“Binə”də işləyən iş adamından qohumuna qarşı böyük dələduzluq — ŞOK FAKTLAR

KRİMİNAL 18 noy 2020, 13:21

Bakıda dələduzluqda ittiham olunan Tərtər rayon sakini, 1967-ci il təvəllüdlü Elmir Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Demokrat.az-ın əldə etdiyi məlumata görə, Elmir Məmmədov qohumu Xaliq Əliməmmədov etibarından sui-istifadə edib, pul verəcəyi təqdirdə həmin pulla Türkiyə Respublikası və Çin Xalq Respublikasından qadın-kişi paltarları gətirib, “Binə” Ticarət Mərkəzində qeyri-rəsmi icarə əsasında işlətdiyi obyektdə sataraq gündəlik satılan malın maya dəyərinin 15-16 faizi məbləğində xeyr əldə edəcəklərinə, həmin xeyrin yarısını Xaliq Əliməmmədova verəcəyinə, həmçinin verdiyi əsas pulu isə istədiyi vaxt götürə biləcəyinə dair yalan vəd verib.


Elmir Məmmədov Xaliq Əliməmmədovdan Sumqayıt şəhəri, Novxanı qəsəbəsində ayrı-ayrı vaxtlarda ümumilikdə 325.210 manat alaraq ələ keçirib.


İstintaq orqanı tərəfindən Elmir Məmmədovun barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.


Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elmir Məmmədov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.


Elmir Məmmədov qeyd edib ki, zərərçəkmiş Xaliq Əliməmmədov ilə əminəvəsidirlər: 


“Xaliqlə yaxın münasibətim olub, aramızda ədavət və düşmənçilik olmayıb. Uzun müddətdir ki, “Binə” ticarət mərkəzində icarəyə yer götürərək geyim paltarları və cehizlik malların alqı-satqısı ilə məşğul oluram. Əsasən yaxın tanışlarımdan götürdüyüm pul hesabına Çin Xalq Respublikası və Türkiyə Respublikasından mallar sifariş vermişdim. Həmin malların satışından əldə olunan gəlirin əsas hissəsini pulu aldığım adama, bir hissəsini isə özümə götürmüşəm. Bu üsulla demək olar ki, gəlirin çox hissəsini mənə pul verən şəxslərə qazandırmışdım. Buna görə də 2018-ci ilin yay aylarında Xaliqlə yaxın qohumların toy mərasimində görüşdüm. 


Söhbət edən zaman Xaliq işlərinin qaydasında getmədiyini, başqa bir işlə məşğul olmaq istədiyini bildirdi. Mən də Xaliqə gördüyüm iş barəsində məlumat verdim və bu işdə xeyirin başqalarının qazandığını, əgər Xaliq pul versə, elə qazancı özü qazanacağını bildirdim Xaliq da nağd pulunun olmadığını, lakin bir ədəd avtomobili və iki ədəd evi olduğunu, həmin əmlakları sataraq onların pulu ilə birlikdə işləyə biləcəyimizi bildirdi”.


Elmir Məmmədov bildirib ki, bundan sonra Xaliq bir dəfə də onun “Binə” ticarət mərkəzində icarə əsasında işlətdiyi cehizlik malları satdığı obyektə də gəlib: 


“Sonra Xaliq mənimlə birlikdə işləməyə razılıq verdi. Xaliq qeyd etdiyi iki ədəd evi və bir ədəd maşınını satıb, təxminən 200.000 ABŞ dollarına yaxın pulu bu işə qoya biləcəyini bildirdi. Mən  də Xaliqə gün ərzində olan alış-verişin 15-16 faizi miqdarında qazanc əldə edə biləcəyimizi, həmin pulun yarısının Xaliqə çatacağını bildirdim”.


