Bakıda əməliyyata girən qadın öldü — 2 klinikaya İTTİHAM (FOTOLAR)

SOSİAL 21 may 2025, 14:42
71 yaşlı qadın həkim səhlənkarlığı nəticəsində dünyasını dəyişib. Yaşlı qadın icbari tibbi sığorta göndərişi ilə əməliyyat olunmasına baxmayaraq xəstə yaxınlarından ümumilikdə 1100 manat pul tələb edilib. Ardınca vəziyyəti pisləşən xəstə digər klinikada əlavə 2500 manat qarşılığında əməliyyat olunub və həyatını itirib.

Demokrat.az Tribunainfo.az-a istinadən xəbər verir ki, bu barədə mərhumun qızı Aynurə Seyidəliyeva bildirib ki, 71 yaşlı anası Ayşad Seyidəliyeva ayaq damarlarında yaranmış problem səbəbilə Şəki şəhərində doppler müayinəsindən keçib və damar quruluğu diaqnozu ilə Bakıya, “Avropa Beynəlxalq Hospitalı”na göndərilib. A.Seyidova bildirib ki, onlardan ilk əməliyyatda 600 manat tələb olunub:

“15 aprel 2025-ci il tarixində anam Ayşad Seyidəliyeva invaziv radioloq Sevinc Babayeva tərəfindən icbari tibbi sığorta çərçivəsində əməliyyat olunub. Əməliyyat zamanı həkimin assistenti bizimlə əlaqə saxlayaraq 600 manat tələb etdi. Biz ödənişi rəsmi şəkildə ödəmək istədiyimizi desəl də, bizə “həkimin hörmətini etmək lazımdır” cavabı verildi və biz pulu ələ verdik”.



Pulu alan şəxs kimi xəstəxananın müdir müavini olduğu bildirilən Püstə adlı qadın qeyd olunub.

Şikayətçi bildirib ki, ikinci əməliyyat daha ağır nəticələnib. 29 aprel tarixində Ayşad Seyidəliyeva ikinci əməliyyata çağırılıb. Ailə bildirir ki, bu dəfə də analiz götürülmədən əməliyyat edilib və yenidən telefonla zəng olunaraq 600 manat ödəniş istənilib. Danışıqlardan sonra məbləğ 500 manata endirilib. Ümumilikdə iki əməliyyata görə 1100 manat qeyri-rəsmi ödəniş edilib.

İkinci əməliyyatdan sonra xəstənin vəziyyəti ağırlaşıb:

“Anam evə buraxıldıqdan sonra bir neçə dəfə təcili tibbi yardıma müraciət etdik. Bizə bildirdilər ki, əməliyyatı həkim Sevinc Babayeva yox, onun köməkçiləri – Sərxan və Əfsanə həyata keçirib”.

Xəstənin vəziyyəti ağırlaşdıqdan sonra ailə təkrar “Avropa Beynəlxalq Hospitalına” müraciət edib və MRT müayinəsi zamanı daxili qanaxma olduğu müəyyən olunub. Daha sonra icbari tibbi sığorta xəstəni “Kəpəz Hospital”ına yönləndirib. Burada həkim Seymur Musayev tərəfindən təcili əməliyyat qərarı verilib. Ailənin sözlərinə görə, icbari sığortaya baxmayaraq onlardan bu dəfə də 2500 manat pul istənilib.

İddialara görə, həkim Seymur Musayev onlarla mübahisə zamanı “xəstəni necə sağaltmışamsa, elə də öldürərəm” deyə təhdidkar ifadələr işlədib. Şikayətdən sonra xəstə başqa palataya köçürülüb və müalicəsi digər həkimə tapşırılıb. Hospitalın rəhbəri Süleyman Muradlı ilə görüşdə isə xəstə yaxınlarından əlavə olaraq 150 manat palata pulu alınıb.
4 may tarixində xəstə evə buraxılıb, lakin 5 may səhər saatlarında halı qəfil pisləşib və çağırılan təcili yardım briqadası ölüm faktını qeydə alıb.

Xəstə yaxınlarının bildirdiyinə görə, “Avropa Beynəlxalq Hospital”ın həkimi Sevinc Babayeva sonradan 740 manat pulu Seymur Musayevə verdiyini bildirib.

Hadisə ilə bağlı nə “Avropa Beynəlxalq Hospital”ı, nə də adıçəkilən həkimlər – Sevinc Babayeva və Seymur Musayev hər hansı bir açıqlama verməyib. Ailə bildirir ki, artıq məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediblər.









SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 may 2025, 19:53
Top