Azərbaycanda tam orta təhsil 12 il olacaq?

GÜNDƏM 07 avqust 2025, 11:40
Son günlər ölkədə 12 illik təhsilə keçidlə bağlı geniş müzakirələr aparılır. Bu istiqamətdə müxtəlif fikirlər səsləndirilsə də, rəsmi qərar hələ açıqlanmayıb.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən təhsil eksperti Elşən Qafarov bildirib ki, dünyanın əksər ölkələrində orta təhsil 12 illik sistem üzrə təşkil olunur:

“Azərbaycanda da 12 illik təhsilə keçidlə bağlı fikirlər uzun müddətdir müzakirə olunur. Bu məsələ Prezidentin müvafiq sərəncamı ilə təsdiqlənmiş Təhsil İnkişafı üzrə Dövlət Strategiyasında da öz əksini tapıb. Əslində, 12 illik təhsilə keçid genişmiqyaslı və mərhələli bir prosesdir”, - deyə ekspert vurğulayıb.

Elşən Qafarovun sözlərinə görə, hazırda gündəmdə olan variantlardan biri məktəbəhazırlıq qruplarının birinci sinif kimi nəzərdə tutulmasıdır:
 
“Əgər bu baş verərsə, iptidai təhsil müddəti beş ilə qədər uzanacaq. Bu da avtomatik olaraq 12 illik təhsilin əsasını qoyacaq. Əslində, biz bu keçidə bir qədər gecikmişik. Hazırda dünya üzrə 190-a yaxın ölkədə 12 illik təhsil sistemi tətbiq olunur”, - deyə ekspert bildirib.

Ekspert onu da qeyd edib ki, məsələ ilə bağlı hələlik rəsmi qərar və konkret yol xəritəsi elan edilməyib.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top