YapiKredi Müraciət Forması
Sağlamlıq Özəl

Həkim iki yumurtadan ibarət səhər yeməyinin kimlərə uyğun olmadığını açıqladı

Həkim iki yumurtadan ibarət səhər yeməyinin kimlərə uyğun olmadığını açıqladı

Qanda "pis" xolesterinin səviyyəsi yüksək olan və ürək-damar xəstəliklərindən əziyyət çəkən şəxslər iki yumurtadan ibarət ənənəvi səhər yeməyinə ehtiyatla yanaşmalıdırlar. Xüsusilə yumurtanın kərə yağında qızardılaraq kolbasa və ya bekonla birlikdə yeyilməsi sağlamlıq baxımından əlavə risk yarada bilər.

Demokrat.az xəbər verir ki, bu barədə "Gazeta.Ru"ya "Meditsina" klinikasının qastroenteroloqu, tibb elmləri namizədi Yevgeni Belousov danışıb.

Həkimin sözlərinə görə, yumurta özlüyündə zərərli məhsul hesab edilmir. O, keyfiyyətli zülal, yağlar, vitaminlər və minerallarla zəngindir. Buna görə də onun faydalı və ya zərərli olmasını yalnız məhsulun özünə əsasən qiymətləndirmək düzgün deyil. İnsanın ümumi qidalanma tərzi və sağlamlıq vəziyyəti də nəzərə alınmalıdır.

Belousov bildirib ki, yumurtanın hansı məhsullarla birlikdə qəbul edilməsi də mühüm əhəmiyyət daşıyır. Tərəvəz və tam taxıllı çörəklə hazırlanan omletlə bekon, kolbasa və çoxlu kərə yağı ilə təqdim edilən səhər yeməyi eyni təsirə malik deyil. Sonuncu məhsullar doymuş yağlarla zəngindir. Onların həddindən artıq qəbulu qanda aşağı sıxlıqlı lipoproteinlərin – "pis" xolesterinin səviyyəsini yüksəldə və ateroskleroz riskini artıra bilər.

Mütəxəssis qeyd edib ki, bir yumurtanın sarısında təxminən 200 milliqram qida xolesterini var. Lipid mübadiləsi pozğunluğu olan şəxslər yumurta miqdarına diqqət yetirməlidirlər. Ürək-damar xəstəlikləri və ya digər risk faktorları mövcud olduqda isə qidalanma rejimi həkimlə fərdi qaydada müzakirə edilməlidir.

Bununla belə, həkim yalnız tərkibində xolesterin olduğu üçün yumurtadan tamamilə imtina etməyi məsləhət görmür. Onun sözlərinə görə, Amerika Ürək Assosiasiyası sağlam insanların gündəlik qida rasionuna bir yumurta daxil edə biləcəyini bildirir.

Belousov həmçinin yumurtanın insanı bir neçə saat tox saxlaması ilə bağlı fikrə də aydınlıq gətirib. Həkim vurğulayıb ki, toxluq hissinin müddəti yalnız yumurtanın qəbulundan deyil, porsiyanın ölçüsündən, zülal və lif miqdarından, yeməyin ümumi kaloriliyindən və fərdi iştahdan asılıdır.