"Bu isə nə pedaqogikanın, nə də tibb elminin mahiyyətinə uyğundur" — AÇIQLAMA

GÜNDƏM 23 may 2025, 14:44
Professor, tanınmış həkim Adil Qeybulla deyib ki, həkimlərə, müəllimlərə şamil olunan sertifikasiya imtahanları dünyanın heç bir yerində olmayan absurd sistemdir. “Azərbaycanda isə bu proses hələ də ətalətlə davam edir. Amma bu, yanlış prosesdir”,- həkim əlavə edib.

Demokrat.az bununıa bağlı təhsil eksperti Kamran Əsədovun fikirlərini öyrənib.

O qeyd edib ki, Azərbaycan Respublikasında müəllim və həkimlər üçün tətbiq edilən sertifikasiya imtahanlarının mövcud forması son illərdə cəmiyyətin və xüsusilə peşəkar dairələrin narazılığına səbəb olur:

“Bu sistemin əsas məqsədi peşəkarların bilik və bacarıqlarını obyektiv şəkildə qiymətləndirmək və onların peşə inkişafına istiqamət vermək olsa da, tətbiq forması bu məqsədlə uyğunlaşmır və sonda qiymətləndirmənin özü məqsədə çevrilir. Problemin kökündə duran əsas məsələ qiymətləndirmə ilə inkişaf arasında əlaqənin zəif qurulması və sistemin əsasən inzibati nəzarət aləti kimi işlədilməsidir. Sertifikasiya imtahanlarının hüquqi əsasları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 18 mart tarixli, 75 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müəllimlərin sertifikatlaşdırılması Qaydaları” və bu qərara uyğun olaraq təsbit edilmiş mexanizmlərlə tənzimlənir. Sənədə görə, məqsəd “müəllimlərin peşəkar fəaliyyətinin təkmilləşdirilməsi və davamlı inkişafının təmin olunmasıdır”. Lakin praktiki tətbiq bu məqsəddən uzaq düşür. Sertifikasiya prosesi faktiki olaraq yalnız test imtahanı və imtahan nəticəsinə əsasən əmək haqqının artırılması və ya azaldılması ilə nəticələnir. Bu isə peşəkar inkişafdan daha çox kütləvi imtahan mexanizmi təsiri yaradır. Statistik göstəricilər də bu uyğunsuzluğu göstərir. 2023-cü ildə sertifikasiyaya cəlb olunan müəllimlərin yalnız 45 %-i keçid balını toplaya bilib. Bu isə ya müəllimlərin real bilik səviyyəsinin aşağı olduğunu, ya da test formatının reallığı əks etdirmədiyini göstərir. Digər tərəfdən, 2022-ci ildə sertifikasiyada iştirak edən müəllimlərin 70 %-ə qədəri 40 baldan aşağı nəticə göstərmişdi. Bu qədər yüksək “uğursuzluq” faizi sistemin mahiyyəti barədə suallar doğurur. Belə yanaşma ilə müəllimin tədris bacarığı yox, test həll etmək vərdişi qiymətləndirilir və bu, əslində təhsil sisteminin öz funksiyasını yerinə yetirməməsinə gətirib çıxarır”.

Ekspert əlavə edib ki, bənzər yanaşma həkimlərə də şamil olunmağa başlayıb:

“Tibb sahəsində sertifikasiya və lisenziyalaşdırma prosesi müxtəlif ölkələrdə geniş tətbiq olunsa da, Azərbaycanda bu məsələ də yalnız “imtahan” formasında cəmiyyətə təqdim olunur. Halbuki, Dünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən, həkimlərin peşəkarlığı təkcə biliyə deyil, həm də praktikaya, xəstə ilə münasibətə, etik davranışa və daim yenilənən biliklərə əsasən qiymətləndirilməlidir. Məsələn, Almaniyada həkimlər üçün hər beş ildən bir sertifikasiya deyil, davamlı təlimlərdə iştirak tələbi mövcuddur və bu proses peşəkar birliyin nəzarəti ilə aparılır. ABŞ-da isə “Maintenance of Certification” (MOC) çərçivəsində yalnız test deyil, həm də praktik qiymətləndirmə, xəstə baxışı simulyasiyası, klinik qərarvermə ssenariləri əsas götürülür. Bu sistemlərdə məqsəd peşəkarı sıradan çıxarmaq yox, onu inkişaf etdirməkdir. Azərbaycan təcrübəsində isə müəllim və həkimlərin qiymətləndirilməsi sanki bir “imtahanla ya keçdin, ya da yox” dilemmasına endirilib. Bu isə, ilk növbədə, insan amilini, təcrübəni, empatiyanı, dərs və müalicə prosesinin sosioloji və etik tərəflərini sistemdən çıxarır. Digər problem isə odur ki, sertifikasiyadan keçən müəllimə əlavə əməkhaqqı verilir, lakin keçməyən müəllim heç bir inkişaf planına yönləndirilmir. Beləliklə, sistem təkmilləşdirməyə deyil, fərqləndirməyə və ayırmağa xidmət edir. Müsbət tərəfi ondan ibarətdir ki, bu sistem ilk dəfə olaraq peşəkar fəaliyyətə nəzarəti formallaşdırmağa və məsuliyyəti artırmağa cəhd edir. Əvvəllər ümumiyyətlə müəllim və ya həkimin peşəkarlığına dair hər hansı rəsmi yoxlama və ya qiymətləndirmə proseduru yox idi. İndi heç olmasa minimum bir mexanizm var. Bu, həm idarəetməyə, həm də ictimai nəzarətə şərait yaradır. Lakin bu mexanizmin keyfiyyəti və etibarlılığı barədə ciddi suallar qalır”.

Ekspertin sözlərinə görə, əgər bu sistem davam edəcəksə, əsas dəyişməli olan onun məzmunudur:

“Sertifikasiya tək test yox, həm də sinif müşahidəsi, dərs planı təhlili, portfoliolar, pedaqoji refleksiya, professional inkişaf planları ilə müşayiət olunmalıdır. Həkimlər üçün isə simulyasiya əsaslı praktik təhlillər, pasiyent razılığı və klinik qərarvermə ssenariləri əsas götürülməlidir. Həmçinin, sertifikasiya nəticələri “sıxma” mexanizmi deyil, inkişaf istiqamətləndirici funksiyanı daşımalıdır. Yəni aşağı nəticə göstərən peşəkar üçün inkişaf proqramları, mentorluq, əlavə təlimlər təmin olunmalı, proses fərdi və uzunmüddətli izlənməli, şəffaf və motivasiyaedici olmalıdır. Sonda qeyd etmək lazımdır ki, sertifikasiya sistemlərinin tətbiqi dünyanın bir çox ölkəsində qəbul edilmiş təcrübədir. Ancaq Azərbaycanda tətbiq olunan versiyası bu təcrübənin formal, test-oriyentirli və sosiopedoqoji kontekstdən uzaqlaşmış modelidir. Əgər məqsəd peşəkar keyfiyyətin yüksəldilməsi, vətəndaşa göstərilən xidmətin yaxşılaşdırılmasıdırsa, onda ölçmə mexanizmləri də bu məqsədə xidmət etməlidir. Hazırkı format isə daha çox mexaniki filtr rolunu oynayır və inkişafdan çox seleksiyaya xidmət edir. Bu isə nə pedaqogikanın, nə də tibb elminin mahiyyətinə uyğundur ”. 

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top