YapiKredi Müraciət Forması
Şou-biznes

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

Xalq artisti Röya Ayxanın adından Niderlandın Amsterdam şəhərində saxta konsert afişaları hazırlanaraq sosial şəbəkələrdə yayımlanıb.

Demokrat.az xəbər verir ki, bu barədə Xalq artisti sosial media hesabında məlumat yayıb.

Belə ki, afişalarda sənətçinin 30 yanvar 2027-ci il tarixində Amsterdamda yerləşən De Koning Saal-da konsert verəcəyi bildirilib. Afişalarda Röya Ayxanın fotolarından istifadə olunub, bilet sifarişi üçün isə əlaqə nömrələri yerləşdirilib.

Röya Ayxan saxta elanlara inanmamağa, bilet almamağa və heç bir ödəniş etməməyə çağırış edib. O, konsertləri ilə bağlı məlumatların yalnız rəsmi səhifələrindən izlənilməsini xahiş edib:

"Son günlər Amsterdamda mənim adımdan süni intellekt vasitəsilə hazırlanmış saxta konsert afişalarının yayıldığını və həmin afişalar üzərindən bilet satışının həyata keçirildiyini müşahidə edirəm.

Bildirirəm ki, yayılan məlumatlar həqiqəti əks etdirmir. Amsterdamda elan olunan bu konsertlərlə bağlı tərəfimdən heç bir razılıq verilməyib. Həmin tədbirlərdə iştirakım nəzərdə tutulmayıb və yayılan afişaların mənim rəsmi komandamla heç bir əlaqəsi yoxdur.

Xahiş edirəm, saxta elanlara inanmayın, bilet almayın və hər hansı ödəniş etməzdən əvvəl məlumatları rəsmi səhifələrim vasitəsilə dəqiqləşdirin.

Adımdan istifadə etməklə insanların etibarından sui-istifadə edilməsinə qarşı hər kəsi diqqətli olmağa çağırıram". (musavat.com)