiss etdim. Atam bizə bıçaq göstərib, başımızı kəsib, kanala atacağını deyib. Analığımdan yemək üçün çörək istəyəndə acı istiotu ağzımıza tökürdü. Ağzımız istiotdan yanırdı. Samirə isə bizə baxaraq gülürdü”.

“Kabab şişi ilə qardaşımı dağladılar”

Əli qeyd edib ki, hətta ataları balaca qardaşı Orucun barmağını isti suya salıb və qardaşının barmağını yandırıb: “Həmin vaxt atalmız mənim barmağıma düz da atdı, qardaşım Oruc ağlamaqdan pis oldu. Atamın bu hərəkətlərindən bərk qorxduğumdan ağladım. Atam  bir neçə dəfə də qardaşım Orucu ayağından iplə bağlayaraq yuxarıdan başı aşağı asıb. Samirə və Sədi bizi çimizdirməyiblər. Samirə və Sədi isti kabab şişi ilə qardaşım Orucu yandıraraq dağladılar. Hətta Samirə bir dəfə Orucu qaz borusu ilə vuraraq qolunu və ayaq pəncəsini sındırdı. Sədi və Samirə Oruc ağladığından birlikdə onu həkimə apardı və sonrada Orucun qolu sarıqlı vəziyyətdə evə qayıtdılar”.

“Bizə araq içməyi, siqaret çəkməyi məcbur edirdilər”

Azyaşlı ifadəsində daha sonra işgəncə faktlarını belə danışıb: “Analığım spirti stəkana tökərək mənə və qardaşıma içməyimizi dedi. Biz də həmin maddənin pis olduğundan içə bilmədik. Atam çəkdiyi siqareti qardaşım Orucun kürəyində də söndürdü. Samirə şpris və iynənin ucunu bizə göstərərək iynə vuracağı ilə qorxudurdu. Atam mənə və Oruca məcburi siqaret çəkmçəyə məcbur edirdilər”.
Digər azyaşlı zərərçəkmiş Oruc da qardaşının ifadəsinə uyğun danışıb. O da atası və analığı tərəfindən gördükləri əzabı olduğu kimi ifadə edib.

Məhkəmənin hökmü ilə Sədi 3 il, Samirə isə 2 il 3 ay müddətinə azadlıqdan məhrum olunublar.

Fariz Məlikli


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 okt 2021, 14:08
Top