Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunan ustad dərsləri davam edir — FOTOLAR

MƏDƏNİYYƏT 13 oktyabr 2025, 17:49
Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı ilə silsilə ustad dərslərinə başlanılıb.

Dahi bəstəkar, musiqişünas, pedaqoq Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunan layihə Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin tabeliyindəki musiqi və incəsənət məktəblərinin müəllim və şagirdləri üçün nəzərdə tutulub.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, ustad dərsləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı – Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə gerçəkləşir.

Layihə üzrə Bakı şəhər Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli onbirillik musiqi məktəbində kamança ixtisası üzrə ustad dərsi təşkil olunub. Kamança ifaçısı, Əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Toğrul Əsədullayev tərəfindən aparılan dərsdə bu təhsil ocağı ilə yanaşı, paytaxtda fəaliyyət göstərən Kövkəb Səfərəliyeva adına 16 nömrəli, Cabbar Qaryağdıoğlu adına 9 nömrəli və 4 nömrəli uşaq musiqi məktəblərindən müəllim və şagirdlər iştirak ediblər.

Dərsin əvvəlində MEMİM-in şöbə müdiri sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Cəmilə Mirzəyeva çıxış edərək layihənin gənc ifaçıların inkişafındakı önəmini vurğulayıb.

Daha sonra şagirdlərin çalğısını dinləyən T.Əsədullayev milli musiqi alətimiz olan kamançanın ifası zamanı diqqət yetirilməli əsas məqamlardan danışıb, gənc istedadlara tövsiyələrini verib.

Daha bir ustad dərsi isə Bakı şəhər Vaqif Mustafazadə adına 2 nömrəli uşaq incəsənət məktəbində keçirilib. Fortepiano ixtisası üzrə ustad dərsi Əməkdar müəllim, pedaqogika üzrə fəlsəfə doktoru, professor Nərminə Quliyevanın iştirakı ilə gerçəkləşib. Dərsdə Bakı şəhər Gülarə Əliyeva adına 3 nömrəli uşaq incəsənət, Niyazi adına 22 nömrəli uşaq musiqi, Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli, Müslüm Maqomayev adına 26 nömrəli və Rəşid Behbudov adına 2 nömrəli onbirillik musiqi məktəblərinin müəllim və şagirdləri çıxış ediblər.

N.Quliyeva şagirdlərə tövsiyələrini verib, repertuar seçimi, texniki imkanların inkişafı və digər istiqamətlərdə auditoriyanı maraqlandıran sualları cavablandırıb.

Layihə çərçivəsində Üzeyir Hacıbəylinin ev-muzeyində Azərbaycan Milli Konservatoriyasının müəllimi, tanınmış balaban ifaçısı, Əməkdar artist Şirzad Fətəliyevin iştirakı ilə ustad dərsi təşkil olunub. Dərsdə Bakı şəhəri Georgi Şaroyev adına 35 nömrəli, Arif Məlikov adına 11 nömrəli onbirillik musiqi məktəbləri və 4 nömrəli uşaq musiqi məktəbinin müəllim və şagirdləri iştirak ediblər.

Əvvəlcə MEMİM-in şöbə müdiri Əməkdar mədəniyyət işçisi Lalə Kərimova çıxış edərək layihənin əhəmiyyətini vurğulayıb. O, ən qədim milli musiqi alətlərimizdən olan balabanla bağlı ustad dərsinin dahi bəstəkarın ocağında təşkilinin rəmzi məna daşıdığını bildirib. “Üzeyir bəy musiqi yaradıcılığında Şərqlə Qərbin sənət ənənələrinin uğurlu sintezinə nail olub, əbədiyaşar əsərlər yadigar qoyub”, – deyə şöbə müdiri əlavə edib.

Sonra qeyd olunan təhsil ocaqlarından bir neçə şagirdin balabanda ifası dinlənilib. Ş.Fətəliyev balaban alətinin ifaçılıq imkanları barədə söhbət açıb, şagirdlərə öz tövsiyələrini verib, onların suallarını cavablandırıb.

Sənətkar həmçinin öz ifası ilə tədbir iştirakçılarının könlünü oxşayıb.

Həmçinin Bakı şəhər Rəşid Behbudov adına 2 nömrəli onbirillik musiqi məktəbində Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Hökümə Əliyevanın iştirakı ilə violin ixtisası üzrə ustad dərsi keçirilib.

Ustad dərsinə adıçəkilən təhsil ocağı ilə bərabər, Bakı şəhər Şövkət Ələkbərova adına 20 nömrəli, Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli, Müslüm Maqomayev adına 26 onbirillik, eləcə də Səid Rüstəmov adına 13 nömrəli uşaq musiqi məktəblərinin müəllim və şagirdləri qatılıb.

Əvvəlcə şagirdlər öz ifalarını təqdim ediblər. H.Əliyeva violin ifaçılığının əsas xüsusiyyətləri ilə bağlı fikirlərini bölüşüb, müəllim və şagirdləri maraqlandıran suallar cavablandırıb, öz məsləhətlərini verib.

Xatırladaq ki, tanınmış mütəxəssislər tərəfindən aparılan ustad dərsləri tar, kamança, saz, balaban, qanun, xanəndəlik, fortepiano, violin, klarnet, violonçel, vokal və rəqs olmaqla 12 ixtisası əhatə edir.

Qeyd edək ki, oktyabrın 8-də başlayan silsilə ustad dərslərinə 18-dək yekun vurulacaq.

 





SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top