Türkiyə və Pakistan Səudiyyə Ərəbistanına dəstək istiqamətində səylərini artırmaq niyyətindədirlər.
Demokrat.az-ın məlumatına görə, bu barədə Pakistanın xarici işlər naziri İshaq Dar Məkkə Alyansının Strateji Siyasi və Müdafiə Komitəsinin ikinci iclasından sonra bildirib.
Dar bildirdi ki, görüş iştirakçıları Yəmən husiləri tərəfindən Səudiyyə Ərəbistanındakı mülki şəxslərə və mülki infrastruktura qarşı həyata keçirilən "davam edən, iyrənc hücumları" qətiyyətlə pisləyiblər.
Nazirin sözlərinə görə, tərəflər "Birgə Müdafiəyə dair Məkkə Sazişi"ndə əksini tapmış kollektiv müdafiə müddəalarına uyğun olaraq, Krallığın təhlükəsizliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasında ona dəstək vermək istiqamətindəki səylərini davam etdirmək və gücləndirmək barədə ortaq qətiyyətlərini bir daha təsdiqləyiblər.
Komitə iclası İslamabadda keçirilib; Türkiyə mediasına görə, iclasda pakt üzvü olan dövlətlərin xarici işlər nazirləri, müdafiə nazirləri və baş qərargah rəisləri iştirak ediblər. Daha əvvəl Pakistanın müdafiə naziri Xavaca Asif təsdiqləmişdi ki, Səudiyyə Ərəbistanı ilə Yəməndə İranın dəstəklədiyi husi üsyançıları arasındakı münaqişə müzakirə olunacaq mövzular sırasında yer alacaq.
Xatırladırıq ki, Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan avqustun 7-də Məkkədə birgə müdafiə sazişi imzalayıblar.
Alparslan



