Cəmiyyətdə formalaşan fikirlərdən biri də çox işləməyin və zəhmət çəkməyin hər zaman yüksək gəlir əldə etməyə zəmanət verməməsidir. Xüsusilə gənclər arasında sərf olunan əmək ilə maddi qazanc arasındakı əlaqəyə inamın azalması diqqət çəkir. Əməkhaqqının yaşayış xərclərinə uyğun artmaması, karyera imkanlarının məhdudluğu və əməyin lazımi səviyyədə qiymətləndirilməməsi bu düşüncəyə təsir edən amillər sırasındadır.
İnsanlar niyə artıq çox çalışmağın daha yaxşı qazanc gətirəcəyinə inanmırlar?
İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev Demokrat.az-a açıqlamasında bildirib ki, hər hansı iş yerində əməkhaqqı işçinin ailə vəziyyətinə və ehtiyaclarının çoxluğuna və ya azlığına görə müəyyən edilmir:

"Əməkhaqqının formalaşmasında ilk növbədə mütəxəssisin bacarıq və qabiliyyəti, işə uyğunluğu, eləcə də müəssisənin həmin iş üçün nə qədər vəsait ayırmaq imkanına malik olması əsas götürülür. Təbii ki, müəssisənin gəlirləri də mühüm rol oynayır. Hazırda elə müəssisələr var ki, işçilərinə daha yüksək əməkhaqqı vermək istəsələr də, gəlirləri aşağı olduğuna görə bunu edə bilmirlər. Hətta işçinin əməyini yüksək qiymətləndirsələr belə, müəssisənin maliyyə imkanları daha aşağı əməkhaqqı təklif etməyə məcbur edir. Digər məsələ isə daha çox işləyərək daha çox qazanc əldə etməkdir".
İqtisadçı bildirib ki, burada əsas məqam məşğul olunan işin nə dərəcədə əhəmiyyətli olması və həmin əməyin bazardakı satış qiymətidir:
"Çünki elə işlər var ki, onların görülməsinə çox vaxt və əmək sərf edilsə də, satış qiyməti aşağı olduğundan yüksək gəlir əldə etmək mümkün olmur. Lakin elə əmək və fəaliyyət sahələri də var ki, nisbətən az əmək sərf etməklə daha yüksək gəlir götürmək mümkündür. Əslində, əmək bazarı da digər bazarlar kimi fəaliyyət göstərir. Məsələn, meyvə bazarında bütün məhsullara eyni qiymət verilmir. Elə nar var ki, kiloqramı 5-10 manata satılır, eləsi də var ki, qiyməti 1 manatdır. Bir manatlıq nara 10-20 manat qiymət qoyulmasını gözləmək nə qədər məntiqsizdirsə, əmək bazarında da bütün əməyin eyni dərəcədə yüksək qiymətləndirilməsini gözləmək doğru deyil. Əmək sahibləri də açıq bazarın iştirakçılarıdır. İnsan özünü, bacarıqlarını və əməyini bazarda elə təqdim etməlidir ki, ona daha yüksək əməkhaqqı təklif olunsun və əməyinə tələbat artsın. Nəticə etibarilə, əməkhaqqı da açıq bazarda tələb və təklif əsasında formalaşır".



