Balakəndə kişi anasına əsəbləşdi, arvadını döydü — Təfərrüat

KRİMİNAL 09 iyn 2021, 15:39
Balakən rayonunda 1975-ci il təvəllüdlü Umaxan həyat yoldaşı Xəyaləyə xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Umaxan sərxoş vəziyyətdə yaşadığı Balakən rayonunun Qullar kəndi ərazisində yerləşən fərdi yaşayış evində aralarında yaranmış mübahisə zəminində həyat yoldaşı Xəyalənin sifət nahiyəsinə yumruq və şillə vuraraq, ona müxtəlif dərəcəli xəsarətlər yetirib.

İstintaq orqanı tərəfindən Umaxanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Umaxan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Balakən rayonu Qullar kəndində ailəsi ilə birlikdə yaşayır: “Hazırda Balakən rayon Mərkəzi Bazarında köhnə ayqqabıların alqı-satqısı işi ilə məşğul oluram. 3 il bundan öncə Tülü kənd sakini Xəyalə ilə ailə həyatı qurdum. Bu evlilikdən bizim Elxan adlı 1 oğlumuz doğuldu”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, hadisə baş verən günündən bir gün əvvəl anası Firəngiz ona zəng edib və Qarabağ uğrunda gedən döyüşlərdə qazanılmış qələbə münasibətilə evdə halva bişirib, sədəqə paylamaq istədiyini deyib: “Anam bu işdə ona həyat yoldaşım Xəyalənin kömək göstərməsini xahiş etdi. Mən də anama səhəri gün Xəyaləni gətirəcəyimi bildirdim. Ertəsi gün səhər saatlarında Xəyaləni uşaqlarla anamgilə apardım. Sonra oradan çıxaraq bazara getdim. Həmin gün alver zəif olduğu üçün günorta saatlarında mağazanı bağladım və ərzaq mağazasına getdim. Oradan özümə yarım litr araq aldım. Həmin arağı özümün iş yerində tək içdim. Bundan sonra nə baş verdiyini dəqiq xatırlamıram. Bir də özümə gələndə özümü rayon polis şöbəsində olduğunu gördüm. Polis şöbəsində bildim ki, sərxoş halda anamgilə gedib, oradakı əşyaları sındırıb, həyat yoldaşımı döymüşəm”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Xəyalənin sözlərinə görə, 1 il bundan öncə Balakən rayonu Poştbinə kənd sakini Umaxan ilə ailə həyatı qurub: “Umaxanın 4-cü həyat yoldaşı olmuşam. Özüm isə 2-ci dəfə ailə həyatı qurmuşam. Birinci evliliyimdən Tariyel adlı 1 oğlan övladım var. Ümulikdə 2 övladı var. Tariyelin 5 yaşı var, Elxan isə 1 yaş 5 aylıqdır. Elxan Umaxandan doğulub. Umaxan ilə ailə həyatı qurduğum gündən etibarən demək olar ki, hər gün evə sərxoş formada gəlib, səs-küy salıb, münaiqşə yaradıb”.

Zərərçəkmiş qeyd edib ki, hadisə baş verən günü səhər saatlarında Umaxan ona anasının Qarabağ uğrunda gedən döyüşlərə görə qələbə qazanılması ilə əlaqədar evdə halva bişirib, ehsan paylamaq istədiyini bildirib: “Mənim də bu işdə anasına kömək etməyimi istədi. Buna etiraz etməyərək razılaşdım. Umaxan məni və uşaqları anasıgilə apardı. Umaxan bizi  aparandan sonra oradan getdi. Mən də gün ərzində qaynanama kömək edib, halva bişirdim. Həmin gün saat 17 radələrində Umaxan evə gəldi. Evə daxil olanda Umaxanın sərxoş vəziyyətdə olduğunu hiss etdim. Umaxan evə gələn kimi anası ilə mübahisə etməyə başladı. Umaxan anasının yeni tikdirdiyi evdən ona pay ayrılmasını istədi. Anasının ünvanına xoşəgəlməyən ifadələr işlətdi. Qaynanam Firəngiz də əlavə söz-söhbət olmasın deyə evdən çıxdı və həyətə düşdü. Umaxan da onun arxasınca çölə çıxdı. Bir neçə dəqiqədən sonra Umaxan yenidən evə qayıtdi. Bildirdi ki, sən niyə bura gəlibsən, bizə halvamı lazımdır?. Bu sözləri deyəndən sonra Umaxan üstümə hücum etdi, şillə və yumruqlarla sifətimə vurdu, məni döydü. Bundan sonra da Umaxan evdə olan çöl tərəfdəki televizor antenasının orta hissəsindəki cihazı vuraraq yerə saldı. Sonra evin eyvanındakı güzgülü şkafın güzgüsünü sındırdı”.

Xəyalə deyib ki, saha sonra Umaxan evin qonaq otağında olan stolun ayaqlarını və 2 ədəd stulları sındıraraq çölə tullayıb: “Bundan sonra qaynanam evə gəldi. O, sınmış əşyaları və mənim döyüldüyümü gördü. Bu səbəbdən Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etdi”.

Bu cinayət işinə Balakən rayon Məhkəməsində hakim Zamin Tahirovun sədrliyi ilə baxılıb.

Umaxan aylıq qazancından 20 faiz pul dövlət nəfinə tutulmaqla 6 ay müddətə islah işləri cəzasına məhkum edilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top