Evdə qısa zamanda, sobadan və ocaqdan istifadə etmədən dadlı desert hazırlamaq mümkündür. Məşhur "Rafaello" konfetlərinin dadını xatırladan vafli tort həm sadə ərzaqlardan hazırlanır, həm də çox vaxt aparmır.
Demokrat.az xəbər verir ki, resept Ukraynanın UNIAN nəşrində dərc olunub.
Desertin hazırlanması üçün aşağıdakı ərzaqlar lazımdır:
- 1 paket vafli korju;
- 1 banka qatılaşdırılmış süd;
- 180 qram 82 faizlik kərə yağı;
- 60 qram yerfındığı və ya badam;
- 100 qram kokos yonqarı;
- Üzəri üçün əlavə 20 qram yerfındığı və 20 qram kokos yonqarı.
Hazırlanma qaydası
İlk olaraq kərə yağını soyuducudan çıxarıb otaq temperaturunda yumşaldın. Daha sonra mikser və ya çırpıcı ilə köpüklü, yüngül kütlə alınana qədər qarışdırın. Üzərinə qatılaşdırılmış südü az-az əlavə edərək vahid krem əldə edin.
Badamı və ya yerfındığını xırda doğrayın. Kokos yonqarı ilə birlikdə kremə əlavə edib yaxşıca qarışdırın.
Hazırladığınız kremi vafli korjların üzərinə bərabər şəkildə çəkin və onları bir-birinin üzərinə yerləşdirərək tortu yığın. Qalan kremdən desertin kənarlarını örtmək üçün istifadə edin.
Son mərhələdə 20 qram kokos yonqarı ilə 20 qram xırdalanmış yerfındığını qarışdırın və tortun kənarlarına səpin.
Desertin dadlı və yumşaq alınması üçün onu 2-3 saat, yaxud bir gecə soyuducuda saxlamaq məsləhətdir. Bu müddətdə krem vafli qatlarına hoparaq tortun daha zərif olmasını təmin edəcək.
Reseptə kiçik dəyişiklik etmək də mümkündür. Sosial şəbəkədəki müzakirələrdə istifadəçilərdən biri kərə yağı əvəzinə 250 qram maskarpone pendirindən istifadə etməyi təklif edib. Bu halda tortun üzərini badam dilimləri ilə bəzəmək olar. Beləliklə, desert daha yüngül kremə və "Rafaello" konfetlərinə yaxın dada malik olacaq.



