Kremldən türk birliyinə qarşı hücum tapşırığı: Cəmil Həsənli hərəkətə keçdi — FAKTLAR

TƏHLİL 03 apr 2021, 15:33
44 gülük Vətən müharibəsi təkcə Ermənistanın Azərbaycan torpaqlarında 30 illik işğalına son qoymadı, həm də regionda yeni reallıqlar yaratdı. Bu reallıqda ən mühüm məqamlardan biri qardaş Türkiyənin illər sonra Azərbaycan üzərindən bölgədə əsas güclərdən biri, bəlkə də birincisi olmasıdır.

Bölgədə Azərbaycan Türkiyə ilə “bir millət iki dövlət” prinsipi ilə dərin bağlara malikdir. Gürcüstan Qərbə inteqrasiya yolunda Azərbaycan və Türkiyə üçbucağında yer alır, Ermənistanın da bu təsir dairəsinə daxil olması mümkündür. Dağlıq Qarabağ münaqişəsinin həlli, regionda kommunikasiyanın bərpası, Türkiyə-Ermənistan sərhədinin açılması ilə bağlı prosesin başlanması bu gözləntini artırır.

Bu reallıqda ən güclü zərbə Rusiyaya dəydi. Doğrudur, Rusiya hələ də regionda təsir imkanlarını saxlayır, lakin artıq hər şey əvvəlki kimi deyil və Moskvada da anlayırlar ki, proseslərin inkişafı regiondakı vəziyyəti onların istəmədiyi məcrada dəyişdirəcək. 



Rusiya məhz bu mənzərənin yetişməsinin qarşısını almaq üçün müxtəlif yollarla fəaliyyətə keçib. Bu yollardan biri Azərbaycan-Türkiyə qardaşlığına kölgə salmaq, Bakı-Ankara münasibətlərini pozmaqdır. Bu təxribat oyununda Rusiyanın Azərbaycandakı “5-ci kalonu” aktiv iştirak edir.

2013-cü ildə Rusiyanın layihəsi olaraq yaradılan Milli Şuranın rəhbəri Cəmil Həsənlinin son çıxışları Moskvadan “5-ci kalon”a hansı yöndə göstərişin gəldiyinə şübhə yeri qoymadı.

Hədəf Türkiyə-Azərbaycan, ümumilikdə türk birliyinə zərbənin endirilməsidir. Zamanın seçilməsi də təsadüfi deyil.



Türk Şurasının Zirvə toplantısı keçirildi və uzun müddətdən sonra ilk dəfədir ki, türk dünyasının bütövləşməsi üçün həm siyasi şərtlər, həm də siyasi iradə mövcuddur. Qarabağ münaqişəsinin həllindən sonra Zəngəzur dəhlizinin açılması istiqamətində real addımlar da türk dünyasının coğrafi parçalanmasına son qoyacaq. Azərbaycan Prezidentinin Zirvə görüşündə Zəngəzur dəhlizindən bəhs etməsi türk birliyinin yaxın perspektivdə reallaşacağı gözləntilərini artırır. Bu birlikdə Türkiyə və Azərbaycan açar ölkələrdir.

Bu gün Rusiya türk birliyini “beşikdə boğmaq” üçün hədəf olaraq Türkiyə-Azərbaycan qardaşlığını hədəfə alıb. Əgər bu qardaşlığa xələl gələrsə, ilk növbədə Türkiyənin bölgədə varlığı sual altına düşə, sonrakı mərhələdə isə türk birliyi parçalana bilər.

Rus layihəsi olan Milli Şuranın rəhbəri Cəmil Həsənlinin iddiaları da bu xain planın tərkib hissəsidir.



Cəmil Həsənli iddia edir ki, 10 il öncə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Azərbaycana səfəri zamanı onun Milli Məclisdə pis qarşılanması üçün deputatlara tapşırıq verib. Daha sonra Azərbaycanın PKK terror təşkilatına dəstəyi haqda illuziyalardan bəhs edir.

Bu iddialar birbaşa Azərbaycan dövlətinin maraqlarına, Azərbaycan-Türkiyə qardaşlığına və türk birliyinə qarşı təxribatdır. Göstərişin şimaldan gəldiyi aydın görünür. 



Cəmil Həsənlinin son günlər şəxsi ilə bağlı baş verənlər fonunda bu, həm də Milli Şura sədrinin “qisas” almaq niyyətindən xəbər verir. 

Təhlükəli oyunların getdiyi, Azərbaycan daxilindəki “5-ci kalon”un aktivləşdiyi və milli maraqlara qarşı təxribat törətdiyi aydındır. Bu oyunu pozmaq, Azərbaycan maraqlarını, Türkiyə-Azərbaycan qardaşlığını və türk birliyini qorumaq üçün bu cür təxribatlara yol verməmək, cəmiyyət olaraq, mübarizə aparmağımız qaçılmaz zərurətdir. Çünki hədəf dövlətin və xalqın gələcəyinə zərbənin vurulmasıdır. 

Dəyərli xalqım, öz gələcəyimizi bu cür şəxslərdən xilas etməyimiz öz əlimizdədir!


Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top