Azad olunmuş ərazilərdə yaşayanların məşğulluğu üçün yeni imkan — AÇIQLAMA

GÜNDƏM 29 noyabr 2024, 12:38
Prezident İlham Əliyev “Torpaq icarəsi haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib. Yenilənmiş qanuna əsasən, işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqlar sahibkarlıq subyektlərinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada investisiya müsabiqələri vasitəsilə icarəyə veriləcək. Həmin ərazilərdə əhalinin məskunlaşdığı kənd və qəsəbə ərazi vahidlərinin sərhədləri daxilində yaşayış məntəqələrinə yaxın kənd təsərrüfatı təyinatlı torpaqlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada kənd və qəsəbə sakinlərinə (birillik və çoxillik əkinlərin aparılması üçün) güzəştli şərtlərlə icarəyə veriləcək.

İqtisadçı Rəşad Həsənov Demokrat.az-a açıqlamasında deyib ki, bu dəyişiklik regionda məşğulluğa müəyyən dərəcədə imkanlar yaradacaq:

“Çünki faktiki olaraq həmin ərazilərin əmək bazarının formalaşmasında aqrar sektorun payı əvvəlcədən yüksək qiymətləndirilib. Və belə bir şəraitdə aqrofəaliyyətlərin qısa zaman ərzində formalaşması üçün hüquqi zəminə ehtiyac var. Torpaqlardan necə istifadə olunması, əmlak hüquqlarının təsbit edilməsi və torpaq bölgüsünün aparılması məsələsi, hansı ki, bu məsələ hələ tam aydın deyil, bütün bu məsələlər qanunla müəyyən olunmalıdır. Belə bir şəraitdə müvəqqəti dövr ərzində də olsa, ərazilərin sakinlərin istifadəsinə verilməsi onların məşğulluğunu təmin edə bilər və ailə büdcələrinin formalaşmasına, rifahlarının yaxşılaşmasında rol oynaya bilər. Kənd sakinləri birliklər yaradaraq bu prosesdə iştirak edə bilərlər resursları səfərbər etmək şərtilə. Bu, həmin ərazilərdə kənd təsərrüfatının inkişafı, ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından, digər tərəfdən də məşğulluq, sosial rifah baxımından qiymətləndirildikdə müəyyən üstünlüklər formalaşdıracaq”. 

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 dekabr 2024, 23:15
Top