Ekspert: "Biz bilmirik ki, əhali istehlak etdiyi qazın nə qədərinin pulunu ödəyib"

GÜNDƏM 30 iyn 2021, 18:02
“Tarif Şurası iclasın yekunu ilə bağlı məlumat dərc edib və orda Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında tariflərə baxıldığı və qərarın qəbul edildiyi qeyd edilib. SOCAR qeyd edib ki, 2017-ci ilin yanvarın 1-də tariflərlə bağlı müəyyən dəyişikliklər olub. Əhali üçün 1000 kub metr qazın qiyməti 2009-cu ildə müəyyənləşdirilib. Yəni kifayət qədər uzun müddət bu qiymətlərdə dəyişiklik olmayıb, daha sonra isə göstərildiyi kimi 2017-ci ildə diferensial tarifə keçilib”. 

Bu fikirləri Demokrat.az-a neft sahəsi üzrə ekspert İlham Şaban Tarif Şurasının təbii qazın qiymətlərinin qaldırılması ilə bağlı qərarı haqda danışarkən deyib.

O, qiymət artımının səbəbini belə əsaslandırıb:

“Bundan sonra Azərbaycanın kommersiya qazı kifayət qədər artdı və bunun nəticəsində dövlət qaz ixracatını kifayət qədər artırdı. Bundan sonrakı azı 3 il ərzində Azərbaycanın kommersiya qazı hər il artacaq. Sual verilə bilər ki, bəs onda niyə daxildə qiymətlər dəyişir? Məsələ belədir ki, artan qaz hasilatı əsasən “Şahdəniz-2” layihəsi hesabına olacaq. “Şahdəniz-2” layihəsi ixrac üçün nəzərdə tutulub, ondan gələn gəlir isə dövlətə mənfəət gətirmir. Digər tərəfdən, ölkənin daxilində qaz istehlakı ildən-ilə artır. Bunu da SOCAR qazlaşmanın intensivləşməsi ilə əlaqəli olduğunu bildirir. SOCAR-ın illik hesabatlarına baxsaq, qazın maya dəyəri və satış qiyməti şirkətin zərərinə işləyir. Bunu xüsusilə son 2 ildəki hesabatlarında görmək mümkündür. Keçən ildən dövlətin əsas qazanc mənbəyi olan neftdən gələn gəlirləri iki dəfədən çox azaldığından, cari ildə də, sonrakı illərdə də bu gəlirlərin artma ehtimalının az olmasını nəzərə alaraq, dövlət yeni qərarla qazın daxili bazarda subsidiyalaşdırılmasını həyata keçirmək gücündə olmadığını ortaya qoymuş oldu. Ona görə də, dövlət bazar şəraitindən çıxış edərək, istehlakçıları istehlak etdikləri qaza görə bazarda formalaşan qiymətlə ödəniş etməyə çağırır. Bundan sonra proseslərin necə cəyəran edəcəyini görəcəyik, ilin ikinci yarısında daxili istehlak azalacaqmı, “Azəriqaz” İB-nin yığım səviyyəsi necə olacaq – bunları görəcəyik”.
 
Ekspert “Azəriqaz” İstehsalat Birliyinin son illərin və ayların yekunları ilə bağlı hesabatları açıqlamamasına da toxunub:

“Onu da qeyd edək ki, “Azəriqaz” nə 2020-ci ilin yekunları ilə bağlı, nə 2021-ci ilin birinci rübü, nə də aylar üzrə abonentlərin kateqoriyalar üzrə yığımını açıqlayıb. Yəni biz bilmirik ki, əhali istehlak etdiyi qazın nə qədərinin pulunu ödəyib. Həmçinin bilmirik ki, dövlət qurumları aldıqları qazın pulunu verirlərmi. Bəzən məlumatlar oxuyuruq ki, dövlətə məxsus bağçanın, məktəbin işığı, qazı borcu olduğu üçün kəsilib. Belədirsə, abonentlərin istehlakla müqayisədə ödədikləri məbləğ gizlədilirsə, bütün yük əhalinin bədxərcliyi ilə əlaqələndirilirsə, şəffaflığı artırmaq üçün əlimizdə böyük imkanlar yoxdur”.

Aygül Qarayeva 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top