İkardiyə sürpriz təklif: Premyer Liqaya gedir?

İDMAN 18 sentyabr 2026, 15:50
“Tottenhem” hücum xəttində yaşadığı problemləri aradan qaldırmaq üçün Mauro İkardinin transferini nəzərdən keçirir. 33 yaşlı argentinalı futbolçu “Qalatasaray”dan ayrıldıqdan sonra hazırda azad agent statusundadır.

Demokrat.az
xəbər verir ki, İtaliyanın “Cronache di Spogliatoio” nəşri “Tottenhem”in baş məşqçi Roberto De Zerbinin rəhbərliyi altında hücumdakı problemlərə qısa müddətli həll yolu kimi İkardini düşündüyünü yazıb. London klubu Premyer Liqanın ilk dörd turunda qol vura bilməyib.

İkardi “Qalatasaray”da keçirdiyi dörd mövsüm ərzində məhsuldar çıxışı ilə yadda qalıb. Argentinalı hücumçu hazırda müqaviləsiz olduğundan onun transferi üçün klubun əlavə bonservis ödəməsinə ehtiyac yoxdur.

“Tottenhem” yay transfer dönəmində heyətini gücləndirmək üçün böyük məbləğlər xərcləsə də, hücum xəttində gözlənilən nəticəni əldə edə bilməyib. Dominik Solanke klubdakı ilk beş matçında qol vura bilməyib. “Mançester Siti”dən icarəyə götürülən Ömər Marmuşun da hesabında hələlik qol yoxdur. Riçarlison isə əsas komandanın planlarından kənarda qalıb.

İkardiyə maraq göstərən digər klubun Yunanıstan təmsilçisi “Olimpiakos” olduğu bildirilir. Jurnalist Nahuel Ferreyranın məlumatına görə, klub argentinalı futbolçu ilə artıq əlaqə saxlayıb, lakin onun yüksək maaş tələbi səbəbindən razılıq əldə olunmayıb. İkardinin illik təxminən 8,6 milyon funt sterlinq qazanc tələb etdiyi iddia edilir.

Karyerasında “İnter”, PSJ və “Qalatasaray” kimi klublarda çıxış edən İkardi Fransa çempionatında iki, Türkiyə Super Liqasında isə dörd dəfə çempionluq yaşayıb.

Jalə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

18 sentyabr 2026, 15:18
Top