Peyvənd olunan şəxslərə güzəştlər olacaq?

GÜNDƏM 13 oktyabr 2025, 15:42
“Bu il ölkə üzrə 35 min peyvəndin icra olunması əvvəlki illərlə müqayisədə müəyyən irəliləyiş olsa da, yenə də ideal göstərici hesab edilmir. Peyvəndlənmə səviyyəsi infeksion xəstəliklərin qarşısının alınmasında ən mühüm amildir”.

Bunu Demokrat.az-a açıqlamasında infeksionist həkim Nigar Əliyeva deyib.

O əlavə edib ki,  peyvəndlənmənin aşağı səviyyədə qalması həm fərdi, həm də ictimai sağlamlıq üçün ciddi təhlükə yaradır:

“İnfeksion xəstəliklərə qarşı kollektiv immunitetin formalaşması üçün əhalinin ən azı 80 faizinin peyvəndlənməsi vacibdir. Aşağı göstəricinin əsas səbəblərindən biri maarifləndirmə çatışmazlığı və yanlış məlumatlardır. Bəzi insanlar hələ də peyvəndlərin yan təsirlərindən əsassız şəkildə qorxurlar. Bunun qarşısını almaq üçün kütləvi informasiya vasitələrində mütəmadi maarifləndirici kampaniyalar aparılmalıdır. Xüsusilə televiziya və sosial şəbəkələrdə həkim mütəxəssislərin iştirakı ilə izahlı proqramlar təşkil edilməlidir”. 

Həkim əlavı edib ki, məktəblərdə, uşaq bağçalarında və iş yerlərində peyvəndləmə barədə maarifləndirici tədbirlər keçirilməlidir:

“Dövlət səviyyəsində mobil peyvənd briqadalarının yaradılması da vacib addımdır. Bu briqadalar ucqar bölgələrdə əhalinin peyvəndə əlçatanlığını artırar. Peyvənd olunan şəxslərə müəyyən sosial təşviqlər və güzəştlər tətbiq etmək də marağı artıra bilər. Qeydiyyat sisteminin rəqəmsallaşdırılması da peyvəndləmənin effektiv izlənməsinə imkan verər. Ümumilikdə, peyvəndləmənin artırılması yalnız səhiyyə deyil, həm də ictimai məsuliyyət məsələsidir”.

Leyla Turan 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top