YapiKredi Müraciət Forması
Mazda CX-5
Avto Özəl

Qışda maşın sürmək niyə baha başa gəlir?

Qışda maşın sürmək niyə baha başa gəlir?

Havaların soyuması avtomobillərin istismarına bir sıra mənfi təsirlər göstərir. Xüsusilə qış aylarında sürücülər yanacaq sərfiyyatının artması, mühərrikin gec isinməsi və akkumulyatorun gücünün azalması kimi problemlərlə daha çox qarşılaşırlar. Aşağı temperatur avtomobilin texniki sistemlərinin işinə təsir etməklə yanaşı, batareyaların enerji saxlama və ötürmə qabiliyyətini də zəiflədir.

Bəs bu benzin sərfiyyatına niyə mənfi təsir edir? Soyuq havalarda batareyaların gücünün azalması və mənzil göstəricilərinin kəskin aşağı düşməsi nə ilə bağlıdır?

Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Raqif Raufoğlu bildirib ki, hava soyuq olduğuna görə avtomobil daha çox güc sərf etməli olur.

Qışda maşın sürmək niyə baha başa gəlir?

Onun sözlərinə görə, avtomobillərdə işçi temperatur deyilən bir anlayış var:

"Məsələn, mühərrikin temperaturunun 90 dərəcəyə çatması tələb olunur. Bəzi avtomobillərdə bu göstərici artıq 100 dərəcə olur. Xüsusilə mühərrik işçi temperatura çatanda bunu daha aydın görürük. Eyni vəziyyət batareyalarda da müşahidə olunur. Avtomobilin normal işləməsi üçün batareyanın lazımi temperatura çatması tələb olunur və bu proses daha çox enerji sərfiyyatına səbəb olur. Yəni avtomobil elektriklə işləyirsə, daha çox enerji, yanacaqla işləyirsə, daha çox yanacaq sərf edir. Bu vəziyyəti daxili yanma mühərriklərində, xüsusilə benzin mühərrikli avtomobillərdə daha rahat hiss edirik. Dizel mühərrikləri isə daha gec qızır. Tutaq ki, avtomobili saxlayırıq, bir saatlıq işimiz olur, maşından düşüb gedirik.

Geri qayıdanda görürük ki, mühərrikin temperaturu yenidən sıfıra enib. Avtomobili işə saldıqda mühərrik yenidən 90 dərəcəyə çatana qədər daha çox yanacaq sərf edir. Çünki həmin müddətdə mühərrik zəngin yanacaq qarışığı rejimində işləyir. Sistem mühərrikin lazımi temperatura daha tez çatması üçün daha çox yanacaq ötürür. Yay aylarında avtomobillə gedib bir saatlıq fasilədən sonra geri qayıdanda görürük ki, mühərrik hələ soyumayıb. Çünki hava istidir və avtomobilin yenidən işə düşməsi üçün əlavə yanacaq sərfiyyatına o qədər də ehtiyac qalmır. Hər bir avtomobildə temperatur sensoru var. Bu sensor ətraf mühitin temperaturu ilə bağlı avtomobilin idarəetmə blokuna məlumat ötürür. Sistem də həmin məlumatlara uyğun olaraq hava və yanacaq qarışığını tənzimləyir. Yəni havanın miqdarına uyğun nə qədər yanacaq verilməli olduğunu müəyyənləşdirir. Bu artıq mühəndislik məsələsidir. Sensorlardan alınan məlumat əsasında avtomobil daha çox yanacaq ötürməyə başlayır və mühərrik daha çox güc tələb edir. Bu baxımdan da yanacaq sərfiyyatı artır".