İlahiyyatçı: Vəfat etmiş insanlara hörmətlə yanaşmalı, mənfi ifadələrdən çəkinməliyik

GÜNDƏM 13 oktyabr 2025, 15:45
Bəzi tanınmış şəxslər vəfat edəndən sonra həmin şəxslər haqda müzakirələr bitmir. Bunlardan da biri Cabir İmanov idi. Şəxsin vəfatından sonra onun dini, həyatı çox müzakirələrə səbəb oldu.

Bu barədə ilahiyyatçı Ağa Hacıbəyli Demokrat.az-a açıqlamasında deyib ki, İslam dinində qeybət olmaz:.

“Yəni bir şəxsin arxasınca mənfi danışmaq qəti şəkildə qadağan olunub. Hətta diri insanlar haqqında qeybət etmək bu qədər ağır günah sayılırsa, vəfat etmiş insanlar haqqında mənfi danışmaq daha da böyük məsuliyyət yaradır.  Peyğəmbərimiz (s.ə.s) buyurur ki, ölülərin yaxşı tərəflərini xatırlayın, onların xeyirli işlərini yada salın. Bu, həm dini tövsiyədir, həm də əxlaqi bir çağırışdır.  Vəfat etmiş şəxs artıq bu dünyanı tərk etmiş və Allahın mühakiməsinə buraxılmışdır. Onların niyyətlərini biz bilə bilmərik, ona görə də mühakimə etmək haqqımız yoxdur.   Ölü bir insan artıq özünü müdafiə edə bilmir. Onun haqqında mənfi danışmaq, nüfuzuna kölgə salmaq həm vicdan, həm də din qarşısında böyük məsuliyyətdir. Qurani-Kərim bu barədə buyurur ki, "Ölmüş qardaşınızın ətini yemək istərdinizmi? Bundan diksinərdiniz, elə deyilmi?" Buna görə də vəfat etmiş insanlara hörmətlə yanaşmalı, onlar haqqında xoş sözlər söyləməli, mənfi ifadələrdən çəkinməliyik. Bu həm dini borcumuz, həm də insani məsuliyyətimizdir.  Allah bütün dünyasını dəyişənlərə rəhmət eləsin”.

Leyla Turan 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top