Dəmir dedikdə ilk ağıla qırmızı ət gəlsə də, toyuq ciyəri, istridyə, mərcimək və tünd şokolad da bu mineralın zəngin mənbələri hesab olunur. Dəmir ağciyərlərdən toxumalara oksigen daşıyan hemoqlobinin əsas tərkib hissələrindən biridir.
Demokrat.az xəbər verir ki, 100 qram toyuq ciyərində təxminən 12,9 milliqram dəmir var. Bişmiş istridyənin 85 qramlıq porsiyası isə orqanizmə 8 milliqram dəmir təmin edir.
Müqayisə üçün qeyd edək ki, eyni miqdarda qızardılmış mal ciyərində 5, bişmiş mal ətində isə 2 milliqram dəmir mövcuddur.
Bununla yanaşı, qaynadılmış mərcimək, ispanaq və bərk tofu da dəmirlə zəngin qidalar sırasındadır. Bu məhsulların hər birinin təxminən 120 millilitrlik porsiyasında 3 milliqram dəmir var. Bu göstərici 85 qram bişmiş mal ətindəki dəmir miqdarından çoxdur.
Tünd şokolad da dəmir mənbəyi hesab olunur. Kakao faizi 45-69 arasında olan şokoladın 28 qramında təxminən 2 milliqram dəmir var. Bu isə 85 qram bişmiş mal ətindəki dəmir miqdarına bərabərdir.
Mütəxəssislərin diqqət çəkdiyi əsas məqamlardan biri dəmirin müxtəlif qidalardan orqanizmə sorulma səviyyəsidir. Bitki mənşəli məhsullardakı dəmir ət və dəniz məhsullarında olan hem dəmirlə müqayisədə daha çətin mənimsənilir.
Ət, dəniz məhsulları və C vitamini ilə zəngin qidaların birlikdə qəbul edildiyi qarışıq qidalanmada dəmirin təxminən 14-18 faizi sorulur. Vegetarian qidalanmada isə bu göstərici 5-12 faiz arasında dəyişir.
C vitamini və ət bitki mənşəli dəmirin mənimsənilməsini artırır. Taxıl və paxlalı bitkilərdə olan fitatlar isə dəmirin sorulmasını azalda bilər.


