Erməni jurnalist: "Koçaryanı, Sarqsyanı və Ohanyanı Bakıda hakim qarşısına çıxarmaq lazımdır"

GÜNDƏM 01 aprel 2025, 20:42

Bakı və İrəvan yekun sülh müqaviləsinə dair danışıqların bitdiyini elan etsələr də, şərti sərhəddə erməni təxribatları davam edir. Ermənistan rəhbərliyinin təmsilçiləri hərbi cinayətlərdə təqsirləndirilən şəxslərin Bakıda keçirilən məhkəməsinə dair təzadlı bəyanatlar verirlər. Bu fonda iki dövlət arasında, həqiqətən də, sülhün əldə edilməsi perspektivləri nə dərəcədə inandırıcı görünür?

Oxu.Az erməni jurnalist Natali Aleksanyanın bu və digər məsələlərə münasibətini öyrənib.

Paşinyanın müxalifətə uduzmağa haqqı yoxdur

- Bir müddət öncə həm Azərbaycan, həm də Ermənistan Xarici İşlər nazirlikləri yekun sülh sazişinə dair danışıqların bitdiyini elan etdilər. Ermənistan cəmiyyətində bu xəbərə sadə insanların münasibəti necədir? Ümumiyyətlə, Ermənistanda sülh və revanş tərəfdarları arasında nisbət hansı səviyyədədir?

- Ermənistanda sadə insanlar səbirsizliklə sülh müqaviləsinin imzalanmasını gözləyirlər. Mən bunu əminliklə deyirəm, çünki son zamanlar sosial şəbəkə profillərimin izləyiciləri arasında sülh arzulayanların və bunun üçün çalışmaq istəyənlərin sayı artıb. Hərdən olur ki, hansısa təxribatçı səhifəmə girir və şərh bölümündə sülh sazişinin əksinə nəsə demək istəyir. Mən reaksiya göstərməmiş izləyicilərimin özləri ona cavab verirlər, özü də çox sərt şəkildə.

Ancaq sizə deyim ki, ritorikalarında revanşizm olsa da, bu təxribatçıların özləri belə, ciddi şəkildə revanş, hadisələrin bu ssenari ilə inkişafı barədə düşünmürlər. Onlar revanşizmdən yalnız bir məqsədlə istifadə edirlər: baş nazir Paşinyana bütün təşəbbüslərində maneələr yaratmaqla cəmiyyəti dezinformasiya ilə aldatmaq. Nəticə etibarilə ölkədə sabitliyi pozub, Paşinyanı hakimiyyətdən məhrum etmək. Elektoral anlamda onlar keyfiyyətcə əhəmiyyət kəsb edən faktor deyillər. Düzdür, səs-küylüdürlər, səsləri indinin özündə də insanların qəlbində əks-səda doğurur. Ancaq onlara inanan insanların Azərbaycanla sülhün əhəmiyyəti barədə anlayışları yoxdur. Təxribatçılar var, ancaq azdırlar. Onların ölkədə olmaları baş nazirin sülhə doğru fəaliyyətinə maneələr yaradır. Ümumilikdə isə xalq revanş haqqında düşünmür və səmimi hisslərlə sülh istəyir.

- Necə düşünürsünüz, Paşinyanın sülh müqaviləsini imzalamaq niyyəti, 30 illik münaqişəyə son qoymaq istəyi gələn il keçiriləcək seçkidə səslərinin sayına təsir edəcəkmi? O, seçkidə elektoratının bir hissəsini itirə bilərmi?

- Mənim anlamımda istənilən elektoral proses böyük ölçüdə təbliğatdan asılıdır. Ermənistanda hakimiyyət administrativ rıçaqlardan yararlanmamaq prinsipini əsas götürdüyündən təbliğat həlledici əhəmiyyət kəsb edə bilər. Açığını deyim, hökumətin informasiya siyasəti insanları son 30 ildə apardıqları mübarizənin səhv olduğuna inandırmaq üçün yetərli deyil. Bunu isə təcili surətdə etmək lazımdır. Üstəlik, xüsusilə indi - Paşinyanın Qarabağ məsələsinə qarışmadığını elan etdiyi bir zamanda. Mənə elə gəlir ki, Paşinyanın bu bəyanatının nəticələrinin dərki onun özü üçün də tam aydın deyil. Ələlxüsus da ona görə ki, o bunu xalqa izah etməlidir.

