"Sahibsiz itlərə qarşı bir neçə qurum birlikdə işləməlidir" — AÇIQLAMA

GÜNDƏM 24 oktyabr 2024, 19:02
Paytaxtın demək olar hər küçəsində sahibsiz itlərlə rastlaşa bilirik. İnsanların çox olduğu yerlərdə problem yaratmasalar da təklikdə hücum etmək riskləri olduqca yüksəkdir. Bir neçə qurum məsələ ilə məşğul olsa da, həllini tapmır. Təhlükəsizlik esperti Elmar Nureliyev Demokrat.az-a açıqlama verib: 

"Sahibsiz itlərlə bağlı ciddi tədbir görülməlidir. Söhbət tək bir qurumdan getmir. Bələdiyyələr, yerli icra nümayəndələri, baytarlıq xidməti müştərək iş görərək sahibsiz itlər problemini həll edə bilər. Sahibsiz itlər baxımından həm şəhərin mərkəzində, həm də şəhərdən kənarda vəziyyətin acınacaqlı olduğu yerlər var. Günorta vaxtı itlər sürü halında insanlara, azyaşlılara hücum edir. Bu kimi hallar valideynləri narahat edir. Azyaşlıları ümumiyyətlə bayırda nəzarətsiz qoymaq olmaz. Onlar da bəzən bayırda olduqda özlərini olduqca təhlükədə hiss edirlər. Söhbət itlərin qeydiyyata alınması, quduzluğa qarşı vaksinasiya olunmasından gedir. 

Ekspert bildirib ki, itlər elə yerlərdə saxlanmalıdır ki, insanlarla təmas minimuma endirilmiş olsun:

"Şəhərin mərkəzində quduz itlərin sürü halında olması olması təhlükə ilə bərabər narahatlıq yaradır. Bir neçə qurumun eyni vaxtda fəaliyyət göstərməsi problemi aradan qaldıracaq. Xarici təcrübəyə baxsaq, görərik ki, sahibsiz heyvanlar qeydiyyata alınır, vaksinasiya olunur. Bu tədbirlərdən sonra insan həyatı üçün təhlükə kəsb etmirlər. Digər tərəfdən insanlar da sahibsiz itlərə qarşı rəhmsiz olmamalıdır. Onları daşlamaq, vurmaq, öldürmək istəmək onlarda insanlara qarşı aqressiya yaradır. Yaralanan heyvanlar daha sonra oradan keçən başqa insanlara hücum edir. Bu kimi hallar müşahidə olunduqda vətəndaşlar yerli icra nümayəndəliyinə müraciət etməlidir. Vəziyyət qiymətləndirilib digər qurumlarla iş aparılmalıdır"

Ekspert sonda əlavə edib ki, əlbəttə, sahibsiz heyvanları yoxa çıxarmaq, ancaq qapalı məkanda saxlamaq mümkün olmayacaq. Bu, doğru yanaşma deyil. Belə bir şey dünyanın heç bir yerində yoxdur. Ancaq, hansı yerlərdə ki, təhlükə yüksəkdir- bağçada,  məktəb ərazisində, insanların kütləvi istifadə etdiyi yollarda tədbirlər mütləq görülməlidir.

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top