Anormal istilərdə iş qrafiki dəyişdirilməlidir — Deputat

GÜNDƏM 07 avqust 2025, 10:05
“Azərbaycanda son bir ay ərzində anormal isti hava şəraiti davam edir. Bu da əksər insanlar üçün çox əlverişsizdir. Gündüz saatlarında uzun müddət günəş altında qalmaq risklidir. Ancaq elə insanlar var ki, onlar havanın temperaturunun neçə dərəcə olmasından asılı olmayaraq açıq havada işləmək məcburiyyətində qalırlar. Bir neçə gündür havanın temperaturu +41 dərəcəyə çatır, hətta bir neçə il bundan əvvəl havanın temperaturu 39-40 dərəcədə olarkən fasiləli iş rejiminin tətbiqi istənilidi. Bununla bağlı müzakirələr getsə də, bir nəticəsi olmadı”.

Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Müşfiq Cəfərov deyib. O bildirib ki, hava şəraiti ilə əlaqədar iş rejiminin dəyişdirilməsi praktikası bir sıra Avropa ölkələrində də mövcuddur:



“Məsələn, Yunanıstan, Bolqarıstan, Rumıniya, İtaliya, İspaniyada, hətta bəzi ərəb ölkələrində və iqlimi isti olan digər dövlətlərdə insanların sağlamlığını qorumaq üçün yay aylarında gündəlik iş qrafiki, iş rejimi dəyişdirilir. Yayda həmin ölkələrdə iş saatı səhər saat 07:00-da başlayır, gündüz saat 11:00-dan 17:00-dək böyük fasilə verilir, fasilədən sonra isə iş rejimi axşam saat 22:00-dək davam edir”.

Deputat qeyd edib ki, havanın temperaturu +41 dərəcədən çox olduğu hallarda açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində işlərin müəyyən rejimlə davam etdirilməsi doğru olar:

“Belə hallarda işçilərin həyat və sağlamlığının mühafizəsi məqsədi ilə onlara sərinləşmək üçün imkan yaradılmaqla fasilələr verilməli və işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı əsasında fasilənin sayı, müddəti müəyyən olunmalı, eyni zamanda iş zamanı verilmiş fasilələr iş vaxtına daxil edilməlidir”.

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top