"Təxribatlarda Ermənistan qədər Rusiya da məsuliyyət daşıyır"


GÜNDƏM 04 sen 2021, 11:03
Rusiyanın Xarici işlər naziri Sergey Lavrov deyib ki, Azərbaycan və Ermənistan bir-birlərinə qarşı ritorikalarını əhəməyyətli dərəcədə yumşaltmalıdırlar. XİN rəhbəri bu fikirləri erməni həmkarı Ararat Mirzoyanla Moskvada görüşündən sonra mətbuat konfransında səsləndirib. Lavrov vurğulayıb ki, sərt ritorikaların yumşaldılması yekun və tam tənzimləmə üçün şərait yaradar.

Rusiya xarici işlər naziri diqqəti üçtərəfli işçi qrupun fəaliyyətinin əhəmiyyətinə çəkib və qeyd edib ki, söhbət prosesin bərpasından yox, indiyədək imzalanan sənədlərin yerinə yetirilməsindən gedir:

“Burada nəqliyyat kommunikasiyalarının və iqtisadi əlaqələrin açılması üçün baş nazir müavinləri səviyyəsində üçtərəfli işçi qrup xüsusi rol oynayır. Bu, tərəflərin baş verənlərə daha konstruktiv yanaşmasına imkan verəcək çox mühüm tədbirdir”.

Nazir bildirib ki, Rusiya Azərbaycan tərəfini bütün erməni hərbi əsirlərin qeyd-şərtsiz azad olunmasına çağırır:

“Biz bu siqnalı azərbaycanlı həmkarlarımıza göndərir, hamının qeyd-şərtsiz azad edilməsinə çağırırıq. Azərbaycan tərəfindən belə hərəkət hazırda çatışmayan etimadın rəmzi olardı. Əgər dəqiq olsaq, 9 noyabr bəyanatında qeyd olunan hərbi əsirlər həmin vaxta qədər əsirlikdə olanlardır. Azərbaycandakı erməni hərbçilər isə 9 noyabr bəyanatından sonra saxlanılıblar”. Lavrov əlavə edib ki, Moskva və İrəvan ATƏT-in Minsk qrupu həmsədrlərinin gələcək fəaliyyətinə tələbatın olduğunu da təsdiqləyiblər.

Məlumat üçün deyək ki, erməni saytları bu açıqlamanı “Lavrov erməni əsirlərin azad olunmasını tələb etdi” kimi başlıqlarla yayıblar. Ekspertlərin fikrincə, Lavrovun əksər açıqlamaları ziddiyyətli və ikibaşlı olur. Baş diplomat fikirlərini ifadə etməyə fərqli cümlələrlə başlasa da, sonunu ayrı cür gətirir. Politoloqlara görə, rusiyalı rəsmilərin bölgədəki vəziyyət haqqında nə düşündüklərini açıq səsləndirmələri bizim üçün də faydalıdır. Biz də Rusiyanın siyasəti haqqında heç nəyi gizlətməməliyik. Prezident İlham Əliyev son müsahibəsində Rusiyanın vasitəçiliyi ilə Azərbaycana verilən mina xəritələrinin böyük hissəsinin saxta olduğunu vurğuladı. Digər tərəfdən Lavrov özü də etiraf etdi ki, Azərbaycan həbsxanalarında saxlanılan erməni hərbçilər üçtərəfli bəyanatdan sonra ölkəmizə keçiblər. Əlbəttə, hansısa təzyiq qarşısında erməni diversantların sərbəst buraxılması doğru olmaz. Ermənistan hakimiyyəti Azərbaycanla sülh sazişi, o cümlədən sərhədlərin müəyyənləşməsi ilə bağlı sənəd imzalamağa hazır olarsa, erməni diversantlar məsələsinə qayıdıla bilər. 

Rusiya XİN başçısının açıqlamasını “Şərq”ə təhlil edən siyasi şərhçi Züriyə Qarayeva hesab edir ki, Lavrovun Ermənistan və Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı səsləndirdiyi fikirlər birmənalı şəkildə Rusiyanın ləkələnmiş sülhməramlı imicini təmizləmək məqsədi daşıyır.