Digər tərəfdən, bunu müxalifət də çox gözəl görür və eşidir. Ona görə də indi onlar baş nazirə qarşı yeni media-kampaniya hazırlayırlar. Bu, təbliğat müharibəsi, çox sərt döyüş olacaq. Paşinyanın onu uduzmağa haqqı yoxdur, çünki Ermənistan dövlətçiliyi və şəxsən onun özü üçün faciə ola bilər. Bu baxımdan, əgər savadlı dövlət təbliğatı olmazsa, bu halda Qarabağdan imtina və sülh müqaviləsi mövzuları ciddi şəkildə seçkiyə təsir edə bilər, özü də hakimiyyətin ziyanına.

"Qarabağ klanı"nın üzvləri çoxsaylı cinayətlərdə günahkar olan şəxslərdir

- Siz tez-tez Ermənistanın keçmiş hakimiyyətlərini, "Qarabağ klanı"nın nümayəndələrini tənqid edirsiniz. Onların kriminal strukturlarla yaxın əlaqələrini nəzərə alsaq, öz həyatınıza görə ehtiyatlanmırsınızmı?

- "Qarabağ klanı"nın üzvləri çoxsaylı lokal və dövlətlərarası cinayətlərdə günahkar olan şəxslərdir. Onlar onilliklər boyu Ermənistanda hakimiyyəti saxtalaşdıraraq cəzasız şəkildə dövlətə başçılıq edib, terror vasitəsilə öz vətəndaşlarını itaətkar marionetlərə çeviriblər. Bu yolla onlar həm ölkə daxilində, həm də dövlət resursundan yararlanıb, xaricdə istədikləri əməlləri törədiblər. Onların həm keçmişdə, həm də indi törətdiklərini təsvir etmək üçün Cinayət Məcəlləsi belə yetərli deyil. Bu şəxslərin əməlləri cinayət anlayışının bütün mümkün spektrini əhatə edir və təəssüf ki, onlar hələ də məsuliyyətdən yayına bilirlər. Əlbəttə, onlar kriminal ünsürlərlə sıx əlaqədədirlər və bu günün özündə də lazım olanda bundan istifadə edirlər. Bəli, mən onları sərt formada tənqid edirəm və buna görə gündəlik rejimdə neqativ fəsadlarla rastlaşıram. Ancaq ümid edirəm ki, bu şəxslər mənə və bir çox sülhpərvər insanlara zərər vurmadan öncə hakim qarşısına çıxarılacaqlar.

- Sualın davamı olaraq Bakıda hərbi cinayətlərdə təqsirləndirilənlərin məhkəməsi barədə nə düşünürsünüz?

- Fikrimcə, Bakıda müttəhimlər kürsüsünə mühakimə olunanlarla yanaşı, "Qarabağ klanı"nın digər mühüm üzvləri - Koçaryan, Sarqsyan, Ohanyan, Balayan, Babayan və başqa "liderləri" də çıxarılmalıdırlar.

- Ermənistan hakimiyyətinin bu məhkəməyə dair münasibəti ikili təsir bağışlayır. Paşinyan, bir tərəfdən, özünü sülh tərəfdarı kimi göstərir, əhalini beynəlxalq birliyin tanıdığı sərhədlər çərçivəsində mövcud olan Ermənistan barədə düşünməyə səsləyir. Digər tərəfdən isə XİN rəhbəri Ararat Mirzoyan xarici nümayəndələrlə görüşlərində hərbi cinayətlərdə təqsirləndirilən şəxslərin Bakıda keçirilən məhkəməsindən şikayətlənir. Buna necə izah verə bilərsiniz?

