Güclü yağışlar zamanı bəzi küçə və yaşayış massivlərinin su altında qalması mənzil bazarında müəyyən narahatlıqlar yaradıb. Yağıntılar nəticəsində həyətlərin, binaların birinci mərtəbələrinin, qarajların və zirzəmilərin su basması həmin ərazilərdə yaşayan sakinlərin gündəlik həyatına ciddi təsir göstərir. Bu hallar daşınmaz əmlak almaq istəyən şəxsləri də seçim zamanı daha diqqətli olmağa vadar edir. Xüsusilə yağışlı mövsümdə su basan ərazilərdə mənzillərin bazar dəyərinin necə dəyişməsi, alıcıların bu problemlərə münasibəti və belə əmlakların gələcəkdə satılma imkanları aktual məsələlərdəndir.
Su basan ərazilərdə yerləşən mənzillərə alıcı marağı azalıbmı? Belə mənzilləri almaq istəyənlər varmı, yoxsa insanlar artıq seçim zamanı bu amili əsas meyarlardan biri kimi nəzərə alırlar?
Demokrat.az-a bu barədə danışan əmlak eksperti Firdovsi Xəlilov bildirib ki, daşınmaz əmlakın qiymətini müəyyən edən amillərdən biri də onun yerləşdiyi ərazinin infrastrukturu və təhlükəsizliyidir:

"Təbii ki, mütəmadi olaraq su basan ərazilərdə yerləşən mənzillərə alıcı marağının azalması gözləniləndir. Amma burada bir məsələyə də diqqət çəkmək istərdim. Əslində, bu problem bizim üçün yeni deyil. Onilliklərdir ki, həm yolların vəziyyəti, həm də yağışlar zamanı yaşayış ərazilərinin su altında qalması kimi xroniki problemlərlə üz-üzəyik. Nə yaxşı ki, son illərdə yol infrastrukturu ilə bağlı problemlərin əhəmiyyətli hissəsi həll olunub. Lakin su basma problemi hələ də aktuallığını qoruyur. Bunun bir neçə səbəbi var. Xüsusilə son onilliklərdə şəhərsalma prinsiplərinə kifayət qədər əməl olunmaması, icazəli və icazəsiz şəkildə, demək olar ki, hər yerdə fərdi yaşayış evlərinin tikilməsi, çoxmənzilli binaların bir-birinə həddindən artıq yaxın inşa olunması, təbii su axınlarının qarşısının kəsilməsi vəziyyəti daha da ağırlaşdırıb.
Ekspert söyləyib ki, digər mühüm problem isə əhalinin sayının artması ilə mühəndis-kommunikasiya infrastrukturunun inkişafı arasında yaranmış uyğunsuzluqdur:
"Məsələn, Xırdalanı götürək. Vaxtilə təxminən 40–45 min nəfərlik yaşayış məntəqəsi kimi formalaşmış Xırdalanda bu gün 200 mindən artıq insan yaşayır. Vaxtilə həmin əhali sayına uyğun qurulmuş kanalizasiya və suötürmə infrastrukturu isə bugünkü tələbatı qarşılamaqda çətinlik çəkir. Üstəlik, həmin infrastrukturun ilkin keyfiyyətinin nə dərəcədə qənaətbəxş olduğu da ayrıca sualdır. Bu, sadəcə bir nümunədir. Oxşar vəziyyətə respublikamızın bir çox yaşayış məntəqəsində rast gəlmək mümkündür. Bir məqamı da nəzərə almalıyıq ki, məişət kanalizasiyası ilə yağış sularının axıdılması sistemi eyni şey deyil. Lakin hər iki istiqamətdə infrastrukturun əhali sıxlığına və tikinti miqyasına uyğun inkişaf etməməsi problemi daha da dərinləşdirir".
Firdovsi Xəlilov əlavə edib ki, güclü yağış zamanı küçədə müvəqqəti su yığılması ilə yaşayış binasının həyətinin, zirzəmisinin, qarajının və ya birinci mərtəbəsinin mütəmadi olaraq su altında qalması eyni şey deyil:
"İkinci halda problem artıq əmlakın bazar dəyərinə və likvidliyinə, yəni gələcəkdə nə qədər asan satıla bilməsinə təsir göstərir. Belə mənzillər üçün potensial alıcıların sayı məhdudlaşır, satış müddəti uzana və satıcı qiymətdə güzəştə getmək məcburiyyətində qala bilər. Ancaq bu o demək deyil ki, həmin ərazilərdə mənzil almaq istəyən ümumiyyətlə yoxdur. Daşınmaz əmlak bazarında demək olar ki, hər məhsulun öz alıcısı var. Sadəcə, alıcı mövcud riskləri nəzərə alaraq daha münasib qiymət tələb edə bilər. Digər tərəfdən, bu problemlərin hamısı həllolunmaz deyil. Əgər söhbət yağış sularının ötürülməsi sisteminin çatışmazlığından gedirsə, müvafiq infrastrukturun qurulması ilə problem aradan qaldırıla bilər. Bu da həmin əmlakların bazar cəlbediciliyini yenidən artıra bilər. Mənzil almaq istəyən vətəndaşlara tövsiyəm budur ki, yalnız mənzilin qiymətinə, təmirinə və yerləşməsinə deyil, ərazinin relyefinə, yağış sularının axıdılması sisteminə, binanın zirzəmisinin və qarajının vəziyyətinə də diqqət yetirsinlər. Mümkünsə, həmin binada yaşayan sakinlərdən əvvəlki illərdə su basma hallarının olub-olmadığını öyrənsinlər".


