Minik avtomobillərinin yerli istehsalının təşviqi ilə bağlı güzəşt tətbiq olunur. Layihəyə əsasən, tam istehsal formasında sənaye yığımının həyata keçirilməsi şərtilə İqtisadiyyat Nazirliyinin təsdiqedici sənədi əsasında hüquqi şəxslər tərəfindən Nazirlər Kabinetinin təsdiq etdiyi siyahı əsasında yığılmamış, komplektləşdirilməmiş və ya sökülmüş minik avtomobillərinin və onların ehtiyat hissələrinin idxalının 2027-ci il yanvarın 1-dən 6 il müddətinə ƏDV-dən azad edilməsi təklif olunur.
Nəqliyyat üzrə mütəxəssis Razil Nağıyev Demokrat.az-a açıqlamasında bildirib ki, minik avtomobillərinin yerli istehsalını təşviq etmək məqsədilə təklif olunan güzəştlər Azərbaycanda avtomobil yığımının və sənaye istehsalının genişlənməsinə şərait yarada bilər:

"Layihəyə əsasən, 2027-ci il yanvarın 1-dən hüquqi şəxslər avtomobilləri tam istehsal formasında yığmaq şərtilə, müəyyən yığılmamış avtomobilləri və onların ehtiyat hissələrini altı il müddətinə ƏDV və gömrük rüsumu ödəmədən idxal edə biləcəklər. Bu güzəştlər yeni istehsal müəssisələrinin yaradılmasına, iş yerlərinin açılmasına və yerli mütəxəssislərin peşə bacarıqlarının artırılmasına kömək edə bilər. Avtomobil yığımı ilə yanaşı, ehtiyat hissələri, logistika və texniki xidmət sahələrində də əlavə fəaliyyət imkanları yarana bilər. İstehsal genişləndikcə yerli şirkətlərin təchizat zəncirinə qoşulmaq və ölkə daxilində daha çox əlavə dəyər yaratmaq imkanları da arta bilər".
Razil Nağıyev əlavə edib ki, alıcılar üçün isə bunun nəticəsi avtomobillərin daha geniş çeşiddə təklif olunması və bazarda rəqabətin güclənməsi ola bilər:
"Bunun üçün istehsalın həqiqətən Azərbaycanda həyata keçirilməsi, müəssisələrin səmərəli fəaliyyət göstərməsi və bazarda real rəqabətin formalaşması vacibdir. Beləliklə, bu qərar yerli avtomobil sənayesinin inkişafına təkan verə bilər. Lakin güzəştlərin real faydası neçə istehsal layihəsinin həyata keçiriləcəyindən, istehsal prosesinin ölkə daxilində nə dərəcədə geniş aparılacağından və yaranacaq rəqabətin avtomobil alıcılarına necə təsir edəcəyindən asılı olacaq".
Yəni dövlət xarici hazır maşınların idxalını deyil, ölkə daxilində avtomobil zavodlarının işləməsini dəstəkləyir. Bu addım yerli yığım avtomobillərin qiymətini xarici rəqibləri ilə müqayisədə daha sərfəli edə bilər.
Qeyd edək ki, bu güzəşt fərdi alıcılara və ya hazır maşın gətirən dilerlərə aid deyil. Azərbaycanda avtomobil yığımı ilə məşğul olan zavodlar və rəsmi hüquqi şəxslər bu imtiyazdan yararlanacaq.



