“Hakimiyyətin heç bir təsiri olmayan sosial şəbəkələr bu “payız kampaniyası”nda çox fəal olacaqlar”

SİYASƏT 22 iyl 2021, 21:41
“Hər il Mətbuat günü münasibətilə təbrik sözləri yazmışam. Bu gün isə təbrik yazmağı elə özümə qarşı qeyri-səmimi, hörmətsizlik sayıram, çünki mətbuatın cəmiyyətimizə verdiklərini çox yaxşı görürəm. Mətbuatın bugünkü vəziyyətini elə son günlər bir deputatın jurnalistlər üçün tikilmiş mənzillərin Vətən müharibəsində şəhid olanların ailələrinə, sağlamlığını itirmiş qazilərə verilməsi təklifinə elə jurnalistlərin münasibəti bir daha göstərdi. Hamı gördü ki, jurnalistlərin əksəriyyətinin şərəf, ləyaqətə münasibəti alacaqları mənzillər qədər imiş”.
 
Demokrat.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.
 
“Nə qədər istəməsəm də bir oğrunun "şərəf ləyaqətləri aldıqları maaş qədərdir" ifadəsini təkrarlamamaq olmur. Cəmiyyətin bütün sahələrində baş verən üfunətə susqun olanlar mənzil məsələsində sözün həqiqi mənasında "tumanlarını başlarına keçirdilər" (üzr istəyirəm ifadəyə görə). Mənim üçün milyardları mənimsəyən məmur oliqarxlardan da təhlükəli onlardan aylıq 10-20 min manat alıb reketlik edən jurnalistlərdir. Birincilər oğru olduqlarını gizlətmirlər, ikincilər isə oğru ola-ola özlərini məlkək kimi təqdim edirlər. Bir çoxları mənim mətbuatla bağlı fikir bildirməyə haqqım olmadığını deyə bilər. Ola bilsin haqlıdırlar, çünki bu sahəyə həddindən artıq həssas yanaşdığımı çoxları hələ də başa düşmür. Başa düşmürlər ki, artıq bu yaşımda nə media “boss”u, nə də siyasət dəllalı olmaq fikrim yoxdur. Uzun illərdir, bu mübarizədə qazandığım ancaq şər, böhtan və təhqirlər olub. Uğrunda savaşdığım bu cəmiyyət və onun güzgüsü olan bu mətbuat öz xarakterinə uyğun bu illər ərzində keçirdiyim məhrumiyyətləri, stressləri, qazandığım məhkumluqları hələ də başa düşməyib və düşməyəcək. Ola bilsin, ancaq ölümümdən sonra kimlərsə anlaya. Bu barədə rəhmətlik Cabir Novruzdan artığını mən yox, heç kim deyə bilməz. Ancaq bunu kimsə etməlidir və hələ ki, sona qədər bunu edəcəyimə inanıram. İndi isə, təvazökarlıqdan uzaq olsa da, jurnalist olmasam da bu sahədə fikir bildirməyə bir çox təcrübəli jurnalistlərdən çox haqqım olduğunu göstərmək üçün bəzi faktları Sizə açıqlayıram. Bilməyənlər üçün bəzi xatırlatmaları birinci dəfədir ki, edirəm. 1998-2002-ci illər rəhmətlik Elmar Hüseynovla birlikdə "Monitor" jurnalının, "Bakinskiye Vedomosti", "Bakinskiy Bulvar", "Demokratik Azərbaycan" qəzetlərinin həmtəsisçisi olmuşam. Elə o illər ofisimi və yaşadığım mənzili o vaxtlar fəaliyyət göstərən "BayBank"a girov qoyub Azərbaycana ilk dəfə hakimiyyətə heç bir bağlılığı olmayan "Baku Printing Press" mətbəəsini yaradıb ölkəyə çap maşını gətirmişəm. Bu, o vaxtlara təsadüf edirdi ki, Azərbaycanda bütün qəzetlər Azərbaycan Nəşriyyatında çap olunurdu və senzura mövcud idi. Məhz həmin vaxtlar müxalifət qəzetlərinin hamısı, başda "Azadlıq", "Yeni Müsavat" qəzetləri olmaqla senzura tərəfindən ciddi basqılara məruz qalırdı və bir çoxları ağ sətirlərlə, bəzən isə ağ səhifələrlə çıxırdı. Senzuranın məqbul saymadığı fikirlər tam, ya qismən çap olunmurdu. Məhz həmin günlərdə bütün müxalifət qəzetləri "Azadlıq", "Yeni Müsavat", "Ulus", "Müxalifət", "Hürriyyət", "Bakı xəbər", "Üç nöqtə" və başqaları nöqtə, vergülünə toxunmadan "Baku Printing Press" mətbəəsində çap olunurdu. O vaxtlar bütün baş redaktorlar dönə-dönə məhz bizim