Sabirabadda həmkəndlilərin su davası: 44 yaşlı kişi həbs edildi

HADİSƏ 20 oktyabr 2025, 14:53
Sabirabad rayonunda 1981-ci il təvəllüdlü Namiq şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həmkəndlisi Kərəmə xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi xəbərə görə, hadisə ötən ilin iyunun 30-da rayonun Şəhriyar kəndində baş verib. 

Kənd sakini Namiq həmin gün saat 15 radələrində çöl sahədə həmkəndlisi Kərəm ilə mübahisə edib. 

Mübahisənin yaranmasına səbəb isə Kərəmin onun əkin sahəsinə axan suyun qarşısını kəsməsi üstündə baş verib. 

Namiq yaranmış mübahisə zamanı qisas niyyəti ilə yumruğu ilə zərərçəkmiş şəxsin sol göz nahiyəsinə və bədəninin müxtəlif nahiyələrinə vurub. Ona müxtəlif dərəcəli xəsarətlər yetirib. 

Hadisəni törədən Namiqin barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

İş üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O, ifadəsində göstərib ki, zərərçəkmiş şəxs onunla həmkəndlidir və qonşuluqda yaşayır: 

“Kərəmlə təxminən 2 il bundan əvvəl sahəni suvarmaq üstündə aramızda münaqişə baş verdi. Həmin vaxt Kərəm nalayiq ifadə işlətdi. Ona bununla bağlı polisə və su idarəsinə şikayət edəcəyimi bildirdim. Kərəm isə buna məhəl qoymadı”.

Təqsirləndirilən şəxs qeyd edib ki, sonuncu dəfə ötən ilin iyunun 30-da, təxminən saat 12 radələrində Şəhriyar kəndində yerləşən çöl sahədə özünə məxsus “Vaz-2107” markalı avtomobili ilə gedərkən Kərəmin orada olduğunu görüb: 

“Avtomobili Kərəmin yanında saxlayaraq sahəyə gedən suyu onun bağlayıb-bağlamadığını soruşdum. Həmin vaxt Kərəm suyu 2 gündür ki, bağladığını bildirdi və məndən suyu açıb-açmadığımı soruşdu. Mən də Kərəmə suyu açdığımı bildirdim. Həmin vaxt Kərəm mənə qarşı nalayiq ifadələr işlətdi. 

Oğlum da maşında əyləşmişdi. Kərəmə söyüş söyməməsini, maşında uşağın olduğunu bildirdim. Lakin, Kərəm buna məhəl qoymayaraq söyüş söyməyə davam etdi. Mən də əsəbləşərək onun gözündən yumruğum ilə vurdum. Ona konkret olaraq bədəninin hansı nahiyələrindən və neçə yumruq zərbəsi vurduğumu dəqiq xatırlamıram. Sadəcə gözündən vurduğumu dəqiq xatırlayıram. Oğlu Rufiz münaqişə vaxtı maşından düşərək yanımıza gəlib və bizi ayırıb. Bundan sonra oğlum ilə birlikdə maşına əyləşərək oranı tərk etdik”. 

Bu cinayət işinə Sabirabad Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Saleh 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. 

Təyin edilmiş cəza müddəti ərzində təqsirləndirilən şəxsə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməsi qadağan olunub. 

Bundan başqa, onun bu müddət ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etməsi tapşırılıb. 

Ona yaşadığı Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməsi də qadağan edilib. Müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməsi tapşırılıb. 
Hökmdən narazı qalan zərərçəkmiş şəxs apellyasiya şikayəti verib. 

O, Sabirabad Rayon Məhkəməsinin 1 aprel 2025-ci il tarixli hökmünün dəyişdirilməsini, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 127.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ağır cəzanın, yəni azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini barədə qərar qəbul edilməsini xahiş edib.
 
Məhkum edilmiş şəxs şəxs də apellyasiya şikayəti verib. 

O, barəsində islah işləri cəzasının təyin edilməsini və yaxud təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını ən aşagı həddə təyin edilməsini istəyib. 

Hər iki şikayətə Şirvan Apellyasiya Məhkəməsində baxılıb. 

İşi araşdıran hakimlər heyəti sonda qərar elan ediblər. Qərara görə, təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyib. 

Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti haqlı hesab edilib və Sabirabad Rayon Məhkəməsinin hökmü dəyişdirilib. 

Məhkəmənin qərarına əsasən, Namiqə 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilib və həbs qətimkan tədbiri seçilib. 

O, məhkəmə iclas zalından həbs edilib. 

Təqsirləndirilən şəxsin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 oktyabr 2025, 15:50
Top