"Bayağı parodiyalar bir təhsil ocağının səhnəsinə yaraşmadı" — Lalə Mehralı

GÜNDƏM 11 mart 2025, 19:41

Bakı Biznes Universitetinin 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən tədbirində çəkilən görüntülər sosial şəbəkələrdə gündəm olub. Tələbələrin özünü Kəmalə Günəşli kimi təqdim edən müğənnini parodiya etməsi birmənalı qarşılanmayıb. Əksəriyyət bu cür bayağı nümunənin ali təhsil ocağına yaraşmadığını bildirib. Bəziləri isə “Əslində, Bakı Biznes Universiteti pul qazanmağın yollarını göstərir” şərhini yazıb. 

Maraqlıdır, təhsil ocağı nə üçün belə bir səhnə təşkil edib?


Bununla bağlı sosioloq Lalə Mehralı Demokrat.az-a açıqlama verib.

O qeyd edib ki, səhnəyə çıxarılmalı olduqca çox parodiya var:

“Ehtimal ki, rəhbərliyin bundan məlumatı olmayıb və tələbələrin düşünməyərək əylənmə üçün belə bir addım atdığını hesab edirəm. Çünki əgər düşünsəydilər, bir təhsil ocağında bu cür parodiyanın yerinin olmadığının fərqinə varmış olardılar. Parodiya odur ki, elit səviyyədə edilsin, yəni əslində insanları düşündürərək güldürsün. Bu cür bayağı parodiyalar bir təhsil ocağının səhnəsinə yaraşmadı, o tələbələrə yaraşmadı, hansı ki orada elm öyrənirlər. Xüsusilə orada başqa bir personaj var idi, erotik geyimdə, əlində telefon guya lentə alır olanları. Həmin personajlar bu gün ad günlərinə, açılışlara çağırılır. Uşaqlara ad günü keçirən valideyinlər o personajları çağırır. Yəni, bu təbii ki, yol verilməz vəziyyətdir”.

Sosioloq diqqətə çatdırıb ki, tələbələr xüsusilə belə vəziyyətlərdə həssas olmalıdırlar:

“Onlar bu xalqın aydınları, gələcəyi olacaq. Əylənəndə də səviyyəli əylənmək lazımdır. Bunu müğənniyə görə demirəm. Bir tələbə üçün o cür əyləncə başa düşülən deyil. Yəni, tələbə daha düşündürən əyləncə tərtib edə bilər. Daha yumoristik, daha səviyyəli bir səhnə olmalı idi”.

 Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top