mətbəyə görə ucuz, nisyə, həm də tam şəkildə çap olunduğuna görə bizə təşəkkür edirdilər. "Baku Printing Press" mətbəəsi bağlananda bir çoxları heç kağız pullarını da vermədilər və həmin borcların altından mən təkbaşına çıxası oldum. Bu baş redaktorların ədalətini, vicdanlılığını hələ o vaxtlardan bilirdim. Hamısı rəhmətlik Elmar Hüseynovun bunlardan istedadına, savadına görə fərqləndiyinə görə ona qənim kəsilmişdilər. Mənimlə Elmarın münasibətlərini pozmaq üçün dəridən qabıqdan çıxırdılar və rəhmətlik Elmarın bir yeyib içmək məclisində haqqımda ehtiyatsızlıqdan səsləndiriyi haqsız fikri mənə çatdırmaqla istəklərinə nail oldular. Elmar rəhmətə gedən kimi onun adına "Fond" yaratdılar və ona qəmin kəsilənlərin hamısı dərhal həmin fondun üzvü oldular. Bütün bunları bu gün də sağ olan Elmarın həyat yoldaşı Ruşanə xanım məndən də yaxşı bilir və əminəm ki, nə vaxtsa açıqlayacaq. O açıqlamasa da, Elmarın yadigarı oğlu Aslanın açıqlayacağına əminəm. Həmin illər bu media kapitanları hər il "Mətbuatın dostları"nı elan edirdilər və bu mukafatı da növbə ilə mətbuat üçün heç nə etməyənlər İsa Qəmbər və Əli Kərimliyə verirdilər. Azərbaycan cəmiyyətinə hakimiyyətlə əməkdaşlığı demirəm, işbazlığı, satqınlığı da əvvəl AXCP, Musavat partiyaları, sonra isə bu və ya digər formada onlara bağlı olan mətbuat gətirdi. Bu gün də bu sahədə bacarıqlı olan baş redaktorlar, jurnalistlər üçün Ramiz Mehdiyev, Əli Həsənov dövrü və idarəçiliyi çox münbit şərait yaratdı. Bu cütlüyün tələblərinə uyğunlaşmayan çox azsaylı bacarıqlı, vicdanlı jurnalistlər isə müqavimət göstərə bilməyib tədricən yox oldular. Salamat qalanlar isə passiv olmağa, yaxud susmağa üstünlük verdilər. Bəziləri isə daha bacarıqlı olub, ayda DİN-dən 50 min dollar alan qəzetlərdə işləməklə özlərini Həsən bəy Zərdabinin davamçıları saydılar. Təxminən 2000-ci illərdə dəfələrlə səsləndirdiyim bir fikri indi də yada salmaq istəyirəm. 1995, 2000, 2005-ci il Parlament seçkilərində gördüyüm murdarlıqlardan sonra deyirdim ki, Azərbaycanda siyasi partiyalar yoxdur, sadəcə siyasi partiyaların mövcudluğunu göstərən qəzetlər var. Bunu deyəndə "Azadlıq" və "Yeni Musavat" qəzetlərini nəzərdə tuturdum. AXCP və Müsavat partiyalarının fəaliyyəti əsasən bu qəzetlərin fəaliyyəti ilə məhdudlaşırdı. "Yeni Müsavat" qəzeti kimliyini açıq bəlli edəndən sonra Müsavat partiyası da öldü. "Azadlıq" qəzeti müqavimət göstərib mövcudluğunu saxlayana qədər AXCP də partiya kimi fəaliyyət göstərdi. Hakimiyyət bu qəzeti də bağlayan kimi artıq bu partiya da xaricdən maliyyələşən bir QHT kimi fəaliyyət göstərməyə başladı. 1980-ci illərin sonu, 1990-cı illər mətbuatın formalaşdırdığı müxalifət mətbuatı sıradan çıxandan sonra artıq müxalifət partiyaları bir nəfər ətrafında fəaliyyət göstərən dərnəklərə döndü. Şahidi olduğumuz mətbuat həm də çox təhlükəlidir. Onlar öz həyasızlığı, murdarlığı ilə kimə istəsən satqın, xain damğası vura və bu fikri cəmiyyətə yeridə bilərlər. Bunların qadir olduqları murdarlığı göstərmək üçün bircə faktı Sizə göstərim. Ömrümün çox hissəsini Sumqayıt hadisələrində Azərbaycan Xalqına qarşı edilmiş haqsızlığın, böhtanın ifşa edilməsinə həsr etmişəm. Bunun üçün "Sumqayıt SSRİ-nin süqutunun başlanğıcı" kitabını yazıb, onu azərbaycan, rus, türk, ingilis, alman dillərində çap etdirmişəm, bütün dillərdə elektron versiyalarını rəsmi sayta, ABŞ professorlarla birgə dərc olunmuş versiyasını dünyanın ən böyük satış şəbəkəsi olan "amazon"da yerləşdirmişəm. 