YapiKredi Müraciət Forması
Şou-biznes Özəl

Güllünün ölümündə şahid ifadəsini niyə dəyişdi? - Məhkəmədə şok iddialar

Güllünün ölümündə şahid ifadəsini niyə dəyişdi? - Məhkəmədə şok iddialar

Müğənni Güllünün ölümü ilə bağlı işdə yeni məhkəmə prosesi keçirilib. Hadisə zamanı evdə olan Sultan Nur Ulu ifadəsini niyə dəyişdirdiyini açıqlayaraq, müğənninin qızı Tuğyan Ülkem Gülter tərəfindən təhdid və təzyiqlərə məruz qaldığını iddia edib.

Demokrat.az xəbər verir ki, Yalova şəhərində baş verən hadisə ilə bağlı yalan şahidlikdə ittiham olunan Sultan Nur Ulunun məhkəməsi başlayıb.

Xatırladaq ki, 2025-ci il sentyabrın 26-da Çınarcık rayonunda yaşayan müğənni Güllü (Gül Tut) altıncı mərtəbədəki evinin pəncərəsindən yıxılaraq həyatını itirib. Hadisə zamanı evdə onun qızı Tuğyan Ülkem Gülter və rəfiqəsi Sultan Nur Ulu olub.

İstintaqın ilkin mərhələsində Ulu Güllünün sərxoş olduğunu və pəncərədən yıxıldığını bildirsə də, sonrakı ifadəsində Tuğyan Ülkem Gülterin anasını omba nahiyəsindən tutaraq pəncərədən aşağı atdığını gördüyünü deyib.

Məhkəmədə ifadə verən Sultan Nur Ulu ilkin mərhələdə həqiqəti danışa bilməməsinin səbəbini Tuğyanın təhdidləri ilə izah edib. O bildirib ki, Gülter ona "Mən yanaramsa, sən də yanarsan" deyərək təzyiq göstərib. Hətta bir dəfə avtomobildə olarkən əyləclərin işləmədiyini söyləməklə onu qorxutduğunu iddia edib.

Ulu qeyd edib ki, həmin vaxtkı vəkili hadisə ilə bağlı bütün sübutlar toplandıqdan sonra həqiqətləri açıqlamağı məsləhət görüb. O da bu tövsiyəyə əməl etdiyini, Tuğyandan uzaqlaşdıqdan sonra polisə hər şeyi danışdığını bildirib. Təqsiri öz üzərinə atacaqlarından qorxduğunu deyən Ulu bəraət istəyib.

Onun vəkili Erol Özgüç də müdafiə etdiyi şəxsin təzyiq altında qaldığını və sübutların toplanmasını gözlədiyini bildirib. Vəkil müvəkkilinin ittiham üzrə bəraət almasını tələb edib.

Məhkəmədə Güllünün oğlu Tuğberk Yağız Gülter və onun vəkilləri də iştirak edib. Onlar Sultan Nur Uludan şikayətçi olduqlarını bildiriblər. Tuğberkin vəkili Rahmi Çelik isə Sultan Nur Ulu və Kervan Eminoğlu barəsində qəsdən adam öldürmə cinayətində iştirak ittihamı ilə ayrıca şikayət verdiklərini açıqlayıb.

Qeyd edək ki, Güllünün qızı Tuğyan Ülkem Gülter anasını əvvəlcədən planlaşdıraraq öldürməkdə təqsirli bilinərək ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edilib. Sultan Nur Ulu isə yalan şahidlik ittihamı ilə 2 ildən 4 ilədək həbs cəzası ilə üzləşir.

Məhkəmə Sultan Nur Ulu barəsindəki məhkəmə nəzarəti tədbirini ləğv edib, digər iş üzrə istintaqın nəticəsinin gözlənilməsinə qərar verib. Növbəti iclasın tarixi açıqlanmayıb.