Balıq mövsümünün başlaması ilə süfrələrin sevilən nemətlərindən olan skumbriya balığının tərkibindəki civə miqdarı yenidən müzakirə mövzusuna çevrilib. Mütəxəssislər bəzi skumbriya növlərinin sağlamlıq üçün risk yarada biləcəyi barədə xəbərdarlıq edirlər.
Demokrat.az xəbər verir ki, bu barədə ABŞ Qida və Dərman Administrasiyasının (FDA) açıqladığı balıqların civə tərkibinə dair siyahıda kral skumbriyası yüksək civə səviyyəsinə malik növlər arasında göstərilib.
FDA-nın məlumatına görə, kral skumbriyasının orta civə konsentrasiyası hər kiloqramda 0,73 milliqram təşkil edir. Bu səbəbdən qurum həmin balığın istehlakından çəkinməyi tövsiyə edir.
Bununla belə, bütün skumbriya növləri eyni risk daşımır. Atlantik skumbriyası və Sakit okean çubuqlu skumbriyası aşağı civə tərkibli balıqlar kateqoriyasına daxil edilib. Onların həftədə 2-3 porsiya istehlakı mümkün hesab olunur.
Mütəxəssislər xüsusilə hamilə qadınlara, süd verən analara və uşaqlara balıq seçərkən onun növünə diqqət yetirməyi tövsiyə edirlər.
Qeyd edək ki, balıqdakı civə, xüsusilə metilcivə, yüksək miqdarda və uzun müddət qəbul edildikdə sinir sisteminə mənfi təsir göstərə bilər.