20 mindən artıq kitabı müxtəlif dillərdə pulsuz dünyanın hər yerində paylamışam. Məhz R.Mehdiyev - Ə.Həsənovun cütlüyün tapşırığı ilə hələ də bu dəstə məni həmin hadisələrin təşkilatçısı kimi təqdim edir və nə qədər ağrılı olsa da buna hələ də inanlar var. Bütün bu proseslərdə hakimiyyətin rolunu görməmiş deyiləm və onların etdiklərini malalamaq fikrim də yoxdur. Ancaq bu günə qədər yaşadığımız bir tarix var. Bütün hakimiyyətlər mətbuatı ələ almaq istəyib. Bu gün Azərbaycanda fəaliyyət göstərən tanınmış jurnalistlər arasında 1-2 nəfəri çıxmaq şərtilə satılmayanlar olmayıb. Sadəcə, hakimiyyət kimi istəyib onu alıb. Alınmayanlar isə susmağa üstünlük verib öz məqamlarını gözləyiblər. Hakimiyyətin mətbuat sahəsində elan etdiyi son islahatlar da onu göstərdi. Vaxtilə gəlirlərindən məhrum edilmiş bəzi ütülü media kapitanları onların məqamlarının gəldiyini zənn edib boşalacaq yerləri tutmaq uğrunda mübarizəyə girişdilər və bu o qədər bəsit edildi ki, bunu görməmək üçün ya bu sahədən xəbərsiz, ya da kor olmaq lazımdır. Bir daha təkrar edirəm ki, bu sahədə hakimiyyətin rolunu görürəm. Ancaq Azərbaycanda gedən prosesləri, xüsusilə Qarabağ problemini yaradanların kimliyini və məqsədlərini bildiyimdən bütün günahları hakimiyyətdə axtaranlar sırasında deyiləm. Son Vətən Müharibəsi bir daha gümanlarımı təsdiq etdi.

Ona görə də bu Mətbuat Günündə heç kimi təbrik etmirəm və açıq şəkildə deyirəm ki, cəmiyyətimizdə olan bütün bəlaların kökünü mətbuatda axtarmaq lazımdır. Nə qədər ki, ələ baxan, reket jurnalistlər (indiki media kapitanları, media bossları, hakimiyyətdən verilmiş bizneslər, monopoliyalar, karqolar sahibləri olanlar) olacaq, heç nə dəyişən deyil. Haqlı olaraq nə təklif etdiyimi soruşacaqsınız. Dəqiq yol göstərə bilməyəcəm, çünki, ən mürəkkəb və çətin bu problemdir. Bunun üçün həm hakimiyyət, həm müxalifət, həm vətəndaş cəmiyyəti, həm də sıravi vətəndaşlar dövlətçilik və şəxsi maraqları ayırd etməyi bacarmalıdırlar. Bu gün bu məsələnin həlli birinci növbədə hakimiyyət üçün vacibdir. Yaxın gələcəkdə Azərbaycana qarşı çox ciddi təhlükələr olacağı şübhəsizdir. Bu təhlükə də birinci növbədə mətbuat vasitəsi ilə yaradılacaq, çünki hamı, xüsusilə xarici və daxili düşmənlər mətbuatın nəfsini çox yaxşı bilirlər. Son günlər illərdir ölkə daxilində mətbuat nümayəndələrinin, ictimai fəalların dinlənildiyini bizdən də yaxşı bilən xaricilərin məhz indi bu məsələni qabartmaları da xoş niyyətdən xəbər vermir. Bunun altında nələrin dayandığını bir iki aya hamımız görəcəyik. Hakimiyyətin heç bir təsiri olmayan sosial şəbəkələr bu “payız kampaniyası”nda çox fəal olacaqlar. Bugünkü mətbuat isə Vətən Müharibəsi dövründə olan kimi gözləmə mövqeyində olacaq. Ona görə də hakimiyyət birinci növbədə mətbuatda olan vəziyyəti düzəltməlidir. Bu yolda isə ləngimək, oyun oynamaq olmaz. Bir şeyi bilmək lazımdır. Bir dəfə xəyanət etmişlər vərdişlərindən əl çəkən deyillər. Bu gün isə ən təhlükəliləri vaxtilə Ramiz Mehdiyev-Əli Həsənov cütlüyünə qulluq edib bu gün onları ən qatı söyənlərdir. Bu sahədə yeganə fəaliyyətində ardıcıl saydığım Mehman Əliyevin təklifləri diqqətimi cəlb edir. Ancaq bu gün bu idarəçiliklə bu islahatların aparılmasının nə qədər riskli ola biləcəyini isə hakimiyyət hesablamalıdır” – A.İsmayılov bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top