Təqsirləndirilən şəxsin ifadəsinə görə, bu minvalla Xaliq yaşadığı Sumqayıt şəhəri, Novxanı qəsəbəsi, Çinar küçəsində yerləşən evində ilk dəfə 10000 ABŞ dolları və həmin ünvandan daha sonra 35000 ABŞ dolları pul verib: 


“Həmin 35 000 ABŞ dollarını da özünə məxsus “Lexus 570” markalı avtomobilini 45500 ABŞ dolarına satdıqdan sonra həmin pulun üzərindən götürərək mənə verdi. Həmin 45000 ABŞ dollarına bir ədədi bütün xərcləri ilə birlikdə 1000 ABŞ dollarına olmaqla 45 ədəd şuba aldım. Həmin şubaları Çin Xalq Respublikasından bazarda işləyən İsa adlı tanışım vasitəsi ilə sifariş verdim. Həmin şubalar noyabr ayında artıq bazarda olublar. Təxminən 2018-ci ilin oktyabr ayının ortalarında Xaliq Xətai rayonu ərazisində olan 3 otaqlı mənzilini mənim iştirakım ilə 98000 ABŞ dollarına sataraq həmin pulu yaşadığı evdə mənə verdi. Həmin ayın sonlarında da Xətai rayonu ərazisində yerləşən 1 otaqlı mənzilini 48300 ABŞ dollarına sataraq həmin pulu mənə verdi”.


Elmir Məmmədov bildirib ki, Xaliq həmin mənzilin pulunun əvəzində əldə etdiyi gəlirdən götürdüyü pulun 2 faiz məbləğində pul ödəməli olduğlarını bildirib: 


“Mən də onun təklifi ilə razılaşdım. Sonradan aldığım pula Türkiyə Respublikasında və Çin Xalq Respublikasından qadın geyimləri gətirdim. Azərbaycana 100000 ABŞ dollarlıq paltar gətirdim və həmin paltarın maya dəyəri 60000 ABŞ dolları olub. 40000 ABŞ dolları isə digər xərclərə sərf olunub. Həmin mallar qış malları olduğundan onlardan 30000 ABŞ dollarlıq mal satsam da, 30000 ABŞ dolları ziyana düşmüşəm. Əvvəl qeyd etdiyim 45 ədəd şubanı da sataraq yaxşı qazanc əldə etdim. Həmin pulu da Xaliqə verdim. Bundan başqa Xaliq mənə 2 faizlə 30000 ABŞ dolları pul tapıb verdir. Həmin pulun faizini və 30000 ABŞ dollarını geri qaytardım”.


Elmir Məmmədovun sözlərinə görə, 2018-ci ilin sentyabr ayından etibarən Xaliqə ayda 8-10 min ABŞ dolları məbləğində pul verib: 


“Həmin pulun bir qismi əldə etdiyim gəlir olsa da, qalan pul Xaliqin mənə verdiyi pul olub. Çünki Xaliq özünə pul lazım olduğunu bildirərək məndən pulu geri istəyim və həmin pulu geri qaytaracağını deyib. 2019-cu ilin sentyabr ayına qədər Xaliqə ümumilikdə 120000 ABŞ dolları pul qaytarmışam. Qalan pulu da qeyd etdiyim kimi gətirdiyim mallara görə zərər etmişəm. Təxminən 20000 ABŞ dolları məbləğində həmin malları verdiyim şəxslərin mənə borcu olub. Hazırda mənim Xaliqə 71300 ABŞ dolları borcum qalıb”.


Elmir Məmmədovun sözlərinə görə, vergi ödəyicisi kimi qeydiyyatdan keçməyib, vergi ödəməyib: 


Malların gətirilməsi barədə heç bir sənədim və ya hesabatım olmayıb. Özüm 3-cü qrup, himayəmdə olan oğlum isə 1-ci qrup əlildir, ailənin yeganə qazanc gətirəniyəm. Törətdiyim əməldən peşmanam. Zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəyərək, onunla barışmışam”.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elmir Məmmədovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona 2 il sınaq müddəti olmaqla 4 il 3 ay 15 gün müddətinə şərti cəza təyin olunub.


Elmir Məmmədovun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunub. O, məhkəmə zalından azadlığa buraxılıb.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top