Özünü psixoterapevt-həkim və elmi-lədun bilicisi kimi təqdim edən, 39 kitabın müəllifi olduğunu bildirən Paşa Yaqubun sosial şəbəkədəki paylaşımı ictimai qınağa səbəb olub.
Demokrat.az Musavat.com-a istinadən xəbər verir ki, o, Bakıda 23 yaşlı gənc rəssam Gülarə Mehdiyevanın qətlə yetirilməsi ilə bağlı yazdığı şərhdə cinayətə haqq qazandıran mövqe sərgiləyib. Paşa Yaqub paylaşımında "Belə qeyrətli cavanlar çoxalsa, bəlkə pozğunluğun qarşısı alınar" ifadəsini işlədib. O, şərh bölməsində Gülarənin qardaşının ondan sosial şəbəkələrdəki şəkillərini silməyi tələb etdiyini, gənc qızın isə bundan imtina etdiyi üçün öldürüldüyünü yazıb.
Bəs bir həkimin qətl hadisəsinə bu cür münasibət bildirməsi nə dərəcədə doğrudur? Cinayəti alqışlamaq, ona haqq qazandırmaq və zorakılığa çağırış etmək qanunla cəzalandırılırmı?
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq müdafiəçisi Çingiz Qənizadə Musavat.com-a açıqlamasında Paşa Yaqubun mövqeyini kəskin tənqid edib. O bildirib ki, heç kimin şəxsi qənaəti və mənəvi dəyərlər barədə təsəvvürü başqa bir insanın öldürülməsinə bəraət qazandıra bilməz.
"Bu həkimin belə çağırış etməsi təbii ki, qınanılmalıdır. Məncə, bu həkimin özü ilə psixoloqlar tərəfindən söhbət aparılmalıdır ki, bu nə çağırışdır? Kimsə qısqanclıq zəminində əlinə bıçaq alaraq başqa bir şəxsi qətlə yetirirsə, buna necə haqq qazandırmaq olar? Ölkəmizdə cəzalandırma funksiyasını məhkəmə həyata keçirir və bu, qanunlarla tənzimlənən bir haldır.Kiminsə hansısa hərəkətdən, digərinin davranışından xoşu gəlmirsə, silaha, bıçağa sarılması və bunu təbliğ etməsi düzgün deyil", – deyə Ç.Qənizadə bildirib.
Hüquq müdafiəçisi hesab edir ki, gənc rəssamın sosial şəbəkədə şəkillərini paylaşmasına görə öldürülməsi heç bir halda qəbul edilə bilməz. Onun sözlərinə görə, özünü həkim kimi təqdim edən bir şəxsin belə bir hadisəyə müsbət yanaşması da ciddi şəkildə qınanmalıdır. "Bu gənc rəssam qızın qardaşı tərəfindən öldürülməsi, sadəcə şəkillərinin paylaşılmasına görə qətlə yetirilməsi başa düşülən deyil. Həkimin də buna müsbət çağırış etməsi, müsbət yanaşması qınanılmalıdır", – deyə hüquq müdafiəçisi vurğulayıb.

Ç.Qənizadə müsahibəsində sosial şəbəkələrdəki paylaşımlar və cəmiyyətdə milli-mənəvi dəyərlərin qorunması məsələsinə də toxunub. O, xüsusilə qadınların sosial şəbəkələrdəki bəzi paylaşımlarını, TikTok platformasında yayılan rəqsləri və davranışları tənqid edib. Bununla yanaşı, belə hallara qarşı mübarizənin hansı formada aparılmalı olduğu barədə fikirlərini bölüşüb."Bəli, ölkəmizdə saysız-hesabsız sosial şəbəkələr üzərindən, xüsusilə qızların, qadınların açıq-saçıq paylaşımları var. TikTok vasitəsilə rəqslər, hərəkətlər, cəmiyyətə hörmətsiz yanaşma, milli dəyərlərdən uzaq davranışlar və geyimlər təbliğ olunur. Bunlar yol verilməzdir. Bəzən fikirləşirəm ki, bəlkə ölkəmizdə əxlaq polisinin yaradılmasına ehtiyac var. Çünki son dövrlərdə cəmiyyətdə belə halların sayı çoxalmaqdadır", – deyə o bildirib.
Hüquq müdafiəçisi əlavə edib ki, sosial şəbəkələrdəki bu cür paylaşımların qarşısının alınması üçün hazırda polis orqanları da tədbirlər görür. Lakin onun fikrincə, polisin üzərinə düşən vəzifələr çox olduğundan ayrıca mexanizmin yaradılması məsələsi müzakirə oluna bilər.
Ç.Qənizadə, eyni zamanda, Gülarə Mehdiyevanın sosial şəbəkə hesablarına baxdığını və onun paylaşımlarında iddia edildiyi kimi, dəyərlərdən kənar məzmun görmədiyini söyləyib."Amma bu xanımın paylaşımlarına mən indi sosial şəbəkə üzərindən baxdım və görürəm ki, o qədər də dəyərlərdən kənar paylaşımları yoxdur. İndi paylaşım varsa, şərh də var. Şərhə münasibətə görə gəlib 23 yaşlı bir gənc xanımı öldürmək təbii ki, cinayətdir və qanunla şəxsin hərəkəti də cəzalandırılacaqdır", – deyə müsahibimiz qeyd edib.

Qətli alqışlamaq və zorakılığa çağırış etmək cinayət sayılırmı?
Məsələnin hüquqi tərəfinə gəlincə, Azərbaycan qanunvericiliyində cinayət törədilməsinə təhrikçiliklə artıq baş vermiş cinayətə sonradan haqq qazandırmaq arasında fərq var. Cinayət Məcəlləsinin 32.4-cü maddəsinə əsasən, başqa şəxsi cinayət törətməyə sövq edən şəxs cinayətin təhrikçisi hesab olunur. Belə hallarda məsuliyyət şəxsin cinayətdə iştirakının xarakterindən asılı olaraq müəyyən edilir. Bununla belə, hər hansı cinayəti sosial şəbəkədə bəyənmək, alqışlamaq və ya mənəvi baxımdan müdafiə etmək avtomatik olaraq cinayət məsuliyyəti yaratmır. Hüquqi qiymətləndirmə zamanı paylaşımın məzmunu, məqsədi, konteksti və konkret cinayət tərkibinin əlamətlərinin olub-olmaması araşdırılmalıdır. Zorakılığa real çağırış və cinayət törətməyə təhrikçilik isə hüquqi məsuliyyət məsələsini gündəmə gətirə bilər.
Ç.Qənizadə də Paşa Yaqubun paylaşımına görə birbaşa cinayət məsuliyyətinə cəlb olunmasını mümkün hesab etmədiyini bildirib. Onun fikrincə, bu halda əsas məsələ ictimai qınaq və həkimlə profilaktik söhbətin aparılmasıdır." Belə hesab edirəm ki, həkimlə hüquq-mühafizə orqanları tərəfindən söhbət aparılıb, ona xəbərdarlıq edilməlidir", – deyə hüquq müdafiəçisi fikrini tamamlayıb.
Qeyd edək ki, noyabrın 16-da Bakının Binəqədi rayonunda 23 yaşlı rəssam Gülarə Mehdiyeva qətlə yetirilib. Hadisəni törətməkdə şübhəli bilinən onun 2008-ci il təvəllüdlü ögey qardaşı saxlanılıb. İlkin məlumatlara görə, hadisə qısqanclıq zəminində baş verib. Gənc qadın aldığı bıçaq xəsarətləri nəticəsində xəstəxanada vəfat edib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma davam etdirilir.



