OCCPR ilə bağlı xarici araşdırma Xədicə İsmayılı çətin vəziyyətə saldı — Suallara cavab verə bilmədi…

TƏHLİL 04 dekabr 2024, 09:19
OCCPR-nin (Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsi) ABŞ-a bağlı olduğu, “jurnalistika” adı altında ölkələrin daxili işlərinə qarışmaq və təzyiq etmək üçün istifadə edildiyi bəlli idi. Xarici mediada yayımlanan araşdırmalarda bu fakt çılpaqlığı ilə ortaya çıxdı. 

“Dropsitenews.com” resursunda “Jurnalistika nəhəngi büdcəsinin yarısını ABŞ hökumətindən alır” başlıqlı məqalə dərc olunub. Ryan Grim, Ştefan Candea və Nikolas Leontopoulosun müllifi olduğu məqalədə OCCPR-nin mənsubluğu, maliyyə mənbələri, əsl məqsəd və məramını ifşa edilir. 

Fransanın “Mediapart” onlayn nəşri də OCCPR haqqında analoji məlumatlar yayıb.

Nəşr yazır ki, araşdırma Almaniyanın NDR ictimai telekanalı tərəfindən aparılıb. Araşdırmada “Mediapart”, Drop Site News, l Fatto Quotidiano, Reporters United kimi media qurumları da iştirak ediblər. Lakin OCCPR araşdırmanı yayımlamaması üçün NDR-ə təzyiq edib. NDR araşdırmanı yayımlamaqdan çəkinsə də, tərəfdaşlar onun bir hissəsini dərc ediblər.

“Dropsitenews.com” araşdırmasına görə, illik 20 milyon avro büdcəyə malik və 200 əməkdaş çalışdıran OCCRP beynəlxalq layihədir. 2008-ci ildə kiçik bir media qrupu kimi fəaliyyətə başlayanda sərəncamında Dövlət Departamentinin Beynəlxalq Narkotik və Hüquq Mühafizə Məsələləri Bürosunun (İNL) verdiyi 1 milyon dollar vəsait olub. Bu vəsait də Delaverdə yerləşən “Jurnalistikanın İnkişafı Şəbəkəsi”nə (Journalism Development Group, LLC) verilib və bundan sonra OCCRP həyata vəsiqə qazanıb.

Qurulduğu dövrdən indiyə kimi OCCRP ABŞ hökumətindən 47 milyon dollar vəsait alıb. Əlavə olaraq 1.1 milyon dollar Avropa  İttifaqından və 14 milyon dollar da Avropa ölkələrindən alan təşkilatın büdcəsinin 52 faizi ABŞ hesabına formalaşıb. 

Maraqlıdır, OCCRP-nin ABŞ hökuməti ilə əlaqələri o qədər sıxdır ki, hətta USAİD-in ermənipərəst rəhbəri Samanta Pauer onu “tərəfdaş qurum” adlandırır. 

“Dropsitenews.com” və “Mediapart”ın məqalələrinin təhlili təsdiq edir ki, OCCPR ABŞ tərəfindən rəqiblərinə qarşı silah kimi istifadə edilən təşkilatdır. O cümlədən, ABŞ-ın maraqlarına uyğun olmayan siyasi xətt izləyən ölkələrin mərkəzi hakimiyyətləri bu təşkilat tərəfindən hədəf olaraq seçilir. 

OCCPR-nin araşdırmalarında əsas diqqətçəkən məqam “dərin məlumatlara” çıxış imkanlarının olmasıdır. Aydındır ki, bu məlumatlar ABŞ kəşfiyyatı tərəfindən ötürülür və təşkilar “jurnalist araşdırması” adı altında həmin məlumatları tirajlayaraq, Vaşinqtonun xarici siyasətində təsir rıçağı olaraq istifadə etməsinə imkan yaradır. OCCPR-nin Cənubi Qafqazda əsas hədəf seçdiyi ölkə Azərbaycandır və zaman-zaman bu prosesdə erməni maraqlarının müdafiəsi xüsusi xətlə seçilib. 

Bu araşdırmalar təsdiq edir ki, OCCPR-nin Azərbaycanla bağlı apardığı “araşdırmalar” yalan məlumatlara əsaslanıb və şantaj məqsədi daşıyıb. Hədəf Azərbaycana təzyiq etmək və ABŞ-ın maraqlarının təmin edilməsinə nail olmaq olub. 

OCCPR-nin Azərbaycanla bağlı araşdırmalarının altındakı əsas imza Xədicə İsmayıl olub. “Dropsitenews.com” və “Mediapart” araşdırmaları ilə bağlı Xədicə İsmayıla sual ünvanladıq. Bu faktlardan sonra özünü “müstəqil jurnalist” hesab edən X.İsmayıl etiraf etməsə belə, gerçəkləri qəbul etməsi gözlənilən idi. Lakin o, heç bir tutarlı əsas gətirmədi. Ümumi sözlərlə özünü müdafiə etməyə çalışdı. 

“Jurnalistin işi korrupsiyanı araşdırmaqdır” deyən Xədicə İsmayılın göründüyü kimi, “müstəqil jurnalistika” haqda təsəvvürü belədir. Çünki ABŞ-a bağlı olan OCCPR-nin araşdırmalarını “müstəqil jurnalist” kimi yox, sifarişin icra edilməsi olaraq hazırlayıb, bir çox araşdırma isə sadəcə onun imzası verilib. 

Göründüyü kimi, ABŞ-dan aldığı pul və sifarişlə OCCPR-nin yazılarına imza qoymaq Xədicə İsmayıl üçün “müstəqil jurnalistika”dır.


Vaqif Hüseynli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
04 dekabr 2024, 22:37
Top