Analitikin fikrincə, 44 günlük müharibənin bitdiyi gündən bəri sərhəd xəttində baş verən təxribatlarda Ermənistan qədər, rus sülhməramlıları da məsuliyyət daşıyır:

“Ötən ilin 10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanatın müddəalarını icra etmək hər üç tərəfin öhdəliyi olduğu halda, bəyanatın bir neçə maddəsi hələ də icra edilməyib. Əvvəla, separatçılar Azərbaycan torpaqlarından təmizlənməyib. Sərhəd xətlərinin delimitasiya-demarkasiya prosesi başa çatmayıb. Rus sülhməramlılarının nəzarəti altında olan bölgələrdə ermənilər yerləşdirilsə də, məcburi köçkünlərimiz hələ də öz yurdlarına qaytarılmayıb. Bütün bunlarla paralel separatçıların diversiya əməlləri, hərbçilərimizə qarşı təxribatları Azərbaycan tərəfinin səbrini daşırıb. Prezidentin çıxışlarında Rusiyanın sülhün bərqərar olunması üçün üzərinə götürdüyü missiyanı layiqincə yerinə yetirməməsi barədə ittihamları və Xarici İşlər Nazirliyinin notası bunun göstəricisidir. Rusiyanın bölgədə yeganə rıçağı olan Ermənistanı itirmək üzrə olması, Aİ-nin rəsmi İrəvana yüklü miqdarda ianə etməsi və Paşinyanın Kəlbəcər-Gorus istiqamətində beynəlxalq müşahidəçilərin yerləşdirilməsi ilə bağlı çağırışları Moskvanı narahat etməyə başlayıb. Rusiya heç bir şəkildə tərəflər arasında sülh müqaviləsinin imzalanmasını istəmir. Çünki sülh müqaviləsinin imzalanması protokol qaydalarına görə tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıması deməkdir. Belə olduğu halda bölgədə rus sülhməramlılarına heç bir ehtiyac qalmır. Mövcud vəziyyətdə Rusiyanın Minsk qrupunu yenidən fəallaşdırmaqla bağlı çağırışları bölgədəki vəziyyətin çıxılmaz hala salınması marağı ilə əlaqədardı. Çünki Minsk qrupunun həmsədrlərinin təmsil etdiyi dövlətlərin Qarabağla bağlı maraqları toqquşur. Onsuz da xaotik olan vəziyyəti daha da çətinləşdirməklə Kreml həm məsuliyyəti üzərindən atmağa, həm də erməni  xalqına Paşinyanın üz tutduğu Qərbin heç bir işə yaramadığını göstərməyə çalışır”.

Z.Qarayeva Rusiya XİN rəhbərinin “əsir və girovlarla” bağlı çağırışını bu cür şərh edib:

“Lavrov unutmamalıdır ki, Azərbaycan tərəfi hərbi əsirlərlə bağlı prinsipial mövqe göstərir, humanizm nümayiş etdirir. Azad edilmiş torpaqlarda bu günə qədər davam edən axtarış əməliyyatları nəticəsində 1600-dən çox erməni işğalçının cəsədi tapılıb və qarşı tərəfə təhvil verilib. Lakin Ermənistan tərəfi nə 1992-94-cü illərdə itkin düşmüş azərbaycanlıların qaytarılmasını həyata keçirir, nə də İkinci Qarabağ müharibəsində itkin düşmüş 7 nəfərin taleyi barədə məlumat verir. Erməni əsirliyindən azad edilmiş hərbçilərin və hadisə şahidi olmuş mülki vətəndaşların ifadələrinə baxmayaraq, Ermənistan bu şəxslərin əsir-girov götürülməsi və saxlanması faktını inkar edir. Halbuki, Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən 3171 nəfəri hərbçi, 719 nəfəri isə mülki şəxs olmaqla, ümumilikdə 3890 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Yəni erməni tərəfi və rus sülhməramlıları bəyanatın digər maddələri kimi 8-ci bənddə nəzərdə tutulmuş “hərbi əsirlərin mübadiləsi”ni də yerinə yetirməkdən boyun qaçırır”.

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top