- Mən XİN-in bəyanatlarını şərh etməməyə çalışıram. Bunun səbəbi var. 2023-cü ilin dekabrında da XİN, bir tərəfdən, belə açıqlamalar səsləndirirdi, digər tərəfdən isə ayın 7-də hər iki ölkənin hökumətləri saxlanılan şəxslərin qarşılıqlı şəkildə azad edilməsi ilə bağlı bəyanat verdilər. Üstəlik, Ermənistan COP29-un Bakıda keçirilməsinə öz dəstəyini ifadə etdi. Bu o deməkdir ki, Ermənistan XİN-in bəyanatları ilə reallıqda baş verən hadisələrin arasında sinxronlaşdırma baxımından hansısa uyğunsuzluq var.

- Ermənistanda bəzi bloqerlər Qarabağdakı keçmiş rejimin öz sakinlərinə, yəni ermənilərə qarşı dəhşətli cinayətləri barədə məlumatlar paylaşırlar. Məsələn, Roman Baqdasaryan mütəmadi olaraq bu barədə yazır, yerli iş adamları və hərbçilərə qarşı belə cinayətlərin törədildiyini iddia edir. Erməni generalların sıravi əsgərləri öz evlərində və təsərrüfatlarında qul kimi istifadə etdiklərini bildirir. Sizdə belə faktlar var?

- Şəxsən məndə belə məlumatlar yoxdur, ancaq mən Roman Baqdasaryana inanıram. Qarabağ generallarının kimliyi barədə düşünəndə bu, qeyri-adi təəssürat yaratmamalıdır.

Ermənistanda Xocalı soyqırımı barədə, sadəcə, susmağa üstünlük verirlər

- Rəsmi məlumatlara görə, Birinci Qarabağ müharibəsində dörd minədək Azərbaycan vətəndaşı itkin düşüb. 44 günlük müharibədən sonra bir neçə yerdə kütləvi məzarlıqlar aşkar edilib və orada tapılan qalıqlar identifikasiya olunub. Ancaq bu, ümumi göstərici ilə müqayisədə çox azdır. Necə düşünürsünüz, bu problemi həll etmək mümkün olacaqmı? İtkin düşmüş şəxslər barədə gerçək məlumatları necə əldə etmək olar?

- Mən itkin düşmüş şəxslərin aqibəti ilə bağlı ehtimallarla danışmaq istəməzdim. Ancaq ümid etdiyimi deyə bilərəm ki, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması ağır münaqişənin qaranlıq tərəflərinə işıq salınması üçün səmimi müzakirələrə yol açacaq. Belə qaranlıq tərəflərdən biri, şübhəsiz ki, Xocalı soyqırımıdır. Ümid edirəm ki, onu törədənlər layiq olduqları müvafiq cəzanı alacaqlar. Hələlik isə Ermənistanda Xocalı faciəsi barədə, sadəcə, susmağa üstünlük verirlər.

- Xalqlar və ölkələr arasındakı mümkün sülh barədə təsəvvürləriniz nədən ibarətdir? Sizcə, sülh regiona nə verəcək? Ümumiyyətlə, xalqların sülh şəraitində yaşaması perspektivinə inanırsınızmı?

- Mənim şəxsi təcrübəm deyir ki, xalqlar arasında sülh mümkündür və bu, hətta vacibdir. Ermənistanla Azərbaycan tək regional vəziyyəti dəyişməyə qadir deyillər, ölkələrimiz, həmçinin geosiyasi proseslərə ciddi şəkildə təsir göstərib qlobal ticarət və logistika üçün indiyədək nəzərdən keçirilməyən imkanları aça bilərlər. Bizim bölgəmizin Skandinaviyaya çevrilməsi üçün bütün imkanlar mövcuddur. Fərq yalnız ondadır ki, bizdə Skandinaviyadan daha gözəl olacaq, çünki çimərlik mövsümümüz var.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top