YapiKredi Müraciət Forması
Sağlamlıq Özəl

"Görün nə qədər diplomsuz insan var ki, kimdənsə öyrənib...

Görün nə qədər diplomsuz insan var ki, kimdənsə öyrənib...

Bəzi hallarda ev şəraitində tibbi müdaxilə məqsədilə iynə vurulması ciddi fəsadlara, hətta ölümə səbəb ola bilər. Belə bir hadisə Lənkəran rayonunda qeydə alınıb. Məlumata əsasən, ev şəraitində iynə vurulan şəxs ölüb. Qeyd olunub ki, mərhumun həyat yoldaşının ona iynə vurmasından sonra anafilaktik şok keçirdiyi və qısa müddət sonra dünyasını dəyişdiyi bildirilir.

Ev şəraitində iynə vurulması hansı hallarda anafilaktik şoka və ölümə səbəb ola bilər?

Tibb elmləri doktoru, professor Adil Qeybulla Demokrat.az-a açıqlamasında deyib ki, tibbi manipulyasiyaların həyata keçirilməsi üçün nəzərdə tutulan yer xəstəxanadır:

"Xüsusi hallarda, təxirəsalınmaz tibbi yardım zamanı çöl və ya ev şəraitində mütəxəssislərin iştirakı ilə həyati vacib müdaxilələr həyata keçirilə bilər. Lakin digər hallarda planlı şəkildə evdə iynə vurulması, sistem qoşulması dünyanın hər yerində qadağandır. Belə hadisələr baş verdikdə isə artıq cinayət məsuliyyətindən söhbət gedə bilər. Təəssüf ki, bizdə hələ də bu cür hallarla bağlı problemlər davam edir və insanlar məsələyə bir qədər məsuliyyətsiz yanaşırlar. Görün nə qədər diplomsuz insan var ki, kimdənsə iynə vurmağı öyrənərək bu işlə məşğul olur. Halbuki tibbi müdaxilə yalnız iynə vurmaqdan ibarət deyil".

Professor vurğulayıb ki, sterillik haqqında düzgün təsəvvürü olmayan şəxs tibbi sahədə işləyə bilməz:

"Belə insanların tibbi manipulyasiyalar həyata keçirməsi olduqca təhlükəlidir. Eyni zamanda, ev şəraitində hər hansı müdaxilə zamanı anafilaktik şok və digər ciddi allergik reaksiyalar baş verə bilər. Belə vəziyyətlərdə müdaxiləni həyata keçirən şəxsin nə lazımi imkanları, nə də bu cür hallara müdaxilə etmək üçün kifayət qədər bacarığı olur. Məsələnin əsas təhlükəsi də məhz budur. Ona görə də mütəmadi olaraq ev şəraitində iynə vurulması nəticəsində insanların həyatını itirməsi ilə bağlı hadisələr eşidirik. Bəzən dünyasını dəyişən gənc, bəzən isə yaşlı insan olur. Kimliyindən və yaşından asılı olmayaraq, bu, insan həyatına qarşı ciddi məsuliyyətsizlikdir. Məhz həmin məsuliyyətsizlik nəticəsində insan həyatını itirə bilər. Bu cür müdaxilələrə artıq qadağa qoyulub, lakin təəssüf ki, köhnə vərdişlərin təsiri ilə belə hallar hələ də davam edir".