Ev qiymətlərinin yüksək olması səbəbindən bir çox vətəndaş daha ucuz mənzil axtarışında "makler evləri"nə üz tutur. Lakin bu evlərin sənədsiz, qanunsuz torpaqlarda və tikinti normalarına əməl edilmədən inşa olunması alıcılar üçün ciddi risklər yaradır.
Bəs vətəndaş "makler evi" alarkən hansı hüquqi və texniki məqamlara diqqət etməlidir?
Demokrat.az-a açıqlama verən əmlak eksperti Anar Nəsirovun sözlərinə görə, vətəndaşlar bəzən evin qiymətinin ucuz olduğunu görüb tələsik qərar verərək həmin əmlakı alırlar.

Onun sözlərinə görə, lakin bir müddət sonra müxtəlif problemlərlə qarşılaşırlar:
"Məlum olur ki, ev tikinti norma və tələblərinə uyğun inşa edilməyib, qanuni tikili hesab olunmur, torpağın sənədi yoxdur və ya tikintinin aparılması üçün müvafiq qərar və layihə mövcud deyil. Başqa sözlə, ev heç bir tikinti normativinə əməl edilmədən, necə gəldi tikilib. Vətəndaş bunu başa düşəndə isə artıq gec olur və problemi həll etməkdə çətinlik çəkir. Ona görə də vətəndaş hər hansı əmlakı, xüsusilə həyət evini alarkən ilk növbədə torpağın sənədləri ilə maraqlanmalıdır. Torpağın mülkiyyət sənədinin olub-olmadığı dəqiqləşdirilməlidir. Çünki bəzi hallarda saxta sənədlərin alqı-satqısı ilə də məşğul olurlar. Vətəndaşlara bildirmək lazımdır ki, əgər torpaq bələdiyyənin qərarı əsasında ayrılıbsa, həmin qərarın qanuniliyini yoxlamaq vacibdir. Xüsusilə 2007-ci ilə qədər verilmiş bələdiyyə qərarlarının mövcudluğu və hüquqi qüvvəsi araşdırılmalıdır. Bununla yanaşı, qərarın həqiqətən həmin bələdiyyə tərəfindən verildiyi, torpağın bələdiyyənin ərazisinə aid olub-olmadığı müvafiq qurumlardan dəqiqləşdirilməlidir. Bu məqsədlə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri qurumuna, eləcə də müvafiq bələdiyyəyə müraciət etmək olar.
Digər mühüm məsələ torpağın kateqoriyasıdır. Torpağın yaşayış məntəqələrinin torpaqlarına, dövlət torpaqlarına və ya başqa kateqoriyaya aid olduğu öyrənilməlidir. Çünki fərdi yaşayış evi tikintisi üçün torpağın təyinatı və mülkiyyət hüququ qanunvericiliyin tələblərinə uyğun olmalıdır. Bundan sonra evin yerləşdiyi ərazinin texniki və coğrafi xüsusiyyətləri araşdırılmalıdır. Bakı və Abşeron ərazisində torpaqların bir hissəsi yüksək nəmlik və qrunt sularının səviyyəsi ilə bağlı problemlərlə xarakterizə olunur. Bu səbəbdən həmin ərazilərdə hətta az miqdarda yağan yağış belə bəzi hallarda su basmasına səbəb olur. Vətəndaş ev almamışdan əvvəl ərazinin sel və su basması riskini, qrunt sularının səviyyəsini və torpağın xüsusiyyətlərini öyrənməlidir. Evin qadağan olunmuş ərazidə tikilib-tikilmədiyi də mütləq yoxlanılmalıdır. Əgər tikili belə ərazidə yerləşirsə, onun gələcəkdə sənədləşdirilməsi və mülkiyyət hüququnun tanınması ilə bağlı ciddi problemlər yarana bilər. Buna görə həmin evin alınmasından imtina etmək daha məqsədəuyğundur. Torpağın sənədləri qaydasındadırsa, təyinatı uyğundursa, ev qadağan olunmuş ərazidə yerləşmirsə və su basması riski yoxdursa, növbəti mərhələdə tikilinin texniki vəziyyəti araşdırılmalıdır. Fərdi yaşayış evinin fundamentinin necə qurulduğuna, beton əsasın olub-olmadığına, divarların və arakəsmələrin hansı materiallardan inşa edildiyinə diqqət yetirilməlidir. Evin yerləşdiyi ərazinin xüsusiyyətlərindən asılı olaraq kürsüsünün hündürlüyü də yoxlanılmalıdır. Xüsusilə su basma riski olan ərazilərdə bu məsələ böyük əhəmiyyət daşıyır.
Bundan başqa, evin tək və ya qoşa daşdan tikilməsi, divarların qalınlığı, mərtəbələrarası konstruksiyalar və beton kəmərlərin mövcudluğu araşdırılmalıdır. Mərtəbələr arasında düzgün beton kəmərlərin və ya monolit konstruksiyaların qurulması binanın dayanıqlılığı baxımından vacibdir. İkimərtəbəli evlərdə mərtəbələrarası birləşmələrin necə inşa edildiyi də mütəxəssis tərəfindən yoxlanılmalıdır. Mərtəbələrarası örtüklər taxtadan, monolit betondan və ya digər konstruksiyalardan hazırlana bilər. Bəzi evlərdə isə əvvəlcə beton karkas qurulur, daha sonra divarlar hörülür. Bu konstruksiyaların hər birinin öz texniki xüsusiyyətləri var. Ona görə də evin tikinti normativlərinə uyğunluğu, konstruksiyaların keyfiyyəti və təhlükəsizliyi mütəxəssis tərəfindən ətraflı yoxlanılmalıdır. Yalnız bundan sonra həmin əmlakın alınması barədə qərar vermək olar. Vətəndaşların tez-tez qarşılaşdığı digər problem etibarnamə ilə ev və ya torpaq almasıdır. Bəzi hallarda insanlar bələdiyyə və ya icra hakimiyyəti tərəfindən verilmiş qərar və sərəncamları deyil, etibarnaməni əsas götürərək əmlak alırlar. Lakin bu, gələcəkdə ciddi hüquqi problemlərə səbəb ola bilər. Etibarnamə mülkiyyət hüququnu təsdiq edən sənəd deyil və onun ləğv edilməsi mümkündür. Etibarnamə verən şəxs dünyasını dəyişdikdə və ya digər hüquqi hallar yarandıqda alıcının əmlak üzərindəki hüquqlarını rəsmiləşdirməsi çətinləşə bilər. Buna görə də yalnız etibarnaməyə əsaslanaraq ev almaq olduqca risklidir.
Əgər əmlakla bağlı sərəncam başqa şəxsin adınadırsa, ilk növbədə həmin sənədin hüquqi qüvvəsi və əmlakın mülkiyyətə keçirilməsi imkanları araşdırılmalıdır. Əmlak əvvəlcə qanuni qaydada sənədləşdirilməli, çıxarış əldə edilməli, daha sonra notarial alqı-satqı müqaviləsi əsasında yeni mülkiyyətçinin adına rəsmiləşdirilməlidir. Əks halda vətəndaş həm hüquqi problemlərlə üzləşə, həm də əlavə xərclərə düşə bilər.
Ümumilikdə, vətəndaşlar ev və ya torpaq alarkən tələsməməli, sənədləri, ərazinin xüsusiyyətlərini və tikilinin texniki vəziyyətini əvvəlcədən ətraflı yoxlamalıdırlar. Tələsik verilən qərarlar gələcəkdə ciddi maddi və mənəvi zərərlərə səbəb ola bilər".


