Azərbaycanlı bloqerin “qadınları zorlayın” çağırışına DİN-dən REAKSİYA

HADİSƏ 12 iyl 2021, 11:13
“Sosial şəbəkədə özünü “Pantural” kimi təqdim edən şəxsin izləyicisi olan kişilərə xitab edərək, ictimai yerlərdə onları şəhvətləndirən qadınlara qarşı seksual xarakterli zorakılıq əlamətləri törətməyə çağırış etməsilə bağlı araşdırmalara başlanılıb”.

Bunu Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib.

DİN rəsmisinin sözlərinə görə, araşdırma nəticəsindən asılı olaraq, sözügedən şəxs barəsində qanunamüvafiq qaydada qərar qəbul olunacaq.

Qeyd edək ki, “Pantural” videosunda açıq-saçıq geyinən qadınların kişiləri narahat etdiyini deyərək, diskomfort yaratdıqlarını deyib:

“Bəli, şüur bizə verilib ki, nəfsimizə qalib gələk. Buna görə də siz küçədə salamat gəzə bilirsiniz, başınızı üzmürük ya da şapalaq vurmuruq, amma vurmaq lazımdır”.

Müğənni Nadir Qafarzadənin DİN-in açıqlaması ilə bağlı şərh yazdığı və "Pantural"a dəstəyini ifadə etdiyi bildirilir.

"“Pantural" həbs olunsa, biz qeyrət cihadı edəcəyik. Hamımız bir olsaq, qeyrətlilərin qabağında heç kim dura bilməz”, - deyə müğənni qeyd edib.

Nadir Qafarzadə Meydan TV-yə “İnstagram”da yazılan şərhin ona məxsus olmadığını deyib.

O bildirib ki, Tural Səfərovun paylaşdığı videoda təhqir olmayıb: “Tural, pis söz deməyib axı. Ancaq öz fikrini bildirib. Videonu bir nəfər şovinist paylaşmışdı, baxdım, orada təhqir görmədim. Mən o şərhi bəyənmişdim, çünki baxdığım videoda pis ifadələr yox idi. Hər kəs papağını başına qoyub, arvadını geyindirsin. Mən demirəm ki, hamı hicab geyinməlidir. Geyimin də mədəniyyəti var. Müasirliyə qalsa, heyvanlar bizdən çox müasirdir, çünki onlar ümumiyyətlə, heç nə geyinmirlər. Panturalın videosuna baxdım, orada zorakılıqdan söhbət getmir. Sadəcə, bəzi qadınlara deyib ki, lüt gəzməyin. Bəlkə də, daha öncə video paylaşıb, sonra da silib. Videoda onun danışığı xoşuma gəldi. Müasirlik açıq-saçıq geyimdə deyil. Nə olsun, yaydır. Onda gərək, kişilər də tuman-köynəkdə gəzsin. Axı bizə də istidir. Günah bu xəbərləri tirajlayanlardadır. Hər gün saytlar zorakılığı, açıq-saçıqlığı, əxlaqsızlıqları, evdən qaçanları, seks işçilərini paylaşır. Gəlinin evdən getməyini xəbər etməməlidirlər. Mən vətəndaşam, mövqe bildirmək haqqım var”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top