Bakıda arvadını döyən şəxs 1100 manat cərimələndi

KRİMİNAL 16 sentyabr 2026, 13:30
Bakının Sabunçu rayonunda ər arvadına xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu, Mirzə İbrahimov küçəsində baş verib.

Naxçıvan şəhər sakini, 1982-ci il təvəllüdlü Elbəy evlərinin qonaq otağında həyat yoldaşı Nigar (adlar şərtidir – red.) ilə mübahisə edib.

Elbəy arvadının ona qarşı nalayiq ifadələr işlətməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı qəsdən onun boğazından tutaraq sıxıb, əli ilə üz nahiyəsindən bir neçə dəfə zərbə vurub, ona xəsarətlər yetirib.

Elbəyin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Elbəy ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2009-cu ildə Nigar ilə ailə həyatı qurub və bu nikahdan üç azyaşlı övladları olub:

“Əvvəllər münasibətlərimiz yaxşı olsa da, son zamanlar müxtəlif səbəblərdən aramızda mütəmadi olaraq mübahisələr yaşanıb. Məlum hadisə günü, təxminən saat 23 radələrində spirtli içkinin təsiri altında evə gəldim. Arvadımın başqa şəxslə danışdığından şübhələndiyim üçün evin qonaq otağında söhbət edərkən ondan bu barədə soruşdum. Nigar kobud danışaraq nalayiq ifadələr işlətdi. Buna görə də aramızda mübahisə yarandı. Mübahisə zamanı Nigarın boğazından tutaraq sıxdım, üz nahiyəsindən əlim ilə bir neçə dəfə zərbələr vurdum”.

Təqsirləndirilən şəxs bildirib ki, əvvəl bir dəfə də Nigar ilə belə münaqişəsi olub. Onun ifadəsinə görə, hazırda münasibətləri normaldır, birlikdə yaşayırlar, aralarında barışıq olub. O, əvvəllər barəsində Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə mühafizədə işlədiyi vaxtda cinayət işi olub və zərərçəkmişlə barışdığından işə xitam verilib.

Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Elbəy 1100 manat miqdarında cərimə edilib.

Fariz Məlikli

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top