20 Yanvar faciəsinə gedən yol — VİDEO

GÜNDƏM 20 yanvar 2025, 21:47
1990-cı il yanvarın 19-u "qanlı şənbə gecəsi"nə saatlar qalmışdı. Azadlıq səsləri ucalır.

İmperiya rəhbərliyi isə məkrli planlar hazırlayırdı. Qarabağda ermənilərin törətdiyi cinayətlərə, günahsız insanların qətlinə son verilməsi tələbi ilə 1990-cı il yanvarın 16-da Bakıda və bir sıra rayonlarda aksiyalar keçirilirdi.

Qarabağda artmaqda olan gərginliyin qarşısını almaq əvəzinə Sovet rəhbərliyi Azərbaycan xalqına qarşı dəhşətli cinayət törətdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Mixail Qorbaçovun birbaşa əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna daxil oldu. İnsanların meydanlarda mübarizə apardığı bir vaxtda o dövrün rəhbərliyi sakinlərə cavab vermək əvəzinə bağlı qapılar arxasında otururdu.

Məqsəd etirazçıları susdurmaq, lazım olduqda əzmək idi. O gecənin qanla bitəcəyini heç kəs ağlına belə gətirmirdi, ta ki, Sovet tankları onların üzərindən keçdiyi ana, Sovet əsgərinin gülləsinə tuş gələnə qədər. Sovet qoşunları məhz SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Mixail Qorbaçovun rəhbərliyi, Vladimir Kryuçkov, Viktor Karpuxin, Yevgeni Primakov, Andrey Girenko, Vladimir Lyaşenko, Dmitri Yazov, Vadim Bakatin və Aleksandr Lebedin təşkilatçılığı ilə Bakıya yeridilib.

SSRİ rəhbəri Mixail Qorbaçovun əmri ilə Sovet ordusunun həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixinə qara hərflərlə yazılıb. 20 Yanvar hadisələri zamanı gözünü də qırpmadan Sovet tanklarının qarşısına öz bədənləri ilə sipər çəkən xalqımız bütün dünyaya nümayiş etdirdi ki, öz haqlarının qorunması, azadlıqlarının təmin olunması üçün nəinki meydanlara çıxmağa, hətta bu məqsəd üçün həyatından da keçməyə hazırdır.

Həmin gün küçələrə axışan insanlar göstərdilər ki, onların qətiyyəti böyük imperiyanın tanklarından da güclüdür. Azərbaycan xalqının 35 il öncə başladığı azadlıq mübarizəsi həm də 2020-ci il İkinci Qarabağ savaşında 44 gün ərzində dədə-baba torpaqlarının azad edilməsini təmin edib.

Ətraflı Baku TV-nin süjetində:

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 yanvar 2025, 23:32
Top