Gürcüstanda keçmiş həyat yoldaşının sifarişli qətlini təşkil etməyə cəhddə ittiham olunan azərbaycanlı siyasətçi Rəfi Orucov barəsində həbs qərarı verilib.
Demokrat.az xəbər verir ki, bu Tbilisi Şəhər Məhkəməsində keçirilən iclasda Orucovun barəsində qətimkan tədbirinin seçilməsi məsələsinə baxılıb. Dövlət ittihamçısı onun həbs edilməsini tələb edib. Müdafiə tərəfi isə 50 min lari girov qarşılığında sərbəst buraxılmasını istəyib. Hakim Mzia Qarsaulişvili prokurorluğun vəsatətini təmin edərək təqsirləndirilən şəxsin həbsinə qərar verib.
Qeyd edək ki, Qardabani Bələdiyyə Məclisinin sədr müavini olmuş Rəfi Orucova Gürcüstan Cinayət Məcəlləsinin 18-109-cu maddəsi ilə ittiham irəli sürülüb. Həmin maddə ailə üzvünün sifarişli qətlinə hazırlığı nəzərdə tutur və 20 ilədək, yaxud ömürlük həbs cəzasını ehtiva edir.
İttiham materiallarına əsasən, Orucov boşandıqdan sonra keçmiş həyat yoldaşı ilə arasında yaranan münaqişə və qısqanclıq səbəbindən onun öldürülməsini planlaşdırıb. Bu məqsədlə tanışlarından birinə müraciət edərək 25 min dollar müqabilində muzdlu qatil tapmasını istəyib.
İstintaqın iddiasına görə, o, cinayətin keçmiş həyat yoldaşının üç azyaşlı övladının yanında olmadığı vaxt törədilməsini planlaşdırıb.
Rəfi Orucovun təqsiri məhkəmədə sübuta yetirilməyib. İş üzrə araşdırma davam edir.



