Azərbaycanda 29 istiqamət üzrə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Müsabiqəyə Bakının 9, 41, 45, 93 və 96 nömrəli şəhərdaxili, 213, 539 və 557 nömrəli şəhərətrafı, eləcə də bir sıra şəhərlərarası avtobus marşrutları daxildir.
Şəhərlərarası istiqamətlər üzrə Bakı-Sınıq Körpü, Bakı-Xankəndi-Şuşa, Bakı-Mingəçevir, Bakı-Göyçay, Bakı-Horadiz, Bakı-Qəbələ, Bakı-İsmayıllı, Bakı-Quba, Bakı-Qusar, Sumqayıt-Quba, Gəncə-Şamaxı, Gəncə-Bərdə, Gəncə-Kəlbəcər, Mingəçevir-Gəncə, Şəki-Mingəçevir, Tərtər-Lənkəran, Bərdə-Şəki, Bərdə-Ağsu, Saatlı-Sumqayıt, Beyləqan-Sumqayıt və Zaqatala-Gəncə marşrutları müsabiqəyə təqdim olunub.
İddiaçılar sənədlərini dekabrın 10-u saat 17:00-dək AYNA-ya təqdim etməlidirlər. Sənədlər Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5 ünvanında qəbul olunur.
Müsabiqədə iştirak etmək istəyənlər əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələrini də təqdim etməlidirlər.
Təkliflər komissiya tərəfindən bir neçə mərhələdə nəzərdən keçiriləcək. Belə ki, Bakıdan müxtəlif bölgələrə olan 12 lot üzrə müraciətlərə dekabrın 11-də baxılacaq.
Sumqayıt-Quba, Gəncə-Şamaxı, Gəncə-Bərdə, Gəncə-Kəlbəcər və digər şəhərlərarası istiqamətləri əhatə edən 12 lot üzrə qiymətləndirmə dekabrın 15-də keçiriləcək.
Bakı şəhərinin 539, 557 və 9 nömrəli marşrutları üzrə 3 lota dekabrın 18-də, 41, 45 və 93 nömrəli marşrutlar üzrə 3 lota dekabrın 22-də baxılacaq.
96 nömrəli şəhərdaxili və 213 nömrəli şəhərətrafı marşrutları əhatə edən son 2 lot üzrə isə təkliflər dekabrın 25-də qiymətləndiriləcək.


