Təhsil, karyera, daha yaxşı yaşayış şəraiti və digər səbəblərdən xarici ölkələrə köçmək istəyənlərin sayı artır. Lakin başqa ölkədə yaşamaq qərarı vermək yalnız bilet almaq və yaşayış yeri tapmaqla məhdudlaşmır. Köç prosesi zamanı viza və yaşayış icazəsi, sənədlərin hazırlanması, qeydiyyat, maliyyə təminatı və digər hüquqi məsələlər nəzərə alınmalıdır.
Azərbaycandan xaricə köçmək istəyən şəxsləri hansı prosedurlar gözləyir və əvvəlcədən hansı məsələləri həll etmək vacibdir?
Turizm eksperti Ceyhun Aşurov Demokrat.az-a açıqlamasında bildirib ki, ölkədən xaricə köçmək sadəcə viza almaq, təyyarə bileti əldə etmək və hər hansı xarici ölkəyə getmək demək deyil:

"Bu, kifayət qədər mürəkkəb proses və ciddi həyati qərardır. Əlbəttə, hər zaman tövsiyə olunur ki, ölkədən xaricə köçmək istəyənlər bu prosesi mütləq qanuni yollarla həyata keçirsinlər. Çünki filmlərdə göstərildiyi və ya kimlərinsə danışdığı hekayələrdə təsvir olunduğu kimi, hər şey rəvan, rahat və cəlbedici olmur. Xaricə gedənlərin əksəriyyəti təhsil məqsədilə və ya hər hansı iş təklifi əsasında, ciddi qurumların dəvəti ilə ölkəni tərk edirlər. Belə hallarda xaricə köçən şəxsin müəyyən təminatçısı olur. Yaşayış, iş və maddi təminat baxımından müəyyən dəstəklər nəzərdə tutulur".
Ekspert əlavə edib ki, xaricə köçmək qərarı verərkən bütün bu məsələlər mütləq nəzərə alınmalıdır:
"Sadəcə xaricdə hər şeyin yaxşı olduğunu düşünərək köçmək qərarı vermək düzgün deyil. Reallıq ondan ibarətdir ki, bu, heç də asan proses deyil. Əslində, olduqca ciddi, bəzən uzun müddət davam edən və yorucu bir prosesdir. Köç zamanı keçiləcək mərhələləri əvvəlcədən ciddi şəkildə nəzərdən keçirmək lazımdır. Bəlkə də bu prosesin ən asan hissəsi bilet alaraq xaricə getməkdir. Digər məsələlər isə bundan sonra başlayır".



