“Qabiliyyət imtahanları jurnalistikaya xidmət etmədi və etməyəcək” — Fadil Paşayev

MEDİA 07 avqust 2025, 13:37

Jurnalistika sahəsi daim inkişaf edən və özünəməxsus yaradıcılıq tələb edən bir peşədir. Bu sahəyə gəlmək istəyənlərin hazırlığı yalnız nəzəri biliklərlə məhdudlaşmır.

Praktiki təcrübə, davamlı öyrənmə və peşə etikası da böyük önəm daşıyır.

Qabiliyyət imtahanları isə son zamanlar bu sahəyə qəbul prosesində müzakirə mövzusu olub.

Bəs bu imtahanlar jurnalistlərin hazırlığını ölçmək üçün yetərlidirmi?

Gununsesi.info-ya danışan KONKRET.az saytının baş redaktoru, Əməkdar jurnalist Fadil Paşayev jurnalist olmaq istəyənlərin qəbul imtahanından əlavə qabiliyyət imtahanlarının keçirilməsi ilə bağlı narazılıqlarını haqlı hesab edir:

“Ümumiyyətlə, jurnalistika elə bir sahədir ki, tələbələr ali təhsillə yanaşı oxuduğu müddətdə və məzun olduqdan sonra ayrı-ayrı təlimlərdə iştirak etməklə, uzun müddət çalışmaqla və böyük təcrübə toplamaqla bu sənətin sirlərinə yiyələnə bilər.

Məgər yazıçı olan şəxs qabiliyyət imtahanı verir? Və yaxud şair, eləcə də digər yaradıcı şəxslər belə “süzgəclərdən” keçir? Qabiliyyət imtahanının olmasının həmişə bir neçə məntiqi izahı olub. Bu, peşənin çox məsuliyyətli sahə olmasını qabartmaq məqsədi daşıyıb. Çünki jurnalist olmaq istəyən istənilən şəxs sözü sevməli, Azərbaycan dilini mükəmməl bilməli, böyük mütaliəsi olmalı və prinsipal xarakteri ilə seçilməlidir. Gəlin görək qabiliyyət imtahanında tələbələrin bu keyfiyyətləri tam müəyyən oluna bilərmi? Əlbəttə ki, yox.

Qabiliyyət imtahanının ikinci əsas məqsədi uyğunsuz namizədləri aşkar etməkdir. Hesab edirəm ki, 4 illik bakalavr təhsili pilləsində tələbənin bu keyfiyyətlərini də fakültənin pedaqoji kollektivi üzə çıxara bilər. Jurnalist olmaq istəyən şəxslərin tənqidi düşüncə, peşə etikası və psixoloji dayanıqlığını müəyyən edən qabiliyyət imtahanını məncə keçirmək qeyri-mümkündür. Jurnalist olmaq istəyənlər yalnız nəzəriyyəni bilməklə hədəfə çata bilməzlər. Hansısa esse yazmaq, reportaj hazırlamaq təkcə peşə bacarığı kimi dəyərləndirilə bilməz. Elə sahələrdə çalışan şəxslər var ki, onlarda bu, istedaddır. İstedad isə başqa məsələdir, qabiliyyət isə həyatda qazanılır”.


Baş redaktorun fikrincə, bu gün esse yaza bilməyən tələbə illər sonra fikirlərini dahiyanə şəkildə ifadə etmək bacarığına yiyələnə bilər:



“Bunun üçün çoxlu mütaliə və öyrənmək həvəsi əsas amildir. Bütün bunları nəzərə alaraq ümumiləşdirilmiş şəkildə deyə bilərik ki, qabiliyyət imtahanları jurnalistikanın keyfiyyətinin yüksəldilməsinə xidmət edə bilmədi və bilməyəcək. Savadı olan, lakin fəhmi olmayan, bu peşəni sevməyən şəxslər heç vaxt faktlarla işləyə bilməyəcək, rəy ilə xəbəri ayırd etmək bacarığına yiyələnməyəcək.

Jurnalist etikasını anlamayanlar 100 dəfə qabiliyyət imtahanı uğurla versə, guya nə mənası var? Bu baxımdan hesab edirəm ki, qabiliyyət imtahanlarının keçirilməsi meyarları tam müəyyən edilməyib. Bu isə onu deməyə əsas verir ki, qabiliyyət imtahanları boş şeydir.

Məsələn, mən Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini bitirmişəm. Amma müəllim olmaq istəməmişəm, bu peşəyə daha çox rəğbətim olub. Heç bir qabiliyyət imtahanı da verməmişəm. Görürsünüz, jurnalistika qabiliyyət imtahanı olmadan da keçinə bilir. Ona görə də bu gün qabiliyyət imtahanları yersiz görünür. Məncə, hərbçi, polis və aktyor olmaq istəyənlər üçün belə imtahanlar məqbul sayılır. Çünki fiziki hazırlığı olmayanlardan yaxşı hərbçi və ya polis ola bilməz. Və yaxud aktyorluq istedadını müəyyən etmək üçün qabiliyyət imtahanları olduqca vacib görünə bilər”.


Fadil Paşayev vurğulayıb ki, jurnalistika lisenziya tələb edən peşə deyil:

“Həkim və ya hüquqşünaslardan fərqli olaraq, jurnalistlər müxtəlif formatlarda fəaliyyət göstərə bilirlər — o cümlədən bloqerlik və sosial mediada.

Bu qədər fərqli fəaliyyət sahələri üçün vahid “imtahan” düzgün yanaşma deyil. Onsuz da bu peşə yaradıcı və yaradıcı olduğu qədər də açıq bir sahədir. Texniki elmlərə yiyələnən adam da jurnalistika fakültəsini bitirmədən də öz istəyi ilə jurnalist kimi çalışa bilər. Əgər onda bu həvəs varsa.

Jurnalistika qeyri-standart düşüncə, bəzən isə qeyri-adi, eləcə də eksperimental yanaşma tələb edir. Ona görə də indiki qabiliyyət imtahanları bu cür fərqli, lakin istedadlı şəxsləri sistemdən kənarda qoya bilər.

Bu gün müxbir kimi fəaliyyət göstərmək istəyənlər redaksiya qaydaları ilə bərabər, peşəkar birliklərin tələbləri və jurnalist etika kodekslərinin bütün müddəalarını öyrənirlər və beləliklə sözügedən sahə öz-özünə tənzimlənir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top