Azərbaycanda sosial müdafiə sistemi aztəminatlı ailələrə müxtəlif formalarda dəstək göstərsə də, bəzi hallarda gözlənilməz hadisələr nəticəsində ağır maddi vəziyyətə düşən ailələr mövcud yardım mexanizmlərindən yararlana bilmirlər. Xüsusilə ağır xəstəlik, yanğın, ailə başçısının vəfatı və qəfil gəlir itkisi kimi hallar ailələrin maddi vəziyyətini qısa müddətdə dəyişə bilir.
Bəs ayrıca Fövqəladə Sosial Dəstək Fondunun yaradılması nə dərəcədə zəruridir? Mövcud sosial müdafiə sistemi hansı boşluqları aradan qaldırmalıdır?
Demokrat.az-a mövzu ilə bağlı açıqlama verən iqtisadçı Eyyub Kərimli bildirib ki, belə bir fondun yaradılmasına ehtiyac yoxdur.

Onun sözlərinə görə, belə hallarda istifadə oluna biləcək kifayət qədər maliyyə mexanizmləri artıq mövcuddur:
"Prezidentin ehtiyat fondu var, eyni zamanda fövqəladə hallarla bağlı xərclər də dövlət büdcəsində nəzərdə tutulur. Ona görə də əlavə bir fondun yaradılmasını məqsədəuyğun hesab etmirəm. Sosial müavinətlərin təyinatında şəffaflığa gəlincə, bu sahədə müəyyən dəyişikliklərə ehtiyac var. Mövcud qaydalar təkmilləşdirilməli, sosial yardımların ünvanlılığı daha düzgün təmin olunmalı və əhatə dairəsi genişləndirilməlidir. Bəzi hallarda rəsmiləşdirmə prosesində yaranan çətinliklər səbəbindən həqiqətən ehtiyacı olan ailələr bu yardımlardan kənarda qalır. Bu problem xüsusilə regionlarda özünü göstərir.
Düşünürəm ki, sistemin daha şəffaf işləməsi üçün ictimai nəzarət də gücləndirilməlidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında İctimai Şura fəaliyyət göstərir. Ancaq onun bu istiqamətdə imkanları daha da genişləndirilməlidir. İctimai Şuranın proseslərdə iştirakının artırılması sosial yardımların daha ədalətli və düzgün bölüşdürülməsinə müsbət təsir göstərə bilər. Eyni zamanda, sosial müavinətlərə ayrılan vəsaitin artırılması da vacibdir. Bu, həmin yardımlardan yararlana biləcək ailələrin sayının çoxalmasına imkan verər. Əsas məsələ həm ayrılan vəsaitin artırılması, həm də onun həqiqətən ehtiyacı olan ailələrə çatdırılmasıdır".
Xatırladaq ki, ötən gün deputat Razi Nurullayev dövlətin sosial müdafiə sistemindən yararlana bilməyən, lakin ağır maddi vəziyyətlə üzləşən ailələr üçün ayrıca Fövqəladə Sosial Dəstək Fondunun yaradılmasını təklif edib. O, Milli Məclisdə Dövlət Sosial Müdafiə Fondunun 2027-ci il büdcəsinin müzakirəsi zamanı bildirib ki, ağır xəstəlik, qəza, yanğın, ailə başçısının vəfatı və qəfil gəlir itkisi kimi hallarda ailələrə operativ maliyyə yardımı göstərilməlidir.



