Deputat: Qısa müddətdə Azərbaycan düşməni dost etməyi bacardı

GÜNDƏM 07 avqust 2025, 12:13
“Azərbaycan siyasəti və diplomatiyası son dövrlərdə o qədər ciddi uğurlar əldə edir ki, bu uğurları yalnız tarixi uğurlar kimi səciyyələndirə bilərik. ABŞ-la münasibətlərdə də biz Azərbaycan diplomatiyasının mümkün olmayanı etdiyini görürük. Əgər bir neçə ay əvvəl ABŞ-Azərbaycan münasibətləri gərginliklə xatırlanırdısa, bu gün bu münasibətlər dostana və strateji tərəfdaşlığa doğru inamla irəliləyən münasibətlər kimi xarakterizə edilə bilər”.

Bu sözləri Milli Məclisin deputatı Hikmət Babaoğlu Demokrat.az-a açıqlamasında deyib.

O əlavə edib ki, münasibətlərdəki gərginliyin əsas səbəbkarı Bayden administrasiyası və onun ermənipərəst mövqeyi idi:

“Qısa müddətdə Azərbaycan düşməni dost etməyi bacardı. Cənubi Qafqaz regionunu ABŞ üçün daha önəmli bir geosiyasi məkan halına gətirdi. Bu, iki ölkə arasında münasibətlərdə tamamilə yeni bir mərhələnin başlanğıcıdır. Çünki Azərbaycanın yaratdığı yeni reallıqlar fonunda bölgədə tamamilə fərqli bir güc balansı və təhlükəsizlik arxitekturası formalaşıb. Azərbaycanın sayəsində Cənubi Qafqaz regionu 200 illik istismardan qurtularaq bu gün öz təhlükəsizlik sistemini özü inşa edir. Əgər bu prosesdə ABŞ da iştirak edəcəksə region tamamilə yeni bir mərhələyə qədəm qoyacaq. Bu, həm siyasi, həm iqtisadi, həm də diplomatik və humanitar baxımdan böyük əhəmiyyət kəsb edir. İqtisadi kontekstdə isə, bu gün dünyada ABŞ-ın təsir etmədiyi sahə yoxdur. Dünya iqtisadiyyatının cazibə mərkəzləri olan Çin, ABŞ və Avropa arasında qarşılıqlı iqtisadi əlaqələr mövcuddur”. 

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top