Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri vəzifəsindən azad edilib və Bakı Dövlət Universitetinin (BDU) rektoru təyin olunub.
Bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncamlar imzalayıb.
Demokrat.az Məleykə Abbaszadənin dosyesini təqdim edir:
M.Abbaszadə 1953-cü ildə Bakıda anadan olub. 1970-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin hesablama riyaziyyatı və kibernetika fakültəsinə daxil olub, 1975-ci ildə həmin universiteti bitirib.
Əmək fəaliyyətinə Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunda baş laborant kimi başlayıb. 1975-1977-ci illərdə Moskvada SSRİ Elmlər Akademiyasının Hesablama Mərkəzində tədqiqatçı-stajor, 1977-1987-ci illərdə isə Bakıda Kibernetika İnstitutunda elmi işçi kimi çalışıb. 1988-ci ildə Kiyevdə dissertasiya müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi alıb.
Sabiq DİM sədri Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanları ilə 1994-cü ilin avqust ayında Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) sədrinin birinci müavini təyin edilib, 1995-ci ilin yanvar-iyun aylarında və 1996-cı ilin iyun ayından 2000-ci ilin oktyabrınadək sədr vəzifəsini müvəqqəti icra edib. 2000-ci ilin oktyabr ayında isə TQDK-nın sədri vəzifəsinə təyin olunub.
O, Bakı Dövlət Universitetinə rektor təyin edilənə qədər Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının və İdarə Heyətinin sədri vəzifələrini icra edib.
Məleykə Abbaszadə 2013-cü ildə təhsilin qiymətləndirilməsində müasir texnologiyaların səmərəli tətbiqinə görə "Şöhrət", 2023-cü ildə isə təhsil sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə "Şərəf" ordeni ilə təltif edilib. (oxu.az)



