YapiKredi Müraciət Forması
Avto Özəl

Xaricdən maşın gətirənlərin diqqətinə — Bahalaşma olacaq

Xaricdən maşın gətirənlərin diqqətinə — Bahalaşma olacaq

Yaxın aylarda avtomobil bazarında qiymət artımı ehtimalı alıcıları düşündürən məsələlərdəndir. Xüsusilə idxal xərcləri, gömrük rüsumları, vergi dəyişiklikləri və istehsalçı ölkələrdəki qiymət siyasəti bəzi avtomobillərin bahalaşmasına səbəb ola bilər.

Bəs yaxın aylarda Azərbaycanda hansı marka və modellərin qiymətində artım gözlənilir? Bahalaşma daha çox yeni avtomobilləri əhatə edəcək, yoxsa ikinci əl avtomobil bazarında da qiymət artımı müşahidə olunacaq?

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının İdarə Heyətinin sədri Eyyub Əliyev Demokrat.az-a açıqlamasında bildirib ki, avtomobil qiymətlərinin artmasına bir neçə əsas amil təsir göstərir.

Xaricdən maşın gətirənlərin diqqətinə — Bahalaşma olacaq

Onun sözlərinə görə, bunlardan biri istehsalçı zavodların avtomobillərin satış qiymətini artırmasıdır:

"İstehsalçı ölkənin iqtisadi vəziyyətindən, xammalın qiymətindən, əməkhaqlarından və istehsal xərclərindən asılı olaraq avtomobillərin maya dəyərində artım və ya azalma müşahidə edilə bilər. Təbii ki, istehsal xərclərinin yüksəlməsi birbaşa avtomobillərin satış qiymətinə də təsir göstərir.

İkinci mühüm amil logistika və daşınma xərcləridir. Son dövrlərdə dünyada baş verən siyasi proseslər, müharibələr və geosiyasi gərginliklər beynəlxalq daşımaların təşkilinə ciddi təsir edir. Müxtəlif nəqliyyat marşrutlarında yaranan çətinliklər, yüklənmələr və alternativ yolların məhdudlaşması avtomobillərin çatdırılma müddətini və daşınma xərclərini artırır.

Məsələn, əvvəllər Çindən Azərbaycana avtomobillər bir neçə istiqamət üzrə gətirilirdi. Bunlara İran ərazisindən, Bəndər-Abbas limanı vasitəsilə, eləcə də Qazaxıstan və Xəzər dənizi üzərindən daşımalar daxil idi. Hazırda isə alternativ marşrutların imkanları məhdudlaşıb və əsas daşınma istiqamətlərindən biri Qazaxıstan üzərindən həyata keçirilən marşrutdur. Bu istiqamətdə də avtomobillər həm quru yolu ilə Rusiya ərazisindən, həm də Xəzər dənizi vasitəsilə gəmilərlə daşına bilir. Marşrutlarda yaranan yüklənmələr və daşınma xərclərinin artması son nəticədə avtomobillərin Azərbaycandakı qiymətinə təsir göstərə bilər.

Üçüncü mühüm amil isə avtomobillərin idxal olunduğu ölkədə gömrük rüsumları, vergilər və digər fiskal ödənişlərlə bağlı dəyişikliklərdir. Məsələn, Azərbaycanda əvvəlki illərdə ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin idxalı ilə bağlı müəyyən güzəştlər tətbiq edilirdi. Lakin həmin güzəştlərin müddətinin başa çatması ilə avtomobillərin idxalı zamanı ödənilən rüsum və vergilərin artması onların son satış qiymətinə də təsir edə bilər. Yəni ölkənin gömrük siyasətində baş verən dəyişikliklər avtomobil bazarında qiymət artımına səbəb olan amillərdəndir.

Bütün bunlarla yanaşı, hazırda ABŞ, İran və İsrail arasında davam edən gərginlik də beynəlxalq logistika baxımından diqqətdə saxlanılmalıdır. Əgər bu geosiyasi gərginlik gələn il də davam edərsə, Çin, Cənubi Koreya və Yaponiya kimi ölkələrdən Azərbaycana gətirilən avtomobillərin daşınma xərclərində artım müşahidə oluna bilər. Logistika xərclərinin yüksəlməsi isə avtomobillərin yekun satış qiymətinə təsirsiz ötüşməyəcək.

Ancaq bu gərginliklər yaxın müddətdə aradan qalxarsa və daşınma marşrutlarında sabitlik bərpa olunarsa, avtomobil qiymətlərində belə bir artımın baş verməsi qaçılmaz deyil. Yəni gələn il avtomobillərin bahalaşması birbaşa geosiyasi vəziyyətin, logistika xərclərinin və idxal şərtlərinin necə dəyişəcəyindən asılı olacaq".